Onlayn ictimai-siyasi qəzet
“Beyin mərkəzlərinin nümayəndələri ilə Prezident İlham Əliyevin görüşü mühüm mesajlarla, təhlillərlə, regional və qlobal məsələlərin şərhi ilə yadda qaldı”.
Bu fikirləri Musavat.com-a politoloq İlyas Hüseynov bildirib.
“Dünyanın aparıcı beyin mərkəzlərinin fəal əməkdaşları Prezidentimizə suallar vermək imkanı qazandılar və regionda olan prosesləri anlamaq fürsətini əldə etdilər. Hər il olduğu kimi, beyin mərkəzlərinin nümayəndələri üçün işğaldan azad olmuş ərazilərdə baş vermiş yenidənqurma və tikinti işləri ilə tanışlıq imkanı yaradılır”,-deyə ekspert əlavə edib.
O qeyd edib ki, ənənəvi xarakter alan bu səfərlər çərçivəsində biz onların Zəngilan hava limanına, daha sonra Laçın şəhərinə səfərini izləyirik:
“Şübhəsiz ki, Zəngilan və Laçın yeni inkişaf mərhələsinə qədəm qoyur, burada yaşayış yerləri, inzibati obyektlər, infrastruktur layihələri, SMART yanaşmalar və tətbiqlər icra edilməkdədir. Mən özüm də Zəngilanın Ağalı kəndində olmuşam, orada yaradılan şəraitlə tanış oldum. Əlbəttə, bu elə bir yaxşı nümunədir ki, bunun xarici qonaqlara, tədqiqatçılara təqdim etmək mütləqdir. Bu layihələrin reallaşması üçün stimullaşdırıcı tədbirlər önəmlidir. Hər bir tədqiqatçı öz ölkəsində Azərbaycan haqqında müsbət rəyin formalaşmasına vətəndaş cəmiyyətinin köməyilə çalışa bilər. Ümumilikdə bu, təbliğat səfəri kimi qiymətləndirilsə də, əsas məqsəd Azərbaycanın öz torpaqlarını azad etdikdən sonra burada genişmiqyaslı işləri səfər edən şəxslərin diqqətinə çatdırmaqdır. Həm də investisiya cəlb edilməsi üçün də bu cür səfərlər müəyyənləşdirilir. Azərbaycan həm də göstərir ki, bu torpaqların əsas sahibi bizik, necə diqqətlə, həssaslıqla regionun inkişafına diqqət edirik”.
Qeyd edək ki, “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Qonaqlar öncə Zəngilan şəhərinə baş çəkiblər, burada onlar Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar. Ekspertlər bir gün əvvəl Bakıda başlayan beynəlxalq forumun öz işini davam etdirəcəyi Laçın şəhərinə də səfər edəcəklər. Forum iştirakçıları bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və Azərbaycanın “yaşıl enerji” sahəsində fəaliyyətini müzakirə edəcəklər. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ili ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.
Afaq MİRAYİQ,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ