Onlayn ictimai-siyasi qəzet
Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 49-cu iclası keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyin məlumatına görə, iclasda Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iştirak və çıxış edib.
Yalçın Rəfiyev çıxışında Azərbaycanın QDİƏT-in təsisçi üzvü kimi Təşkilat çərçivəsində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın gücləndirilməsinə daim töhfə verdiyini və ölkəmizin Təşkilatın daha nəticəyönümlü və praktik əməkdaşlıq platformasına çevrilməsi zərurətini dəstəklədiyini vurğulayıb.
Azərbaycanın Orta Dəhliz vasitəsilə regionun tranzit potensialını artırmaq və təhlükəsiz nəqliyyat marşrutları yaratmaq istiqamətində fəaliyyəti, yaşıl enerji sahəsində Avropaya ixracın artırılması və Qara Dəniz Sualtı Kabel layihəsi vasitəsilə enerji ötürülməsi ilə bağlı əldə olunan nailiyyətlərdən bəhs olunub.
Cari ilin 11-23 noyabr tarixlərində Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində Azərbaycanın beynəlxalq iqlim gündəliyinin irəlilədilməsində əldə etdiyi mühüm uğurlar, xüsusən də iqlim maliyyəsinin artırılması və karbon bazarlarına dair razılaşmalarla bağlı irəliləyişlər diqqətə çatdırılıb.
2025-ci ildə QDİƏT çərçivəsində işçi qruplarının fəaliyyətinin gücləndirilməsi və üzv dövlətlər arasında sahəvi əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın əsas prioritetlərdən biri olacağı qeyd olunub, bu istiqamətdə üzv dövlətlər birgə qarşılıqlı fəaliyyətə dəvət edilib.
Tədbirin yekununda iclasın protokolu, bir sıra vacib qərarların qəbulu ilə yanaşı, 2025-ci ilin birinci yarısı üçün sədrlik Azərbaycan Respublikasına təhvil verilib.
Nigar HƏSƏNLİ,
Musavat.com
21 Dekabr 2024
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ