Onlayn ictimai-siyasi qəzet
“2016-cı ildə Nazirlər Kabineti tərəfindən yay və qış vaxtına keçidin ləğv edilməsi qərarı müxtəlif sahələrdə, o cümlədən təhsil və ictimai səhiyyə sahələrində bir sıra mənfi təsirlər yaradır. Xüsusilə, 1.6 milyon məktəb şagirdinin qış aylarında erkən saatlarda, hava işıqlanmadan evdən çıxması ciddi problemlərə səbəb olur”.
Musavat.com bildirir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə yazıb.
Ekspert Azərbaycanda saatların qış və yay vaxtına keçidinin yenidən tətbiq olunmasının vacib olduğunu bildirib:
“Uşaqların yuxu rejimi və psixoloji sağlamlığı üzərindəki mənfi təsirləri bu qərarın yenidən nəzərdən keçirilməsini zəruri edir.
Yuxunun insan inkişafı və sağlamlığı üçün böyük əhəmiyyət kəsb etdiyi məlumdur. Xüsusilə, məktəbəqədər və məktəb yaşlı uşaqların inkişafı üçün səhər yuxusu kritikdir.
Tədqiqatlar göstərir ki, erkən yaşlarda keyfiyyətli yuxu almaq uşaqların kognitiv inkişafı və diqqət toplamaq qabiliyyəti üçün vacibdir.
Qış aylarında saatların geri çəkilməməsi səbəbindən günün işıqlı saatları ilə insanların fəaliyyət vaxtları arasında uyğunluq pozulur. Bu, yalnız uşaqların yuxu rejimi ilə bağlı problemlərə deyil, həm də sosial adaptasiyaya və məhsuldarlığa mənfi təsir göstərə bilər. İnsan bioloji saatı təbii gün işığı ilə sinxronlaşmışdır və bu balansın pozulması nəticəsində bioloji ritmlərdə dəyişikliklər baş verir.
Müxtəlif ölkələrdə aparılan tədqiqatlar, xüsusilə də Skandinaviya ölkələrində, göstərir ki, qış aylarında qaranlıq saatlarda məktəbə getmək uşaqlarda depressiya və yuxu pozuntularının artmasına səbəb olur.
Qış aylarında məktəbə erkən getmək zərurəti, xüsusilə də uşaqların yuxudan normal doymaması, onların məktəbdəki fəaliyyətinə də mənfi təsir göstərir.
Araşdırmalar göstərir ki, az yatan uşaqların diqqət toplamaq, öyrənmə qabiliyyəti və sinifdə iştirak səviyyəsi əhəmiyyətli dərəcədə aşağı olur. Bundan başqa, belə uşaqların məktəbdə daha əsəbi və aqressiv olması da təbii qarşılanır.
Bu baxımdan hesab edirəm ki, Azərbaycanda saatların qış və yay vaxtına keçidinin yenidən tətbiq olunması məsələsi həyata keçirilməlidir”.
Ekspertin fikrincə, məktəblərin qış rejimi üçün uyğunlaşdırılması şagirdlərə həm rahat tədris prosesi, həm də sağlam həyat təmin edəcəkdir. Bu yanaşma yalnız təhsilin keyfiyyətini artırmayacaq, həm də gələcək nəsillərin rifahını daha yüksək səviyyədə qorumağa xidmət edəcək.
Xalidə Gəray
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ