Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozuna görə, elektrik avtomobillərinin qlobal satışları 2024-cü ildə 20 faizdən çox artaraq 17 milyon ədədə çata bilər.
Musavat.com xəbər verir ki, bu proqnoz IEA-nın illik sənaye hesabatında əksini tapıb.
Hesabatda deyilir ki, birinci rübdə elektrik avtomobillərinin satışları illik müqayisədə təxminən 25 faiz artıb. 2024-cü ildə elektrik avtomobillərinin ümumi avtomobil satışlarında payı təxminən 20 faiz təşkil edəcək və 2035-ci ilə qədər üçdə ikiyə qədər arta bilər. Üstəlik, bu il Çində artım 45 faizə, Avropada 25 faizə, ABŞ-da 11 faizə çata bilər. Agentlik həm tam elektrik modelləri, həm də hibridləri elektrik avtomobilləri kimi təsnif edir.
“Financial Times” yazır ki, avtomobil istehsalçılarının özləri isə yüksək qiymətlər və enerjidoldurma stansiyalarının olmaması səbəbindən tam elektriklə işləyən modellərə geniş istehlakçı marağının azalmasına işarə edirlər.
Ölkəmizdə 2 ildir ki, elektromobil istehsalı haqda müzakirələr gedir, hətta bu sahədə dünya avtomobil nəhənglərinə meydan oxuyan Çin şirkətləri ilə danışıqlar da aparılıb. 2 il əvvəl, 2022-ci ilin yayında “Cahan” Holdinq Kommersiya Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov və Çinin “Lifan” şirkətinin baş icraçı direktoru Danfer Deng və Çin “Lifan” şirkətinin Regional direktoru Çan Kayın nümayəndə heyəti arasında görüş keçirib. Bu görüş Azərbaycan mətbuatında “Azərbaycanda bir ilk! Naxçıvan Avtomobil Zavodunda ilk elektrikli avtomobillər istehsal olunacaq” başlığı ilə təqdim olunub. Məlum görüşdə “Cahan” Motors MMC-nin direktoru Adil Axundov, Naxçıvan Avtomobil Zavodunun icraçı direktoru Səxavət Hümbətov iştirak ediblər.
Görüş zamanı Naxçıvan Avtomobil Zavodunda elektrikli avtomobillərin istehsalı üçün yenidənqurma və infrastrukturun yaradılması şəraitinin şərtləri müzakirə edilib, yaxın gələcəkdə 2 növ elektrikli və 1 növ yanacaqla işləyən avtomobillərin Naxçıvan Avtomobil Zavodunda istehsalı üçün razılıq əldə olunaraq anlaşma protokolu imzalanıb.
Danışıqlar zamanı “Lifan” şirkətinin Regional direktoru Çan Kayın Naxçıvana gəlişi, Naxçıvan Avtomobil Zavodunda ediləcək dəyişikliklər və lazımi infrastrukturun qurulması üçün layihələr hazırlanması planlaşdırılıb. Lakin hələ ki, bu layihədən xəbər-ətər yoxdur.
“Elektromobilə olan tələbatı nəzərə alaraq Azərbaycanda növbəti illərdə bu tip avtomobillərin istehsalı və ixracı ilə bağlı layihələr gözlənilir”.
Bunu Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının icraçı direktoru Gülay Həsənova deyib.
O bildirib ki, 2024-cü ildə Azərbaycanda 8 min avtomobil istehsalı nəzərdə tutulub ki, bunlardan 6 mini minik avtomobilləri, 2 mini isə yük avtomobilləri və avtobuslardır.
İcraçı direktorun sözlərinə görə, avtomobillərin qiyməti 17 min 800 manatdan başlayır və bu rəqəm 160 min manata qədər dəyişir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 254 ədəd (il ərzində 75,2 % artıb) yük avtomobili və 948 ədəd (-24,7 %) minik avtomobili istehsal edilib.
Maraqlıdır ki, Azərbaycanda avtomobil ishtehsalı haqda danışılır, faktiki isə xaricdə istehsal olunan hissələrdə avtomobil yığılıb satılır.
12 ildən çoxdur ki, Azərbaycanda avtomobil istehsalına başlanılıb. Naxçıvanda “Lifan”, “FAW”, “Changan”, Neftçala zavodunda isə “Khazar”, “AzSamand” və “Peugeot” markalı avtomobillər istehsal olunur. 2021-ci ildən Rusiyanın “QAZ” şirkətlər qrupu ilə “Azərmaş Park” məhdud məsuliyyətli cəmiyyəti (MMC) Hacıqabul Sənaye Məhəlləsində kommersiya və xüsusi avtomobillərin birgə istehsalını işə salıb.
Göründüyü kimi, Azərbaycanda hələ ki, Nikolaus Ottonun 1876-cı ildə ərsəyə gətirdiyi dörd taktlı daxili yanma mühərrikli avtomobillərdən iki əlli yapışmışıq.
Azərbaycanda elektromobillərin istehsalı isə xoş xəyal kimi hələ də əlçatmaz görünür.
2023-cü ildə İqtisadiyyat Nazirliyindən “Turan”a bildirilib ki, avtomobil istehsalı ilə məşğul olan yerli istehsalçılar xarici investorlarla həm hibrid, həm də elektromobillərin istehsalı ilə bağlı hazırda müzakirələr aparırlar:
“Ölkəmizdə avtomobil istehsalı kəmiyyət və keyfiyyət baxımından müəyyən səviyyəyə qalxdıqdan sonra gələcəkdə həm hibrid, həm də elektromobillərin istehsalı məsələsinə baxıla bilər”.
İqtisadçı Natiq Cəfərli isə bildirib ki, Azərbaycanda milli hibrid, elektrik avtomobillərin istehsalı hazırda mümkün deyil:
“Yalnız yığılma mümkündür, çünki avtomobil istehsalı üçün ən azı 25 faiz avadanlıq və ehtiyat hissələri eyni ölkədə istehsal olunmalıdır”.
İqtisadçı Türkiyəni misal çəkərək qeyd edib ki, orada bəzi avtomobillərin ehtiyat hissələrinin 40-45, bəzisində də 50 faizi ölkə daxilində istehsal olunur:
“Ona görə də Türkiyədə istehsalla məşğuldurlar, Azərbaycanda isə bunun üçün baza, texniki avadanlıqlar, bilgili mühəndislər yoxdur. Yəni Azərbaycan yaxın zamanlarda öz adı ilə avtomobil istehsal edə bilməz”.
Ekspertin sözlərinə görə, işçi qüvvəsini və bəzi xammalın ölkədə daha rahat tapılmasını nəzərə alaraq, Azərbaycan bir sıra ölkələr ilə birgə müəssisə yaradıb avtomobillərin istehsalını təşkil edə bilər:
“Ancaq bu, böyük bir investisiya tələb edən prosesdir. Ona görə də mən inanmıram ki, yaxın zamanlarda bununla bağlı hansısa qərar olsun. Ola bilər ki, görüntü xatirinə ciddi bir bazar payı olmayan, ilə 300-500 avtomobillərin yığılması layihəsi olsun. Amma bunun nə iqtisadiyyata, nə də əhaliyə ciddi xeyri olacaq”.
Bu gün dünya sürətlə dəyişir və inkişaf etmiş və etməkdə olan ölkələrdə elektromobillərə sürətli keçid üçün tədbirlər həyata keçirilir. Elektrikli avtomobillər yanacaqla işləmədiyi üçün ətraf mühitin dostu hesab edilir.
Elektromobillər səssiz və rahatdır. Elektromobillər 3 cür olur. Tam elektrikli, hibrid və “plug-in”. Elektromobillərin tam elektrikli formaları qısa mənzil üçün nəzərdə tutulub. Çünki uzun yolda onların enerjisi azalır və yenidən enerji yığılmasına ehtiyac duyulur. Hibrid avtomobillər isə həm benzin, həm də elektrik mühərriki ilə çalışır. Belə avtomobillər hərəkət və az sürətlə idarəetmə zamanı elektrik mühərrikindən istifadə edir və sürət artdıqca benzinli mühərrik işə başlayır. Hibrid avtomobillərin batareyası benzinli mühərrik işləyən zaman enerji toplaya bildiyi üçün texniki olaraq uzun yollar üçün nəzərdə tutulub. “Plug-in” hibrid avtomobillər isə normal hibridlərdən fərqli olaraq batareyaları xarici elektrik yığma gücünə malikdir. Belə avtomobillər güclü batareyaları sayəsində uzun yollarda da istifadə edilə bilir.
ABŞ 2030-cu ilə kimi avtomobillərin 50 faizinin elektromobillərlə əvəzlənəcəyini açıqlayıb. Ölkəmiz üçün belə proqnoz hələ ki, yoxdur.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ