İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan BRICS-ə yönələrsə, bizi nə gözləyir?  

 

Xarici İşlər Nazirliyi (XİN) Təhlil və Strateji Araşdırmalar İdarəsinin müdiri Mahur Qasımov keçirdiyi “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” adlı tədbirdə ölkəmizin BRICS-ə üzv olma ehtimalından danışıb. O, politoloq Fikrət Sadıxovun “Azərbaycan BRICS-ə üzv olmaq niyyətindədirmi?” sualını “Niyə də olmasın?”, - deyə cavablandırıb.

Faktiki olaraq XİN-in strateji hədəflərini hazırlayan idarə müdirinin bu cür tədbir keçirməsi və BRICS-ə üzvlüklə bağlı planlardan danışması istər-istəməz bəzi suallara yol açır: Azərbaycan Qərbdən tamamilə üz döndərmək istəyir? Bu, Rusiya-Qərb qarşıdurmasında Azərbaycanın strateji təmayül seçimi etməsi anlamına gəlirmi? Azərbaycan BRICS-ə yaxınlaşmaqla nəyə nail olmaq niyyətindədir? Biz bu addımla dünənədək strateji müttəfiq kimi tanıdığımız Türkiyədən uzaqlaşıb ölkəmizin ərazi bütövlüyünü özünün “qırmızı cizgisi” hesab edən İran, Rusiya kimi ölkələrlə eyni cərgədə dayanmağı hədəfləyirik?

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz XİN strateqinin BRICS-ə üzvlüklə bağlı açıqlamalarını gəlişigözəl fikirlər saymır. Onun fikrincə, Mahur Qasımovun BRICS-Azərbaycan münasibətlərinin perspektivinə həsr olunmuş tədbir keçirməsi və orada ölkəmizin bu alyansa girmə ehtimalı barədə açıqlama verməsi beynəlxalq aləmə ünvanlanmış mesajdır və bu mesaj dövlətin siyasi iradəsinin fikri kimi başa düşülməlidir: “Bununla belə, mən bu mesajın sadəcə diplomatik manevr xətrinə verildiyinə inanıram. Çünki iqtisadi cəhətdən öz taleyini tamamilə Qərbə bağlayan Azərbaycanın başqa geosiyasi təmayülə yönəlməsi sadəcə mümkün deyil. Bu, o demək olar ki, Azərbaycan Qərbə uzanan enerji kəmərlərindən və Orta dəhlizin mərkəzi ölkəsi olmaq avantajından imtina edəcək, yeni bazar kimi Çinə və Hindistana yönələcək. İstənilən neft və qaz hasilatçısının mövcud müştərilərindən vaz keçməsi isə asan məsələ deyil. Əvvəla, ona görə ki, qlobal enerji bazarında yeni tərəfdaşlar rahat əldə olunmur. Enerji bazarında müqavilələr uzun müddətə bağlanır və yeni aktorların həmin bazara girməsinə şərait yaradılmır. Üstəlik, özünün köhnə partynorlarını yarı yolda buraxan neft və qaz hasilatçıları etibarlarını itirirlər ki, bunu bərpa etmək çox vaxt uğurlu alınmır. Məsələn, 1973-cü ildə ərəb-İsrail savaşlarında öz neftindən strateji silah kimi istifadə edən, Amerika, Hollandiya, Danimarka və s. kimi ölkələrə neft satışını dayandıran ərəblər öz geosiyasi istəklərinə nail olsalar da, bir çox bazarlarını itirdilər. Bir də həmin bazarları geri qaytarmaq üçün xeyli zaman çalışmalı oldular və bir də neftdən strateji silah kimi istifadə etmək fikrinə düşmədilər. Eynilə, Rusiya da son dövrlərdə öz neftindən Qərbə qarşı silah kimi istifadə etdi. Nəticədə bütün Avropa bazarını qalıcı olaraq əldən çıxardı. Rusiya, Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri böyük hasilatçılardır. Yeri gələndə bizim onlar qədər təbii sərvətlərimiz yoxdur. Dolayısıyla Qərb ölkələrinin bizi birdəfəlik gözdən çıxarması daha asandır. Digər tərəfdən, geosiyasi və iqtisadi oriyentasiyasını dəyişmək və Qərblə bütün əlaqələrini kəsib Şərqə yönəlmək Azərbaycana yeni bazarlara yeni kəmərlər çəkməsi deməkdir və etiraf edək ki, Azərbaycanın nə buna maliyyə imkanı çatar, nə də o səviyyədə təbii sərvətləri var”.

Üstəlik, Azərbaycanın hazırda tərəfdaşı olduğu Avropa bazarının bizim enerji mənbələrimizə daha çox ehtiyacı duyduğuna inanan Heydər Oğuz xatırlatdı ki, başda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen olmaqla bir çox ittifaq liderləri rəsmi Bakıdan Qərbə neft və qaz ixracını artırmağı istəyirlər: “Bakı da məhz bu səbəbdən Qazaxıstan, Türkmənistan kimi Orta Asiya ölkələrini Transxəzər layihəsinə cəlb etməyə çalışır. Belə bir vəziyyətdə Azərbaycanın Avropa bazarından üz döndərməsinin heç bir əsası yoxdur və son zamanlar rəsmi Bakının alternativ layihələrə və ittifaqlara yönələcəyi ilə bağlı verdiyi mesajlar sadəcə ölkəmizin milli maraqlarına qarşı həyata keçirilən siyasətləri dayandırmağa xidmət edir”.

Siyasi şərhçinin fikrincə, erməni lobbilərinin fəaliyyəti nəticəsində bəzi Qərb strukturları Azərbaycana ciddi təzyiq göstərir və bu səbəbdən də rəsmi Bakı onu küsdürməyin nələrə yol aça biləcəyini tərəf-müqabillərinə xatırlatmağa çalışır: “Bəzi politoloqlar bu təzyiqlərin sadəcə demokratik məqsədlərdən doğduğunu, bu yolla Azərbaycan hakimiyyətinin avtoritar xarakterinə reaksiya verildiyini düşünürlər. Məncə, bu yanaşma səhvdir. Qərbin ən yaxın tərəfdaşı olan elə ölkələr var ki, avtoritarizm sahəsində bizimlə müqayisə edilməyəcək dərəcədə daha qatı tutum sərgiləyirlər. Məsələn, ABŞ-ın canbir dostu olan körfəz ölkələri. Amma bu xüsusiyyətləri onların Qərblə strateji müttəfiq olmasına əngəl yaratmır. Əksinə, Qərb dövlətləri həmin ölkələrdə başqa güc mərkəzlərinə bağlı qüvvələrin hakimiyyətə gəlməsindən ehtiyatlanıb onların demokratikləşməsini özləri üçün təhlükə sayırlar və mövcud rejimləri dəstəkləyirlər. Deməli problem demokratiya deyil. Qərb hakimiyyətləri öz ölkələrindəki erməni, yunan lobbisinin təsiri altında qaldıqlarından onların mövqeyini nəzərə alırlar. Bu mənada Azərbaycanda hakimiyyətdə kimin olmasına asılı olmayaraq, düşmən lobbilərinin formalaşdırmağa çalışdıqları siyasətlərin qarşısını almalıdır. Bizim isə bu diplomatik savaşda iki silahımız var; biri təbii sərvətlərimiz, digəri geosiyasi oriyentasiyamızı dəyişmək təhdidi. Fikrimcə, rəsmi Bakı da son zamanlar özünə qarşı yönəlmiş təzyiqlərə ikinci silahını işə salaraq cavab verir”.

Bununla belə, BRICS-ə yönəlmək təhdidinin real olmadığına inanan həmsöhbətimiz fikrini həmin ittifaqın möhkəm tellərlə bir-birinə bağlanmaması ilə əsaslandırdı: “Əvvəla, BRICS üzvləri arasındakı əlaqələr Qərb ittifaqı qədər möhkəm deyil. Heç uzağa getməyək, BRICS-in qurucu üzvlərinin belə, bir-biri ilə səmimi münasibətləri yoxdur. Məsələn, Hindistan Çinlə ciddi rəqabət halındadır və hətta ABŞ bu rəqabətdən istifadə edərək, Hindistanı Çinə qarşı qurduğu AUKUS blokuna qoşmağa çalışır. Prinsipcə, Hindistan da onun him-cimlərinə müsbət reaksiya verir. Bilirsiniz ki, Hindistanda keçirilən son G-20 zirvəsinə nə Putin, nə də Çin lideri Şi Cinpinq qatılmışdı. Bu fakt hər iki liderin Hindistana məsafəli davrandığının təzahürü idi. Təsadüfi deyil ki, Hindistanda keçirilən həmin sammitdə İranın və Çinin böyük ümidlərinin üzərindən xətt çəkən layihəyə imza atıldı. Söhbət yeni Ədviyyat yolunun İsrail üzərindən keçən marşrutundan gedir. Bu layihə ABŞ tərəfindən Çinin “Bir yol, bir kəmər” projesinə qarşı dəstəkləndiyi kimi, həm də İranın Fars körfəzi-Qara dəniz marşrutunun alternativi sayılır. Məntiqlə, Yeni Dehli bu razılaşmaya imza atmaqla faktiki həm Çini, həm də İranı vururdu. Bəzi analitiklər bu müqavilə bağlandıqdan sonra Qəzzada baş verənlərin ortaya çıxmasını təsadüfi hesab etmirlər. Onların fikrincə, HAMAS-ın başlatdığı məlum hücum və İsrailin ona soyqırıma varacaq qədər cavabı əslində BRICS üzvləri arasındakı bu ziddiyyətdən irəli gəlirdi. Məqsəd İsraildə vəziyyəti gərginləşdirmək və onun üzərindən keçən marşrutu təhlükəli hala gətirmək idi. Ədviyyat yolu üzərindəki bu savaş hələ də davam edir və onun regiona yayılma ehtimalı yüksəkdir. Xüsusilə də İsrailin Suriyadakı İran səfirliyinə hava hücumundan sonra. Maraqlıdır ki, bu hücumdan sonra Rusiya da İsrailə qarşı sərt bəyanatlar verir və hətta öz qoşunlarını İsrailin işğalı altında olan Qolan təpələrinə doğru dislokasiya etməyə başlayıb.

Bənzər mənzərəni biz Rusiya-Cənubi Afrika Respublikası arasında görürük. Məlum olduğu kimi, Cənubi Afrika Respublikasında keçirilən son BRICS zirvəsinə Putin açıq şəkildə dəvət olunmadı. Səbəb kimi isə onun Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən məhkum olunması göstərildi. CAR prezidenti Matamela Siril Ramafoza rəsmi media orqanlarına açıqlama verərək, Putinin bu ölkəyə gələcəyi təqdirdə həbs edilməsi ehtimalından danışıb faktiki olaraq onu aşağıladı. Məcburən, sammitdə Rusiya Xarici İşlər naziri Sergey Lavrov iştirak etdi. Bu da azmış kimi, son günlərdə ABŞ-la bu ölkə arasında bağlanan silah müqaviləsinə görə, CAR Ukrayna üçün artilleriya mərmiləri istehsal edib Vaşinqtona verəcək, Vaşinqton da onu Kiyevə göndərəcək. Rusiyaya qarşı bu qədər düşməncə mövqe tutan CAR-ın həmin addımından sonra BRICS-in öz ömrünü davam etdirib-etdirməyəcəyi belə, müəmmalıdır. Təbii ki, Azərbaycan hakimiyyəti bu təşkilata üzv olmaqla öz təhlükəsizliyini sığortalaya bilməz. Rəsmi Bakının həmin ölkələr arasında öz enerji mənbələrinə alıcı tapması da müşkül məsələdir və bu barədə artıq söhbət açdığımdan təkrar eyni mövzuya qayıtmaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki, Azərbaycan öz taleyini BRICS kimi bir-birinə düşmən ölkələrə bağlamaz, bağlarsa, böyük səhvə yol vermiş olar”.

 

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR