İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan hakimiyyəti Rusiya mediasının hədəfində

Prezidentin Tiranadakı sammitdə iştirakını “anti-Putin koalisiyasında iştirak” kimi yozmaqda, Bakını “nankorluqda” ittiham etməkdə məqsəd nədir?; politoloq: “Bu, bolşevik təfəkkürüdür - kim bizimlə deyilsə, deməli, bizə qarşıdır”

Rusiya elektron mediasında Azərbaycanı hədəf alan yazılar artmaqdadır. Bu yazılarda məsələn, Azərbaycanın Tiranadakı son təmsilçiliyinin “anti-Putin koalisiyasında iştirak” kimi yozulub. (Mənbə: Vzqlayad.ru).   

“Qərbin planları” adlı Youtube kanalında Prezident İlham Əliyevin mayın 9-da Moskvaya getməmək qərarını pisləyən və Bakını “nankorluqda” ittiham edən 16 dəqiqəlik video yayılıb. Bütün bunlar saxta fotolarla müşayiət olunur və Azərbaycan diasporuna təzyiq çağırışları ilə yekunlaşır.

Kreml klanının partiya tapşırıqlarının həlim icraçısı kimi şöhrət qazanmış rusiyalı oliqarx Konstantin Malofeyevlə əlaqəli olan Rusiyanın məşhur “Tsarqrad” isə son vaxtlar Azərbaycana və onun rəhbərliyinə daha çox diqqət yetirməyə başlayıb, az qala hər gün anti-Azərbaycan məzmunlu materiallar yayır. (Mənbə: Minval.az).

Prezidentin “Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər vahid geosiyasi regiona çevrilir” açıqlamasına isə “Svobodnaya pressa” geniş məqalə həsr edib. “Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda bəyan etdi ki, Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər vahid geosiyasi regiona çevrilir. O da qeyd olundu ki, region daha çox xarici amillərlə bağlı dəyişikliklərə məruz qalır”, - nəşr yazır.

Nəşr onu da yazır ki, Prezident Əliyev Rusiyanın təsirinin zəifləməsindən danışaraq, bunu yeni xarici oyunçuların - ABŞ, Aİ, Türkiyə, Çin və Fars körfəzi ölkələrinin fəallığı ilə izah edib: “İlham Əliyev Bakının nümunəsindən istifadə edərək Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin "özləri üçün optimal məsafə saxlamaq və bundan faydalanaraq hamı ilə qarşılıqlı əlaqələr qurmaq" üçün tarixi fürsət qarşısında olduqlarını nümayiş etdirib. Eyni zamanda bildirilib ki, hər kəs üçün ən vacib olan “ən yaxın və ən prioritet dairə - Türk Dövlətləri Təşkilatında birləşmiş türk qrupu” olmalıdır. Əliyev bunu “qardaş birlik” kimi qiymətləndirir", - nəşr qeyd edir.

Nəşr yazır ki, “Orta Asiya və Cənubi Qafqazı çətin günlər gözləyir” deyən məşhur türkiyəli ekspert Levent Yılmazın proqnozu özünü doğruldur: “İndi Çin Qərbə yönəlmiş siyasət yürüdür, amma sabah hər şey sürətlə dəyişə bilər. Amma hələlik Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri potensial və yəqin ki, qaçılmaz daxili sarsıntılara malik mürəkkəb geosiyasi labirintə doğru gedir. Böyük dəyişikliklər dövrü gəlir...”

Qeyd edək ki, İlham Əliyevin sözügedən mövqeyi hazırkı beynəlxalq münasibətlər sistemində dəyişən çağırışlara cavab verməklə yanaşı, Azərbaycanın milli maraqlarına xidmət edir. Rusiya nəşrinin narahatlığı da buradan qaynaqlanır.

Bəs ekspertlər nə düşünür?

AzTV-nin İctimai-Siyasi Proqramlar üzrə Departamentinin rəhbəri, politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, Rusiyada anti-Azərbaycan lobbisi həmişə aktiv fəaliyyətdədir. Onun fikrincə, bu ölkədə Azərbaycanın hazırkı suveren siyasətini qəbul etməyən qüvvələr var və onlar çalışırlar ki, bütün postsovet respublikaları haqda belə radikal mövqe sərgilənsin. “Bu da bolşevik təfəkkürüdür - kim bizimlə deyilsə, deməli, bizə qarşıdır. Ona görə də həmin dairələr Azərbaycanı nədəsə ittiham etməyə bəhanə axtarırlar. Bu, Rusiyadakı neoimperialist zehniyyət sindromundan irəli gəlir. Biz hər zaman Fransadan, Birləşmiş Ştatlardan danışırıq,  ancaq Rusiyada da belə dairələr var. Onlar Rusiyanı yekəxana kimi təqdim etmək istəyirlər. Ki, hamı onların qarşısında təzim etsin, baş əysin, ”bəs bizim nüvə potensialımız var" və hamı bunu bilsin və sair...", - T.Abbasov belə qeyd etdi.

Tofiq Abbasov: “İrəvanı faktiki olaraq yolundan azdırırlar”

 Tofiq Abbasov 

Onun sözlərinə görə, bu yanaşma Ukrayna münaqişəsi prizmasından indi daha qabarıq görünməkdədir: “Müharibə millətçiliyi gücləndirir, rusofobiya təqdimatı şişirdilir. Yəni Rusiya bir jandarma siyasəti yürüdür. Amma biz Ermənistan kimi o cinahdan bu cinaha tullanıb heç vaxt Rusiyaya qıcıq verməmişik. Azərbaycanın düz, sabit xarici siyasəti var. Ümumiyyətlə, bizim Rusiya ilə bağlı ciddi problemimiz yoxdur. Qarabağ məsələsi idi, sülhməramlılardan narazılıq edirdik, Vardanyanı nə üçün bura göndərdiklərini haqlı olaraq söyləyirdik, indi isə bu problemlər yoxdur. Əksinə, hər hansı predmet olmadığı halda, Rusiyadakı həmin qüvvələr media vasitəsilə bizi təbdən çıxarmaq istəyirlər. Halbuki Tiranada keçirilən tədbirin təşkili bizim günahımız deyil. Keçən il Qranada şəhərində keçirilmişdi, amma o zaman Azərbaycan Prezidenti getməmişdi. Bilirdik ki, orada bizə qarşı bir tələ var və bu da Makronun oyunbazlığı idi. Onda niyə demədilər ki, Azərbaycan o tədbirdə hansı səbəbdən iştirak etmədi?! Çünki bu, Rusiya ilə bağlı məsələ deyildi, milli prizmadan olan mövqe idi”.

Ekspert hesab edir ki, Azərbaycan haqsızlıq görəndə Qərbi də, Şərqi də, qonşularını da tənqid edir: “Biz başa düşürük ki, Rusiya böyük qonşudur, mal dövriyyəmiz ilbəil artır, amma hazırda "qaşınmayan yerdən qan çıxarmağa" ehtiyac yoxdur. Sadəcə, həmin dairələr rusofobiyanı ölkənin dövlət siyasətinə çevirmək istəyən oyunbazlardır. Biz milli maraqlara zidd olmayan bütün platformalarda iştirak edirik və Rusiyaya nifrətimiz də yoxdur. O ki qaldı son baş verənlərə - təyyarənin vurulması və digər addımlar - bizim tələblərimiz haqlıdır, qüvvədədir".

Prezidentliyə namizəd məşhur zavod direktorunun oğluymuş...

Fuad Əliyev

Siyasi şərhçi Fuad Əliyev Rusiya ilə Azərbaycanın arasını vurmaq istəyən şəbəkələrin olduğunu açıqladı. Onun fikrincə, Ermənistan mətbuatı da Rusiyadakı həmin media resursları ilə koordinasiyalı hərəkət etməkdədir: “Onlar iki ölkə arasında yaranmış bu soyuqluqdan istifadə etməyə çalışırlar. Avropa Siyasi Birliyinin sammitində iştirak etməklə Rusiya əleyhinə hər hansı addım atılmayıb. Azərbaycan hansı tədbirdə iştirak edəcəyini özü müəyyənləşdirir. Qranada zirvəsi keçiriləndə Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd toplantısında iştirak edirdi. O zaman da deməliydilər ki, anti-Qərb platformasındayıq, Rusiyanın yanında dayanmışıq. Bu, dayaz münasibətdir. Rusiya-Azərbaycan əlaqələrinin inkişafında heç bir əngəl yoxdur, Bakı Moskvaya qarşı heç bir blokda yer almır, sanksiyalara qoşulmayıb”.

F.Əliyev əlavə etdi ki, təyyarə hadisəsi, deputatın deportasiya edilməsi, kiberhücum münasibətlərdə narazılıq yaradan hallardır: “Amma ikitərəfli əlaqələrin inkişafını tormozlamır. Azərbaycanın Rusiyadan gözlədiyi izahat və qarşı tərəfin yerinə yetirməli olduğu məsələlər var. Rəsmi Bakının bundan əlavə narahatlığı yoxdur”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR