İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bir şəxsin diplomu hansı halda ləğv oluna bilir?

"Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, universitetlər tərəfindən verilmiş diplomların ləğvi yalnız xüsusi hallar zamanı mümkündür və bu, ciddi hüquqi prosedurlara əsaslanmalıdır".

Musavat.com bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert qeyd edib ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu diplomların verilməsi, onların tanınması və ləğvi ilə bağlı ümumi qaydaları müəyyən edir:

"Qanunun 29-cu maddəsinə əsasən, ali təhsil müəssisələri yalnız akkreditasiya olunduğu müddət ərzində dövlət tərəfindən tanınan diplomlar verə bilər. Əgər bir universitetin akkreditasiyası ləğv edilərsə, ondan sonra onun verdiyi diplomların hüquqi statusu da sual altına düşər. Akkreditasiya olduğu müddət ərzində verilmiş diplomlarda problem yoxdur.

kamran.jpg (28 KB)

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi təhsil sənədlərinin saxtalaşdırılması və qanunsuz yollarla əldə edilməsi hallarına hüquqi qiymət verir. Əgər bir şəxs təhsil müəssisəsində saxtakarlıq yolu ilə diplom əldə edibsə və bu fakt aşkarlanıbsa, həmin diplom ləğv edilə bilər.

Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, rəsmi sənədlərin, möhürlərin, ştampların saxtalaşdırılması və ya qanunsuz istifadəsi cinayət məsuliyyəti yaradır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi isə diplomların ləğvi ilə bağlı məhkəmə icraatının qaydalarını müəyyən edir. Əgər diplomun qanunsuz yolla əldə edildiyi iddia edilirsə, bu məsələ məhkəmə qaydasında araşdırılmalı və müvafiq qərar qəbul edilməlidir.

Bundan əlavə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” adlı normativ-hüquqi aktda təhsil sənədlərinin verilməsi və onların etibarsız hesab edilməsi ilə bağlı konkret prosedurlar göstərilir. Əgər bir şəxsin universiteti bitirdiyi halda diplomu ləğv edilirsə, bunun hüquqi əsaslandırması və məhkəmə qərarı olmalıdır".

Kamran Əsədov bildirib ki, ölkədə diplomların ləğvi nadir hallarda baş verən və ciddi hüquqi əsaslar tələb edən bir prosesdir:

"Bu səbəbdən belə bir vəziyyətlə qarşılaşan şəxslər müvafiq hüquqi müdafiə yollarını araşdırmalı və lazımi sənədlərlə məhkəmə və ya müvafiq dövlət qurumlarına müraciət etməlidirlər".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR