Onlayn ictimai-siyasi qəzet
Azərbaycan dövləti və onun prezidenti diplomatiya sahəsində növbəti qələbəyə imza atdı. Qazaxın işğal altındakı 4 kəndinin geri qaytarılması danışıqlar masası arxasında həll edildi. Burada önəmli məqam ondan ibarətdir ki, bu, heç bir güllə atılmadan və vasitəçilər olmadan reallaşdı.
Hər kəsə bəllidir ki, ABŞ-da müxtəlif institutlar fəaliyyət göstərir ki, onların da qazancı bölgələrdəki münaqişələrdən çıxır. Hadisələrin təhlili, ideyaların verilməsi, qarışıqlığın yaradılması və digər bu kimi məsələlər üçün Qərbdə milyonlar dövr edir. Hələ məsələnin siyasi tərəflərini bir kənara qoyduqda, Qərbin adicə institutları belə regionda sülhün tərəfində deyillər. Baxmayaraq ki, onlar müxtəlif ad altında həmişə bölgəyə səfərlər edir, guya Azərbaycan və Ermənistanın arasındakı münaqişəni bitirmək istəyirlər. Əslində, onlar münaqişəni bitirmək yox, alovlandırmaq istəyirlər. Çünki ən primitiv formada ifadə eləsək, qazancları bundan çıxır.
Azərbaycan Prezidentinin apardığı dəqiq siyasət nəticəsində 30 illik münaqişə cəmi 44 günə, 300 illik erməni projesi isə cəmi 3 ilə darmadağın oldu, yeni düzən quruldu, xalqın ruhu özünə qaytarıldı. Bu, bir dövlətin gələcəyi üçün çox önəmlidir. Yəni Azərbaycan prezidenti təkcə 300 illik projeni darmadağın etməyib, həm də 300 il bundan sonra belə qürur duyulası, bəhrəsindən faydalanası addım atıb.
Bu, bir daha onu göstərdi ki, Qərbin müdaxiləsi olmasa, Azərbaycan və Ermənistan sülhün əldə olunması istiqamətində ciddi nəticələrə imza ata bilərlər.
Sübut olundu ki, Fransa və digər Qərb ölkələrinin Azərbaycanın guya Ermənistana qarşı yeni müharibəyə başlayacağı barədə açıqlamaları cəfəngiyatdan başqa bir şey deyil.
Əslində, Azərbaycan tərəfi bu kimi informasiyalar yayılan zaman da açıq şəkildə bildirdi ki, bunlar Ermənistanı qorxu altında saxlayaraq tam şəkildə öz iradəsinə tabe etdirmək siyasətinin tərkib hissəsidir.
Azərbaycan heç bir müharibəyə hazırlaşmır və məqsədi də bölgədə sülhü təmin etmək, inkişafa nail olmaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında demişdi ki, Ermənistanla sülh sazişi bağlansa, Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaranacaq.
"Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzrə fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - bu zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq", - Azərbaycan Prezidenti qeyd etmişdi.
Cənubi Qafqaz ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini qeyd edən dövlət başçısı bir çox sahələr, o cümlədən nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu üzrə əməkdaşlığın çox uğurlu ola biləcəyini də vurğulamışdı.
“İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar”, - Prezident İlham Əliyev bildirmişdi.
İlham Əliyev bütün qərarları hesablayaraq, zamanında verir. Əgər digər ölkələrin rəhbərləri də onun qərarları ilə hərəkət edərlərsə ancaq sülh və inkişafa nail olarlar.
Hələ 2003-cü ildə Prezident İlham Əliyevin xalqımıza verdiyi ən mühüm vəd işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi idi. Yəni o, hakimiyyətə gəldiyi gündən bugünki uğurlar üçün çalışırdı. İndi qazandığımız nailiyyətlər heç də göydəndüşmə deyil. Bu, böyük zəhmət, dəqiq diplomatik davranışlar, vaxtında verilən qərarlar hesabına mümkün olub.
İlham Əliyev 2020-ci il Vətən müharibəsində işğala son qoydu, ötən ilin 19-20 sentyabrında isə Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə dövlətimizin suverenliyini bütün ölkə ərazisində tam bərpa etdi.
Eyni zamanda diplomatik gedişlərin nəticəsində Rusiya sülhməramlıları bölgəni tərk etdi.
Bəzi müxalif nümayəndələri qərəzli şəkildə deyirdilər ki, Xocalı, Xankəndi bizim deyilsə qələbədən danışmaq olmaz. Xocalı, Xankəndi də bizim oldu. Sonra Rusiya sülhməramlılarının fəaliyyətini önə çəkdilər. Onlar da torpaqlarımızı tərk etdilər, 4 kənd də geri qaytarıldı. Artıq danışılacaq bir şey yoxdur. Bundan belə qərəzli danışmaq ancaq və ancaq xainlik olar. Bu qədər qələbələrin üstünə hansısa qərəzli fikri ancaq bu xalqın düşmənləri dillərinə gətirə bilərlər.
Baş verən proseslər göstərir ki, yaxın zamanda sülh müqaviləsi də imzalanacaq. Artıq iki dövlət arasında heç bir vasitəçiyə ehtiyac olmadığı havadarları kimi Ermənistana da aydın oldu. 4 kəndin qaytarılması Zəngəzur dəhlizinə gedən yolu da qısaltdı. Yaxın zamanlarda bu müjdəni də alacağıq...
Qafar Səfərli,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ