Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfər edib. Esenboğa hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərdən öncə yayılan rəsmi məlumatda keçiriləcək danışıqlarda cari regional və qlobal hadisələrin müzakirə olunacağı bildirilirdi. Eyni zamanda Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsinin aparılacağı qeyd olunurdu. Bundan başqa, səfər çərçivəsində 25 sentyabr 2023-cü il tarixində Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan İğdır-Naxçıvan təbii qaz kəmərinin videobağlantı vasitəsilə açılış mərasimi keçiriləcəkdi.
İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak etmək üçün Azərbaycanın energetika naziri Pərviz Şahbazov da martın 5-də Türkiyəyə səfər edib. Pərviz Şahbazovun qardaş ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarla İğdır şəhərində baş tutan görüşündə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, bu gün Türkiyə apardığı ağıllı xarici siyasətlə bir dövlət kimi Osmanlı dönəmindən indiyə qədər özünün ən uğurlu dövrünü yaşayır. “Ağıllı, uzaqgörən xarici siyasətlə bu güc, bu qüdrət getdikcə daha da böyüyür. ”Bu gün Azərbaycanın Türkiyə ilə bir arada olması bizim Cənubi Qafqaz regionunda gücümüzə güc qatır. Regional problemlərin həlli yolunda iki qardaş ölkənin məsləhətləşmələr aparmaq ehtiyacı var. Türkiyə və Azərbaycanın Avrasiya məkanında şərqlə qərbi, şimalla cənubu birləşdirən böyük nəqliyyat hesabına və enerji resurslarının daşınması mərkəzinə çevirməyi hədəfləyirlər. Bu yolda böyük uğurlar ortadadır", - F.Yusifov deyib.
Sabiq maliyyə nazirinin fikrincə, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması, Mərkəzi Asiya türk dövlətlərinin enerji məhsullarının Azərbaycan və Türkiyə üzərindən Qərbə daşınması kimi ciddi hədəflər dayanır: “Azərbaycan və Türkiyənin Avrasiyanın nəhəng nəqliyyat və enerji daşımaları mərkəzinə çevrilməsi onları indi olduğundan daha böyük bir güc sahibinə çevirəcək. İğdır-Naxçıvan təbii qaz kəmərinin açılışı isə iki qardaş ölkənin birgə səylərinin növbəti uğurudur...”
Naqif Həmzəyev
Milli Məclisin deputatı Naqif Həmzəyev iki qardaş ölkə arasında əlaqələrin daha da güclənməsi fonunda ölkəmizə yönəlik gələ biləcək təzyiq və təhdidlərdən söz açdı: “Azərbaycan və Türkiyə qarşılıqlı olaraq əməkdaşlığı genişləndirməkdədir. Hazırda regional və qlobal məkanda baş verən prosesləri yaxından izlədikdə Azərbaycan və Türkiyənin çox düzgün yolda olduğunu söyləyə bilərik. Azərbaycan bütün beynəlxalq layihələrini Türkiyə üzərindən reallaşdırır. Həm neft, həm də qaz resurslarının dünya bazarlarına çıxarılması Gürcüstan və Türkiyə vasitəsilə həyata keçirilir. Eyni zamanda Türkiyəyə ən böyük sərmayə qoyan ölkələrdən biri də məhz Azərbaycandır. Ölkəmizin Türkiyədə həyata keçirdiyi layihələr günü-gündən artmaqdadır. Hazırda Naxçıvanın enerji resurslarının şaxələndirilməsi ilə əlaqədar yeni layihələr həyata keçirilir. Naxçıvana Türkiyə ərazisindən qaz-boru kəmərinin çəkilməsi, eyni zamanda Qars-Naxçıvan dəmir yolu xəttinin də inşası ilə bağlı layihələr həyata keçirilməkdədir. Məhz cənab Prezident İlham Əliyevin Türkiyəyə növbəti səfəri zamanı Iğdır-Naxçıvan boru-qaz kəmərinin açılışı nəticə etibarı ilə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Eyni zamanda yaxın gələcəkdə Zəngəzur dəhlizi işə düşdükdən sonra məhz bu dəhliz vasitəsilə enerji resurslarının Naxçıvana çatdırılması da həyata keçiriləcək ki, bununla biz bu yol vasitəsilə Naxçıvana, oradan Avropa yeni enerji resurslarının ötürülməsinə şahidlik edə bilərik. Həmçinin dəmir yolu xəttinin işə düşməsi ilə Bakı-Tiflis-Qars dəmir yolunun davamı olaraq Naxçıvana qədər yolun işə düşməsinin şahidi ola biləcəyik. Bu da ümumilikdə dəmir yolu dairəvi şəbəkəsinin formalaşmasına gətirib çıxaracaq. Eyni zamanda yükdaşımalar xeyli artacaq. Bundan region dövlətləri, ən çox Türkiyə və Azərbaycan bu nəqliyyat şəbəkəsindən daha intensiv, daha aktiv şəkildə istifadə edə biləcək. Ən əsası, bu səfər zamanı həm qardaşlığın gücləndirilməsi, həm də qlobal və regional layihələrdə birgə iştirakın daha da artırılması, eyni zamanda milli təhlükəsizliyin təmin edilməsi ilə bağlı birgə addımların atılması Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması, Yaxın və Orta Şərqdə Türkiyə tərəfindən həyata keçirilən layihələrdə Azərbaycanın aktiv şəkildə iştirakı müzakirə ediləcək. İnanıram ki, hər iki qardaş ölkənin birliyi nəticə etibarı ilə Türk dünyasının daha da güclənməsi ilə nəticələnəcək. Azərbaycanın Türk dünyası üçün körpü rolunu oynaması hər kəs tərəfindən qəbul olunur. İnanıram ki, bu missiya bundan sonra da uğurla həyata keçiriləcək”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ