İnsanlara hürriyət, millətlərə istiqlal!

Aydın Mirzəzadə: “Kibertəhlükəsizliyin təmin edilməsi artıq dövlət siyasətinə çevrilib”

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı Milli Kibermərkəzin qurulması istiqamətində işlər aparıldığını bildirib.

Onun sözlərinə görə, kritik informasiya infrastrukturu obyektlərinə qarşı kibertəhdidlər, kiberhücumlar, habelə kiberinsidentlər barədə məlumatları toplamaq, onları sistemləşdirmək, təhlilini aparmaq, kiberinsidentlərə qarşı cavab tədbirləri görmək, o cümlədən baş vermiş kiberinsidentlə əlaqədar rəqəmsal kriminalistik tədqiqatlar həyata keçirmək qarşıya qoyulmuş əsas vəzifələrdəndir.

ALİ SON.jpg (44 KB)

Daha öncə tədbir iştirakçılarına müraciətində Ə.Nağıyev bildirmişdi: “Kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyət ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılması ilə nəticələnib. Belə ki, 9 indikator üzrə (kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibercinayətkarlığa qarşı mübarizə, rəqəmsal kriminalistika və digər aidiyyəti sahələr üzrə ölkədə həyata keçirilən fəaliyyətlər və s.) əsaslandırılmış təqdimat nəticəsində Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik üzrə reytinqdə mövqeyinin yüksəldilməsinə nail olunub. Belə ki, kibertəhlükəsizlik sahəsində 176 ölkənin 46 indikator üzrə fəaliyyətinin qiymətləndirilərək sıralandığı Milli Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində Azərbaycan 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə irəliləyib. Qeyd olunmalıdır ki, bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin hal-hazıradək qazandığı ən yüksək mövqedir. Hazırda həmin reytinq cədvəlində Gürcüstan 44-cü, Ermənistan isə 96-cı yerdədir. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi "Qlobal kibertəhlükəsizlik indeksi 2020" (Global Cybersecurity Index, GCI) reytinqində mövqeyini 15 pillə yaxşılaşdıraraq, 194 ölkə arasında 89.31 xal ilə 40-cı yerdə qərarlaşıb. Həmçinin 2009-cu ildə ratifikasiya edilmiş “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasına əsasən 24/7 şəbəkəsi vasitəsilə sübutların toplanması, rəsmi məlumatın təqdim edilməsi və şübhəli şəxslərin yerinin müəyyən edilməsi istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti daim müvafiq işlər həyata keçirir”.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev müraciətində həmçinin, bildirmişdi ki, Azərbaycanda bakalavriat səviyyəsində - informasiya təhlükəsizliyi ixtisası üzrə müasir tələblərə uyğun yeni təhsil proqramı hazırlanıb. Onun sözlərinə görə, yeni proqram rəhbərlik etdiyi qurumla Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə, ölkənin aparici ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssisləri cəlb etməklə, Türkiyə, Almaniya, İsveçrə və ABŞ kimi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən hazırlanıb.

BAKTİYAR.jpg (38 KB)

BP şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərivəsində təşkil olunan konfransda deyib ki, bu ilin sonuna kimi BP şirkətinin dəstəyi ilə Azərbaycanın iki universitetində kibertəhlükəsizlik laboratoriyası qurulacaq: “Şirkət olaraq müxtəlif sosial layihələr vasitəsilə gənc nəslin formalaşmasına dəstək olmağa çalışırıq. Son bir ildə təxminən 400-dən çox Azərbaycan gəncini müvafiq kiber və informasiya texnologiyaları kurslarında təhsilinə dəstək olmuşuq", - deyə o bildirib.

Millət vəkili Aydın Mirzəzadə “Yeni Müsavat”a mövzu ilə bağlı danışarkən bildirdi ki, müasir dövrdə inforfmasiyanın toplanması və qorunması aktuallıq tələb edir.

O, Azərbaycanın bu sahədə geniş fəaliyyət göstərdiyini diqqətə çatdırdı: “Təsadüfi deyil ki, kibertəhlükəsizlik reytinqində ölkəmiz 50-ci yeri tutur. Görüləcək fəaliyyət sayəsində mövqeyimizin daha da möhkəmlənəcəyini gözləmək mümkündür. Kibertəhlükəsizliyin təmin edilməsi artıq dövlət siyasətinə çevrilib. Bu baxımdan Milli Kibermərkəzin yaradılması əhəmiyyətlidir. Bu həm ümumilikdə təhlükəsizlik sisteminin qurulmasına, eyni zamanda ayrı-ayrı təşiklatlara metodiki yardım göstərilməsinə töhfə verərdi. Azərbaycanda bu sahədə dünyanın öncül təcrübəsi özünü büruzə verir. Faəliyyətin genişləndirilməsi üçün kibertəhlükəsizlik üzrə kadr hazırlığını genişləndirmək məqsədəuyğun olar. Bu gün demək olar ki, bütün təşkilatlar informasiyanın qorunmasında maraqlıdır.Bunu məlumatlı mütəxəssislərlə etmək yetərli deyil. Eyni zamanda xarici ölkələrin bu sahədəki təcrübəsini öyrənmək də mühümdür. Digər tərəfdən cəmiyyətin maarifləndirilməsinə ehtiyac var. Cəmiyyətin müəyyən qismi məlumatın qorunmasının nə qədər əhəmiyyətli olması barədə elə də geniş bilgiyə malik olmaya bilər. Bu baxımdan KİV vasitəsilə maarifləndirmə faydalı ola bilər. Kibertəhlükəsizliyə görə cinayət məsuliyyətinin yaradılması da bildirilməlidir. Xüsusilə, gənclər arasında geniş iş aparılmalıdır. İnformasiya texnologiyalarına marağı nəzərə alsaq, gəncləri bu istiqamətdə hazırlamaq qənaətbəxş olar. Hesab edirəm ki, Azərbaycanda kibertəhülkəsizlik sahəsində uğurlu fəaliyyət var və ildən-ilə göstəricilərimiz daha da yaxşılacaq”.

Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” İnstitutu ilə əməkdaşlığı çərçivəsində 2022-ci ildə təsis edilmiş Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi  (AKM) bu il ilk məzunlarını yola salıb.

GULAY .png (515 KB)

Onlardan biri gənc mütəxəssis Gülay Ağayeva “Yeni Müsavat”a bildirdi ki, Milli kibertəhlükəsizlik Mərkəzinin yaradılmasında əsas diqqət kibertəhlükəsizlik üzrə ekspert qrupunun yaradılması, rəqəmsal təhlükəsizlik haqqında məlumatlılığın artırılması, rəqəmsal fövqəladə hallara hazırlıq və cəlbedici təlim resurslarının təmin edilməsinə yönəldilməlidir. Və ən əsası əməkdaşlığa təməl daşı kimi baxılmalıdır. Kiber təhdidlər daim inkişaf edir, buna görə hökumət, sənaye və ictimaiyyətlə tərəfdaşlığın gücləndirilməsi vacibdir. Mənim fikrimcə, müvafiq hekayələri bölüşmək mürəkkəb izahatlardan daha təsirli olur. Kiberinsidentlər haqqında əhaliyə məlumat vermək üçün müasir alətlər, sosial medialar, podkastlar və veb saytlar güclü məlumat yayma vasitələri ola bilər. İnsanlara onlayn olaraq özlərini necə qorumağı öyrədən interaktiv oyunlar və simulyatorlar yaratmaq olar. Düşünürəm ki, eyni zamanda kibertəhlükəsizliyi təhsilə inteqrasiya etmək, praktiki seminarlar keçirmək məqsədəuyğun olar”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR