İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan vasitəsilə Avropaya qaçmaq istəyən şri-lankalılar - yeni tranzit, yoxsa...

İlham İsmayıl: “Avropaya qaçmaq üçün Azərbaycandan tranzit yolu kimi istifadə etmək mümkün olmayacaq”

Koronavirus pandemiyası səbəbindən bir sıra ölkələrin sərhədlərinin qapanması, həmçinin ukraynalı qaçqınların yerləşdirilməsi prioritet olduğu üçün son dövrlər Avropaya sığınmaq istəyən şəxsləri yeni hiyləgərliklərə əl atmağa vadar edib. Onlar yeni tranzit marşrutlar seçirlər və qaçaq yolla Avropaya getməyə çalışırlar.

Seçdikləri marşrutlar üzrə ölkələrdən biri də Azərbaycandır. Amma bizim sərhədlər etibarlı qorunduğundan onların ilk qrupunun cəhdinin qarşısı alınıb.

Belə ki, avqust ayının 12-də saat 22:00 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının arxa istiqamətində şübhəli şəxs qismində 10 nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib ki, aparılmış ilkin araşdırma zamanı qeyd olunan əcnəbilərin 25-i və 29-u iyul tarixlərdə Azərbaycan ərazisinə turist qismində rəsmi qaydada gəlmələri, İran vətəndaşı Əlirza adlı şəxsin bələdçiliyi ilə dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına, oradan isə Türkiyə Respublikasına keçməklə, Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu cür cəhdlər arta bilərmi? Avropaya sığınmaq istəyənlər özlərinə qeyd edilən marşrutu asan yol hesab edirlər, yoxsa bu miqrant biznesi ilə məşğul olanların bir nəbz yoxlaması idi?

Politoloq İlham İsmayıl: "Yeni kadr siyasətinə köklü keçidin əsası qoyulur"

İlham İsmayıl 

Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a danışıb:

“Bu hadisə Azərbaycan üçün xarakterik deyil, yeni haldır. Çünki ölkəmizin okeanla, dənizlə əlaqəsi yoxdur. Adətən Şimali Afrika və yaxud Asiyadan olan miqrantlar dəniz vasitəsilə hərəkət edirlər.

Məlum olduğu kimi, hazırda Şri-Lankada vəziyyət kifayət qədər gərgindir. Belə ki, orada hakimiyyət dəyişikliyi oldu, hətta bundan sonra küçə etirazları, mitinqlər baş alıb getməyə başlayıb, əhalinin iqtisadiyyat baxımından vəziyyəti ağırdır. Şri-Lankadan Asiya yolları ilə gəlib İrandan və yaxud Azərbaycandan Türkiyəyə keçmək yeni olan məsələdir. Lakin xarakterik olmasa da Azərbaycan bu cəhdin qarşısını aldı. Beləliklə, kimsə fikirləşsə ki, Avropaya keçmək üçün Azərbaycandan tranzit yolu kimi istifadə etsin, bu mümkün deyil. Bizdən yalnız Rusiyaya getmək olar. Lakin inanmıram ki, Asiyadan gələnlər Rusiyaya getmək  istəsin, onlar Avropanı istəyir.

Hər halda, düşünürəm ki, belə cəhdlər artmayacaq. Ola bilsin ki, İranla qonşu olduğu üçün Azərbaycan narkoticarət üçün tranzit yolu olsun, amma bu cür kütləvi şəkildə miqrantların ölkəmizə qanunsuz keçməsi mümkün deyil. Görünür ki, buna cəhd etməyə çalışanlar bu bölgənin coğrafiyasını bilmir".

DÜNYA Archives » Page 10 of 171 » BAYRAQDAR.INFO

 Alp Arslan İmamqulu

Hərbi ekspert Alp Arslan İmamqulu isə bildirdi ki, bu cür cəhdlərin olması normal haldır:

“Bu  cür cəhdlərin artması da mümkündür. Daha əvvəl belə hallar olubmu, bunu da dəqiq deyə bilmərik. Mütləqdir ki, miqrantların Azərbaycan üzərindən bu cür cəhdləri olub, xüsusən də Hindistan, Pakistanı qeyd etmək olar. Bu gün isə həmin siyahıya artıq Şri-Lanka da daxil edildi.

Beləliklə, bu cür hadisənin olması haqda sosial mediaya xəbər sızması o demək deyil ki, bu hal yenidir. Miqrantların Azərbaycan üzərində hansısa üçüncü ölkəyə getməsi ölkəmiz üçün təhlükəli deyil, yəni mən bunu təhlükə olaraq görmürəm. Lakin Azərbaycanın özünün miqrant köçünə məruz qalması artıq bizim üçün iqtisadi nöqteyi-nəzərindən bir sıra problemlərə gətirib çıxara bilər. Xüsusən də bilirik ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan miqrant köçünə məruz qalıb. Məlum olduğu kimi milyonlarla soydaşımız Qərbi Azərbaycan, yəni İrəvandan köç etmişdi, eyni zamanda Qarabağdan bir milyona yaxın qaçqınımız olmuşdu və bütün bunlar bizim iqtisadiyyata kifayət qədər problemlər çıxartmışdı. Bununla yanaşı Pakistan, Hindistan, Şri-Lanka və yaxud digər Afrika ölkələri kimi milyonlarla əhalisi olan ərazilərdən ölkəmizə miqrantların gəlməsi problemi daha da artıra bilər".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR