İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan Atabəyləri” filmi işğaldan azad Laçında nümayiş olunacaq

Artıq kinosevərlərin ixtiyarına verilən “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı 07 fevral 2025-ci il tarixdə, saat 18.00-da Laçın şəhərində “Lacinema” Kino Mərkəzində baş tutacaq.

Məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma torpaqları, dədə-baba yurduna dönən laçınlılar və ətraf ərazilərdə yaşayan soydaşlarımızın asudə vaxtlarının səmərəliliyinə töhfə vermək, zəngin tarixi irsimizi, xalqımızın qəhrəmanlıq səlnaməsini gündəmə gətirməklə əlavə qürur mənbəyi formalaşdırmaqdır. Hesab edirik ki, film Laçında və ətraf ərazilərdə bərpa olunan həyatın ahənginə rəng qatacaq, məskunlaşan yerli əhali tərəfindən maraqla qarşılanacaq. Digər tərəfdən filmdə Zəngəzur mövzusu və Vətən  Müharibəsi, şanlı Zəfərlə bağlı şüuralltı mesajların yer alması, günümüzlə müəyyən tarixi paralellərin aparılması ideoloji mahiyyəti etibarilə xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda mövzu məkan anlamında Şərqi Zəngəzur - Laçın  üçün səciyyəvidir və azad ərazilərdə nümayişi rəmzi məna daşıyır.

a9ff39c4-d7bd-44ee-92dd-e1c4418abb60.jpeg (804 KB)

“Azərbaycan Atabəyləri” bədii-sənədli filmi milli dövlətçiliyimiz, mədəniyyətimizin intibah dövrü sayılan 12-13-cü əsrləri əks etdirir. Azərbaycan Televiziyası, “Şahdağfilm”, qardaş Türkiyənin “İkinciYeniFilm” prodakşnlarının birgə səyi ilə ərsəyə gələn filmdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş qismində yer alır. Film orta əsrlərdə yaşamış türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sungur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsini anladır. Ekran əsəri izləyiciləri XII əsrin möhtəşəm mühitinə apararaq, Azərbaycanın zəngin və şanlı tarixinə işıq salır, həmin dövr milli-mənəvi irsimizin təbliğatçısı kimi çıxış edir.

Orta əsr Azərbaycan tarixinin ən parlaq dövrlərini canlandıran bədii-sənədli filmdə, dünya şöhrətli döyüşçü Zabit Səmədov Şəmsəddin Eldəniz obrazını canlandırırkən, İlqar Mehti isə Qara Sungur kimi ekrana çıxır. Digər əsas rollarda isə xalq artisti Mehriban Zəki (Möminə Xatun), əməkdar artist Bəhruz Vaqıfoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Cəngər Çavlı), Səmimi Fərhad (Vəzir El Həzni), Samir Qulamov (Gəncə), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi) və Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud), kimi azərbaycanlı sənətçilər də yer alır. Filmdə həmçinin, 300-dən çox aktyor epizodları canlandırıb. Ümumilikdə, yaradıcı heyətdə 500 nəfərdən çox insan çalışıb.

91c920cc-0a8f-4a91-a29e-b54d99fd4727.jpeg (1.18 MB)

Çəkilişlərdə məkan olaraq ölkəmizdə mövcud olan real tarixi qala və komplekslər istifadə olunub. 1000-ə yaxın xüsusi geyimlər hazırlanıb, yüzlərlə əlbəsə, rekvizitlər, aksessuarlar istehsal edilib və satın alınıb. Filmin quruluşçu rejissoru özünün uğurlu işləri ilə tanınan Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahildir və Ərcan Kayadır. Prodüserlər eyni ilə İlqar Mehti, Sərvər Bayramov və qardaş Türkiyədən “İkinciYeniFimi” təmsil edən Furkan Bəslidir.

Qeyd edək ki, “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin Qala gecəsi 03 dekabr 2024-cü ildə Heydər Əliyev Mərkəzində baş tutub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR