İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Rusiyaya “Mir” deyəcəkmi? - Bakı Moskvaya imtina etsə...

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bu günlərdə “TASS” agentliyinə müsahibəsində bildirib ki, Rusiya Azərbaycan, Çin və Misirlə “Mir” ödəniş kartından istifadəyə dair danışıqlar aparır.

“Biz bu istiqamətdə fəal işləyirik. Azərbaycan, Bəhreyn, Misir, Hindistan, Çin, Kuba, Myanma, Nigeriya, Tailand və digər ölkələrlə danışıqlar müxtəlif mərhələlərdədir. Bütün Rusiya müştərilərinin ən böyük beynəlxalq kart ödəniş sistemləri tərəfindən əsassız şəkildə bloklanması ”Mir" kartlarından istifadənin coğrafi genişləndirilməsinin prioritetini artırıb. Biz bu istiqamətdə fəal işləyirik. Bəhreyn, Hindistan, Kuba, Myanma, Nigeriya, Tailand və digər ölkələrlə danışıqlar müxtəlif mərhələlərdədir", - deyə Pankin bildirib.

İqtisadçı-ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a bildirdi ki, “Mir” kartlarının istifadə edildiyi ölkələrin siyahısına baxsaq, görərik ki, Rusiyanın bu və ya digər dərəcədə Rusiyanın yanındadırlar: “Ya tamamilə müttəfiqdirlər, ya da loyallıq nümayiş etdirərək sanksiyalara qoşulmamışdılar. Danışıqlar aparılan ölkələrə baxsaq, görərik ki, Rusiya ilə münasibətləri pozmamış, sanksiyalara qoşulmamış ölkələrdir. Hindistanın əhali, iqtisadi, maliyyə sektorunda imkanları daha genişdir. ABŞ-ın müttəfiqi olduğundan düşünmürəm ki, Rusiyaya müsbət cavab versin. Digər ölkələrin müsbət cavab verməsi isə gözləniləndir.

Ekspert: “Bu, qaza tələbatın artmasına təkan verib” - 16.07.2021, Sputnik  Azərbaycan

Eldəniz Əmirov

Azərbaycanın əldə edəcəyi dividendləri ciddi hesabatlar şəklində müəyyən etmək olar. Hazırda Rusiya ilə münasibətlərin məcrasına baxsaq, Azərbaycanın müsbət cavab vermək ehtimalı çoxdur. Rusiya ilə Azərbaycan arasında Qarşılıqlı Müttəfiqlik haqqında Bəyannamədə maliyyə fəaliyyəti ilə bağlı müddəalar var idi (Bənd 27: Rusiya Federasiyası və Azərbaycan Respublikası milli qanunvericilikləri və kredit-pul siyasətləri çərçivəsində kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları, istehsal və digər təşkilati-təsərrüfat strukturları da daxil olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərməyə hazırlıqlarını ifadə edirlər. Bənd 28:Tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar).Düşünürəm ki, bu maddələrin salınması təsadüfi deyildi. Çox güman ki, müharibə başlanacağı təqdirdə sanksiyaların tətbiq olunacağı gözlənilirdi. Azərbaycanda “Mir” kartları istifadəyə verilərsə, Qərb tərəfdən hər hansı təzyiqin olacağını düşünmürəm".

Xatırladaq ki, bu yaxınlarda Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov bildirmişdi ki, Azərbaycanda Rusiyanın “Mir” ödəniş sisteminin fəaliyyət göstərməsi imkanları müzakirə edilir. O, məsələnin siyasi və iqtisadi məqamlar nəzərə alınmaqla, aidiyyəti dövlət qurumlarının iştirakı ilə, eyni zamanda Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində müzakirə olunduğunu, yekun qərar verildikdən sonra ictimaiyyətə açıqlanacağını qeyd etmişdi.

Qeyd edək ki, “Mir” kartları “MasterCard” və “Visa” beynəlxalq ödəniş sisteminin Rusiyadakı analoqudur. 2015-ci ildən bu günə kimi buraxılan kartların sayı 134 milyon ədəddir. Xatırlatmaq yerinə düşər ki, Rusiya-Ukrayna münaqişəsi başlandıqdan sonra “MasterCard” və “Visa” beynəlxalq ödəniş sistemləri Rusiyadan çıxdı, ölkə daxilində ödənişlər Rusiya Mərkəzi Bankının hazırladığı Milli Ödəniş Kartı Sisteminin (NSPK) “Mir” kartı vasitəsilə həyata keçirilməyə başladı. NSPK 2014-cü ildə-Krımın işğalından dərhal sonra yaradılıb. Rusiyanın ilhaq etdiyi bu bölgədə ödənişlər uzun illərdir məhz bu sistem vasitəsilə reallaşdırılır: yerli banklar tərəfindən buraxılan bu kartlardan Rusiya daxilindəki ödənişlər üçün istifadə edilir, amma yarımada sakinləri xarici onlayn mağazalardan sifariş verdikdə və ya xarici ölkələrə gedəndə bu kartlardan ödəniş edə bilmirlər.

Yeri gəlmişkən, bu ayın əvvəlində Soçidə Rusiya və Türkiyə liderləri arasında keçirilən görüşdə müzakirə edilən məsələlərdən biri bununla bağlı olub.Türkiyənin beş bankının Rusiyanın “Mir” ödəniş sistemindən istifadəyə başlamasına dair qərar qəbul edilib.

İndi “Mir” kartları 11 ölkədə istifadə edilir: Belarus, Vyetnam, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Özbəkistan və b.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR