Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda, xüsusilə bölgələrdə bədən üzvlərində yaranan problemə, sınıq və çıxıq probleminə görə sınıqçıya üz tutanlar az deyil. Sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib. Nəticədə 2 yaşlı N.Qubadlı ölüb.
Uşağın atasının sözlərinə görə, Nəzrin axsadığına görə sınıq və ya çıxığın olduğunu düşünüb xəstəxanaya aparıblar:
“Rentgen müayinəsindən sonra bildirildi ki, belə bir problem yoxdur, damar dolaşması uşaqda narahatlıq yaradar. Bundan sonra masaja görə Nərgiz İmanovanın yanına apardım və o, uşağı sağaldacağını boynuna götürdü. İkinci gün masaj zamanı uşaq ağrıdan şok keçirərək öldü”.
Azyaşlının babası Mirkərim Qubadov isə uşağın çarmıxa çəkildiyini iddia edib: “Birinci seansdan sonra səhərə qədər yatmayan uşağı ikinci dəfə sınıqçıya aparıblar. Uşaq məhz çarmıxa çəkildiyi üçün dayanmadan ağlayıb. Bu, masaj deyil, kiminsə sözünə uyub apardılar onun yanına”.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.
Xalq təbabətində sınıqçılıq xüsusilə məşhurdur. Ümumiyyətlə, cərrahlıq meydana gələnə qədər insanlar yalnız sınıqçılara müraciət ediblər. Hətta yaxşı sınıqçı üçün bir rayondan digərinə gedərdilər. Sınıqçı hərəkətin, sümüyün tamlığının pozulması, şişkinlik və ya hərəkət zamanı sümükdən hər hansı səsin gəlməsini düzəldir. Öncə zədə müəyyən olunur, sonra yumşaldıcı vasitələrdən istifadə edilir. Çünki sınıq zamanı sümüklər yerini dəyişə bilir və bu da əzələlərin yığılmasına səbəb olur. Daha sonra sümükləri yerinə oturtduqdan sonra yumurtadan, xəmirdən və başqa bərkidici məhsullardan istifadə edərək həmin nahiyədə hərəkətsizlik yaradılır ki, hərəkətsizlik nəticəsində sınıq yeri rahat sağala bilsin. Ekspertlər qeyd edir ki, məhz bunları yaxşı bildikləri üçün sümükləri düzgün müalicə edə bilir və beləliklə də insanların etibarını qazana bilirlər. Lakin son hadisədən də göründüyü kimi, bir çox hallarda sınıqçının səhvi ciddi fəsadlara yol aça bilir və hətta faciə ilə nəticələnir.
Bəs insanlar tibb elminin inkişaf etdiyi dövrdə niyə sınıqçılara, türkəçarəyə üz tutmağı seçir? Sınıqçı, çöpçü kimi tanınan şəxslərə nə dərəcədə etibar etmək olar? Ümumiyyətlə, tibdə bunun bir təsdiqi varmı?
Qeyd etmək yerinə düşər ki, illərdir ki, ölkəmizdə sınıqçılara, çöpçülərə, “ara həkim”lərinə müraciət etmək ənənəsi var. İnsanlar problemlərinin həllini diplomlu, peşəkar həkimlərdə deyil, “ara həkim”lərində görürlər. Həkimlər isə bildirirlər ki, müraciətlər əsasən ara həkimlərinin müalicəsindən sonra yaranan problemlərlə əlaqəli olur. Həmin ara həkimlərinin törətdiyi fəsadları sonradan çətinliklə aradan qaldıra bilirlər. Onu da nəzərə çatdıraq ki, internetdə axtarış verdiyimiz zaman da xeyli sayda sınıqçı xidməti ilə bağlı elanları görmək olur. Bəs bununla necə mübarizə aparmalı?
Adil Qeybulla
Tanınmış həkim, tibb üzrə elmlər doktoru Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, bu məsələlərin əsasında cahillik dayanır: “Burada insanların özlərində də günah az deyil. Təbii ki, bəzən səhiyyə işinin təşkilində də problemlər var. Məsələ burasındadır ki, bu gün rayon ambulatoriyalarında həkimlər maaşa görə çalışmaq istəmir. Burada həkimləri saxlamaq üçün fərqli güzəştlər lazımdır. Stimulyasiya elementləri olmalıdır ki, onlar orada maraqlı olsunlar. Onların yaxşı maaşları olmalıdır, yaxşı gələcək pensiya təminatı olmalıdır ki həkim olsun. İkinci tərəfdən də həkim olmayan təqdirdə bu cür vasitəçilər, həkimlər gündəmə gəlir. Məsələ burasındadır ki, bu uşağın diaqnozu heç qoyulmayıb. Damar dolaşması tam mənasız ifadədir. Bunların heç bir tibbi izahı yoxdur. Burada nə baş verib, travma alıbmı, yaxud haradasa bir bağmı qırılıb, onun sümük boynundamı problem olub, bunu birmənalı demək çətindir. Məhkəmə tibbi ekspertizasının rəyi olmalıdır. Bundan sonra fikir bildirmək olar. İkinci tərəfdən, bunun ikinci yolu odur ki, lisenziyası əlində olmayan şəxs tibbi fəaliyyətlə məşğul ola bilməz, vəssalam”.
Vaqif Qarayev
Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı sərt cavab verib: “Sınıqçı, falçı, çöpçü, cinçıxaran, dua yazan molla və bu peşə sahiblərinə tələb hələ də çoxdur. Hələ müxtəlif pirlər də var. Bəziləri deyəcək ki, uşağım çöpçünün hesabına yaşayır. Amma 21-ci əsrin 24-cü ilində bunlara inanmaq çox pisdir.
Əgər iki yaşlı uşağın yerişindəki problem əvvəldən ortaya çıxıbsa, onu masaja, sınıqçıya aparmaq absurddur. Bu gün biz nəyə görə falçıya, çöpçüyə, sınıqçıya möhtac qalmışıq?! Hərəsi bir söz deyir, atası, babası fərqli fikirlər bildirirlər. Körpə bir uşağı çarmıxa çəkmək nə deməkdir?! Bir valideyn, həkim kimi adam lap məəttəl qalır. Ümumiyyətlə, hər kəsə masaj etmək həvalə edilə bilməz. Bunu peşəkarlar etməlidir. Bunu da həkim müayinələrdən sonra təyin etməlidir, daha ara həkimi, sınıqçı yox. Hər ay həkim uşağın fiziki və psixi inkişafını dəyərləndirməlidir. Məsələn, 1 yaşlı uşaq gəzmirsə, ayağa durmursa, deməli, problem var. Həkim axtarıb səbəbini tapmalıdır. Masaj son yanaşmadır. Əgər dərman müalicəsinə ehtiyac yoxdursa, masajla problem həll olunacaqsa, o zaman həkim masaj təyin edə bilər. Uşağın yerişində problem nə zamandan yaranıb? Rentgenə kim göndərib? Sınıqçıya kim yönəldib? Bu sualların cavabı verilməlidir. Çarmıx məsələsi isə məni lap dəli etdi".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ