Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda vətəndaşları narahat edən əsas problemlərdən biri yığılan pensiya kapitalının pensiya yaşına çatmadan götürülə bilməməsidir. Əhali arasında aparılan sorğular göstərir ki, sistemdən məmnun olmayanların sayı az deyil. İnsanlar illərlə işləyib əməkhaqqından dövlət sosial müdafiə fonduna məcburi sosial sığorta haqqı ödəsələr də, pensiya yaşına çatdıqda aldıqları pensiya onların gözləntilərini ödəmir. Bundan əlavə, vətəndaş dünyasını dəyişdikdə topladığı pensiya kapitalının dövlət hesabına keçirilməsi faktı da geniş narahatlıq yaradır.
Bir çox ölkə təcrübəsində vətəndaşlar müəyyən şərtlər daxilində pensiya kapitalının bir hissəsini istədikləri vaxt götürə bilirlər. Məsələn, bəzi sistemlərdə erkən çıxarış, müəyyən yaşa çatdıqdan sonra hissə-hissə çəkilmə və ya vəfat halında yığılan kapitalın vərəsələrə verilməsi praktikası mövcuddur. Sinqapur kimi ölkələrdə isə vəfat etmiş şəxsin yığılan kapitalı vərəsələrinə ötürülür ki, yaxınlarının sosial təminatı pozulmasın.
Hazırda Azərbaycanda yalnız aşağıdakı hallarda dünyasını dəyişən şəxsin yığılan pensiya kapitalı vərəsələrə ödənilir: 18 yaşınadək (əyani təhsil alanlar üçün 23 yaşadək) uşaqlar; müəyyən edilmiş əlilliyi olan övladlar; pensiya yaşına çatmış və ya yüksək dərəcəli əlilliyi müəyyən edilmiş valideyn, həyat yoldaşı; 8 yaşdan kiçik uşaqlara və işləməyən ailə üzvlərinə baxan şəxs itirildikdə əmək pensiyası təyin olunması. Əgər bu kateqoriyalar daxilində deyilsə, qanunvericilikdə başqa mexanizmlər nəzərdə tutulmayıb.
Bu məsələ Milli Məclisdə artıq müzakirə olunur və yığılmış pensiya kapitalının vərəsələrə verilməsi ilə bağlı təkliflər müzakirə mərhələsindədir. Əsas sual isə budur: belə bir islahat nə dərəcədə mümkündür və onun praktiki, maliyyə və sosial nəticələri necə olacaq?
Mövzu ilə bağlı iqtisadçı alim Vüsalə Əhmədova Musavat.com-a danışıb.

O deyib ki, pensiya kapitalı vətəndaşın əmək fəaliyyəti dövründə qazandığı və onun adına yığılan vəsaitdir:
"Əgər vətəndaş bu kapitalı özü qazanıbsa, o zaman bu vəsait üzərində tam mülkiyyət hüququna malikdir. Nəyə görə vətəndaş pensiya yaşına çatmadan dünyasını dəyişdikdə, yığılan kapital dövlətə keçir, varislərinə ödənilmir? Düşünürəm ki, bu, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş mülkiyyət hüququ prinsipləri ilə ziddiyyət təşkil edir. Şəxsi gəlirdən toplanan kapital dövlətin deyil, vətəndaşın mülkü sayılmalıdır. Sən ömrün boyu işləyib dövlətə ödəniş edirsən, amma sonda bu pulu özün və ya ailən ala bilmir. Bu, vətəndaşların sosial sığorta və pensiya sisteminə etimadını azaldır. Nəticədə də, qeyri-rəsmi işlərlə məşğulluq, həmçinin, sosial ödənişlərdən yayınmalar çoxalır, kölgə iqtisadiyyatı güclənir. Əksinə, vətəndaş bu kapitalı şəxsi bank hesabında saxlasa və ya könüllü pensiya fonduna yönəltsə ya da başqa bir formada investisiya etsə, həm kapital bazarını inkişaf etdirmiş olar, həm də gələcək gəlirini artırar. Hazırkı sistemdə bu vəsait yalnız dövlətin xeyrinə və qeyri-şəffaf şəkildə idarə olunur. Vətəndaş pensiya yaşına çatmadan dünyasını dəyişdikdə, onun ailəsi faktiki olaraq sosial ədalətsizliklə üzləşir. Xüsusən də aşağı gəlirli ailələr üçün bu ədalətsiz bir nəticədir, çünki, həmin ailə həm qazancını, həm də gələcək sosial təminatını itirmiş olur".
İqtisadçı alim qeyd edib ki, bir çox ölkələrdə fərdi pensiya hesablarında toplanan kapital şəxs tərəfindən izlənilə bilir, müəyyən hallarda vaxtından əvvəl götürülə bilir, şəxs vəfat etdikdə varislərinə ötürülür:
"Azərbaycan modeli daha sərt və mərkəzləşdirilmiş xarakter daşıyır, bu səbəbdən islahatların aparılması mütləqdir.
Vətəndaşın adına hesablanmış pensiya kapitalı əslində onun şəxsi aktividir. Bilirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun sistemində hər vətəndaş üçün fərdi hesab mövcuddur. Yalnız, “Sosial sığorta haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara düzəliş edilməklə, vəfat halı baş verərsə pensiya kapitalının varisə ötürülməsi mexanizmi asanlıqla icra oluna bilər. Bu halda, Dövlət Sosial Müdafiə Fondu üçün xərclərin müəyyən qədər artımı gözləniləndir, çünki vətəndaşın kapitalı artıq dövlətə deyil, varisə veriləcək. Lakin bu artım nisbidir, çünki hər il vəfat edənlərin sayı ümumi yığım sistemində çox böyük paya malik deyil. Vəfat etmişlərin hesablarında yığılan vəsait illik səviyyədə böyük məbləğ deyil, DSMF-in ümumi sosial sığorta gəlirlərinin yalnız bir neçə faizi səviyyəsindədir. Buna görə də varislərə ötürülmənin büdcə təsiri idarəolunandır. Həmçinin, dövlət uzunmüddətli ödəmə öhdəliklərini də elə planlaşdırmalıdır ki, likvidlik təzyiqi ilə üzləşməsin.
Ümumilikdə bu islahat, uzunmüddətli perspektivdə dövlətin gəlirlərini artıran və sosial ədaləti gücləndirən addım olar. Əksər inkişaf etmiş ölkələrdə vətəndaş kapitalın vəziyyətini onlayn izləyə bilir, bəzi hallarda kapital bank və ya investisiya fondunda saxlanılır. Məsələn, Polşada dövlət pensiya sistemi ilə yanaşı, şəxsi açıq pensiya fondları da fəaliyyət göstərir. Şəxs öz pensiya hesabını özəl pensiya fondlarına yönəldə bilir. Türkiyədə də həmçinin, könüllü fərdi pensiya fondları fəaliyyət göstərir. Fondlar bank və ya sığorta şirkətləri tərəfindən idarə olunur. Dövlət yalnız tənzimləyici və təminatçı rolundadır, kapitalı birbaşa idarə etmir. Bu vəsaitlər fondlar tərəfindən istiqraz, səhm, qızıl, infrastruktur və s. aktivlərə investisiya edilir. Əlavə olaraq hər bir iştirakçı yatırdığı məbləğin 30%-i qədər dövlət töhfəsi də (bonus) alır. Hesablar şəffafdır, vətəndaşlar mobil tətbiqlə öz balanslarını, gəlir faizlərini və bonuslarını izləyə bilirlər".
Xalidə Gəray,
Musavat.com
02 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ