Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın dövlət başçısı İlham Əliyevin “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə dünya ictimaiyyəti, həmçinin nüfuzlu media vasitələri tərəfindən böyük maraqla izlənilir. Bu müsahibə əvvəllər olduğu kimi, bu dəfə də beynəlxalq aləmdə böyük rezonans doğurub. Çünki ölkə Prezidenti son illərdə dünyada baş verən hadisələrdən, Azərbaycanın xarici siyasətinin xüsusiyyətlərinə görə, istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilməsindən, Rusiya ilə Azərbaycan, habelə Azərbaycanla Türkiyə arasında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin əhəmiyyətindən, Ermənistanın sülh sazişindən yayınmasından və bu ölkəyə Makron hökuməti və digər dövlətlər tərəfindən öldürücü silahların tədarük edilməsindən, o cümlədən dünyada baş verən mühüm əhəmiyyətli qlobal məsələlərdən söhbət açdı.
Bunu AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi müsahibədəki bəzi məqamları diqqətə çatdıraraq deyib ki, bu gün Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərə maksimum dərəcədə məsuliyyətlə yanaşır və bundan sonra da belə edəcək. Bunu beynəlxalq ekspertlər də etiraf edirlər. Ölkəmiz beynəlxalq aləmdə baş verən gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər. Azərbaycan, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də Azərbaycanın müttəfiqlik öhdəlikləri çoxşaxəlidir.
“Dövlətimizin başçısı Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasını həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addım hesab edib. Azərbaycan Prezidentinin qənaətinə görə, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman belə bir sənəd tarixi hadisədir”, - deyə Ç.Qənizadə bildirib.
O, bu gün Rusiya və Azərbaycanın iki etibarlı tərəfdaş olduğunu qeyd edərək, Bəyannamənin imzalanmasından ötən illər ərzində Rusiya Prezidentinin Azərbaycana çox əlamətdar, həm də tarixi səfəri baş tutduğunu bildirib. Vladimir Putin dəfələrlə bizim ölkəyə gəlib, amma bu səfər xüsusi idi. Bu dövlət səfəri ilk dəfə bu ilin yayında həyata keçirildi. Həmin səfər çərçivəsində iki ölkə nəinki münasibətlərin müttəfiqlik xarakterini təsdiqlədi, həm də ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yollarını müəyyənləşdirdi. Bu gün Rusiya və Azərbaycanın iki etibarlı tərəfdaş olmasına heç bir şübhə ola bilməz. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə də təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Hazırda iki ölkə arasında münasibətlərin inkişafı yüksək qiymətləndirilir və təbii ki, bu müsbət dinamika bundan sonra da qorunub saxlanılacaq.
Dövlətimizin başçısının Ermənistanda revanşistlərin fəallaşmasına dəstək olan, bu ölkəni öldürücü silahlara təchiz edən bir sıra dövlətləri kəskin tənqid etdiyini diqqətə çatdıran tanınmış hüquqşünas deyib ki, bütün bunlar Azərbaycan üçün praktiki təhlükə yaradır. Azərbaycan Prezidenti deyib ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, ABŞ isə bunu etiraf etmir. Halbuki, Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələri ölkəmiz tərəfindən izlənilib. Hüquq müdafiəçisi bütün bunların fonunda Azərbaycanın 2025-ci ildə hərbi büdcəsinin rekord həcmdə artırılacağının zəruri olduğunu bildirib. Deyib ki, gələn il belə təhdidlərə cavab olaraq hərbi büdcəmiz təxminən 5 milyard dollar olacaq.
Ç.Qənizadə hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının baş tutmamasından da söhbət açıb: “Prezident İlham Əliyev bu məsələyə də münasibət bildirərək dedi ki, bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Bu iki maddədən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər. Digər bir məqam isə Ermənistanın öz Konstitusiyasını dəyişməkdir. Çünki Konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi obyektiv şərtdir. Bununla yanaşı, ATƏT-in Minsk qrupu ləğv olunmalıdır. Əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda bu qurum nəyə lazımdır? Yəni, Ermənistanın ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”.
Hüquq müdafiəçisi qeyd edib ki, Prezidentin müsahibəsində digər mühüm bir məsələ Qərbi azərbaycanlıların qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edilməsi barədə səslənən fikirdir. 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlının doğma yurd-yuvalarına qayıtması onların hüququdur. Təəssüf ki, bu günədək Ermənistan rəhbərliyindən hələ də azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab alınmayıb.
“Dövlətimizin başçısı daha sonra COP29-un Bakıda yüksək səviyyədə keçirilməsi, iqlim mövzularına illik xərclərin 300 milyard dollar həcmində razılaşdırılması, Avropa İttifaqının missiyasının tədricən NATO-nun missiyasına çevrilməsi, Fransız kolonializminin iyrənc siması, Gürcüstanın bizim üçün çox mühüm tərəfdaş və yaxın dost olması və digər mühüm əhəmiyyətli məsələlər barəsində məlumat verib”, - deyə Ç.Qənizadə bildirib.
19 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ