İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı informasiya savaşı - Şuşadan “atəş nöqtələri”nə nöqtəvi zərbələr

Hikmət Babaoğlu: “Bəzi mərkəzlər müxtəlif dövlətləri hədəf almaqla onların ətrafında manipulyasiya çətiri yaradır”

Şuşada 20-22 iyul tarixində keçirilən və 50-dən çox ölkənin media qurumlarının təmsilçilərinin qatıldığı 2-ci Şuşa Qlobal Media Forumunun əsas hədəflərindən biri sözsüz ki, ölkəmizə qarşı informasiya müharibəsini neytrallaşdırmaqla bağlı idi. Buna əhəmiyyətli dərəcədə nail olunduğunu söyləmək olar. Hər halda, forumun qonaqları özləri ilə daşdan keçən Azərbaycan həqiqətlərini də aparacaqlar.   

Təbii ki, Prezident İlham Əliyevin forumda çıxışı, müxtəlif ölkələri təmsil edən media nümayəndələrinin suallarını təmkinlə, əhatəli və olduqca arqumentli cavablandırması Azərbaycan əleyhinə informasiya savaşına müsbət mənada öz təsirini mütləq göstərəcək. Bunu erməni artıq radikal-revanşist mediasının təlaşından da aydın görmək olar. 

Çıxışında Prezident bu xüsusda vurğuladı ki, bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur: “Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər”.

Dövlət başçısı haqlı olaraq qeyd edib ki, Azərbaycan torpaqlarının işğalı 30 il davam etsə də, Ermənistan deyil, Azərbaycan dünyada təcavüzkar kimi təqdim edilib, medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qalmışıq: “ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edib. Konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq olunub. Absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır”. 

Bunu da xatırladıb ki, vaxtilə Prezident Tramp “Vaşinqton Post”u və “Nyu-York Tayms”ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. 

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin  yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC

Hikmət Babaoğlu

Millət vəkili Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, II Qlobal Media Forumunda təkcə Azərbaycanı deyil, əksər dünya ölkələrini maraqlandıran məsələlər gündəmə gətirildi: “Şuşada keçirilən II Qlobal Media Forumu bu gün beynəlxalq münasibətlər sistemində mövcud olan ən aktual məsələlərdən birinə həsr olunmuşdu. Qlobal cəmiyyətin bütün institutları təəssüf ki, bəzi hallarda yalan informasiya daşıyıcısına, dezinformasiyanın hədəfinə çevrilir. Bu o qədər geniş vüsət alıb ki, hazırda dezinformasiya və manipulyasiya siyasəti klassik diplomatiyanın bir qolu kimi çıxış edir. Bu isə qlobal ictimai rəydə yalnız təsəvvür formalaşdırır. 

Beləliklə, dövlətlərarası münasibətlər, beynəlxalq təşkilatlarla dövlətlərin münasibətlərində yalan üzərində qurulmuş informasiya mübadiləsi baş verir. Bu isə gerçəkliyin dərk edilməsini çətinləşdirir. Bu baxımdan Şuşada keçirilən forum yalan məlumatların ifşası kontekstində dezinformasiyaları yaradan səbəblərin, dezinformasiyanın gətirdiyi nəticələrin ictimai etimad mühitinə vurduğu zərbələrin öyrənilməsi, tədqiq edilməsi, aktuallaşdırılması, bu problemlərdən xilas olma yollarının axtarılması məqsədi daşıyırdı. 

Şübhəsiz, diqqət etsək görəcəyik ki, Azərbaycan, müstəqilliyini əldə etdikdən dərhal sonra məhz bu cür yanlış məlumatların, dezinformasiyaların, ətrafında yaradılan yalançı informasiya mühitinin qurbanına çevrilib. Azərbaycan 30 il ərzində həqiqətlərini dünyaya çatdırmaq üçün həm də informasiya müharibəsinə qoşulmalı olub. Məsələnin ən pis tərəfi ondan ibarətdir ki, bu gün də yanaşma dəyişməyib. Bəzi mərkəzlər yenə də müxtəlif dövlətləri, beynəlxalq subyektləri hədəf almaqla onların ətrafında manipulyasiya çətiri yaradır və beləliklə, həmin subyekt beynəlxalq rəyə, beynəlxalq münasibətlər sisteminə fərqli obrazda təqdim olunur. Bu isə milli aktorların nüfuzu və maraqları baxımından qəbuledilən deyil. 

44 günlük Vətən müharibəsi dövründə dezinformasiyaya qarşı uğurlu mübarizə apara bildik, amma Azərbaycan Prezidentinin mövqeyi ondan ibarətdir ki, bütövlükdə dünya siyasəti bu cür məsələlərdən xilas olmalıdır. Analiz edəndə görürük ki, iki mühüm məsələ var. Bunlardan biri dezinformasiyadırsa ki, informasiyanın təhrif olunması, məqsədyönlü şəkildə eybəcərləşdirilməsi xarakteri daşıyırsa, ikinci cəhət manipulyativ informasiyadır. İkinci daha təhlükəlidir, çünki birbaşa insanların beyninin idarə olunmasına yönələn imperativ mövqe quran informasiya növüdür. Bu insanların idraki keyfiyyətlərindən kənarda baş verən hadisədir. Hesab edirəm ki, II Şuşa Qlobal Media Forumunda bu məsələ aktuallaşdırılaraq bütün dünya mediasının gündəminə təqdim oluna bildi. Azərbaycanın qaldırdığı bu məsələ Qlobal Media Forumundan sonra dünya mətbuatının əsas xəbərlərindən birinə çevrildi".

H.Babaoğlu Azərbaycan Prezidentinin çıxışına istinadən qeyd etdi ki, Ermənistan Azərbaycana qarşı informasiya müharibəsini hələ də davam etdirir: “Azərbaycan Prezidenti milli maraqları və Azərbaycan  dövlətinin mövqeyini ortaya qoyaraq hazırda Ermənistan və onun havadarları tərəfindən Azərbaycana qarşı dezinformasiya və manipulativ informasiya siyasətinin həyata keçirildiyini diqqətə çatdırdı. Bu əslində informasiya müharibəsidir. Bəzi məsələlərin öz rəngində deyil, başqa rəngdə təqdim olunması şübhəsiz ki, siyasi politranı o qədər mürəkkəbləşdirir ki, hansı siyasətçinin hansı məqsədə xidmət etdiyi kölgədə qalmış olur. 

Mənə elə gəlir ki, II Şuşa Qlobal Media Forumu məqsədlərinə çatdı. Məlumdur ki, güc əksər hallarda ədalətsizlik üçün vasitəyə çevrilir. Lakin Azərbaycan real müharibə müstəvisində bir ilk yaradaraq, öz ərazi bütövlüyünü bərpa etməklə gücün həm də ədalət üçün vasitə olduğunu göstərdi. Azərbaycan nümunəsində həm güc, həm də ədalət birgə oldu. Azərbaycanın gücü  beynəlxalq hüquq və ədaləti təmin etmiş oldu. II Şuşa Qlobal Media Forumunda səslənən fikirlər hazırda bütün gücü ilə davam edən informasiya müharibəsində dönüş yaradacaq ideyalar məcmusu idi. Bu da informasiya gücünün, yəni “yumşaq güc”ün ədalətlə çulğaması üçün yeni bir zəmin yaratdı ki, nəhayət, manipulyativ informasiya və dezinformasiya diplomatiyaya, siyasətə yanlış fon verməməlidir. Bu, heç də beynəlxalq münasibətlərin keyfiyyəti baxımından məntiqli və başadüşülən deyil". 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR