Onlayn ictimai-siyasi qəzet
Avropanın yeraltı anbarlarında (UGS) qaz ehtiyatları 70 faizdən aşağı düşüb.
Musavat.com "Gas Infrastructure Europe" (GIE) məlumatlarına istinadən xəbər verir ki, oktyabrın 29-dan başlayan istilik mövsümü ərzində anbarlardan istifadə sürəti əvvəlki beş ilin orta göstəricisindən təxminən 30 faiz yüksəkdir.
Buna baxmayaraq, yeraltı qaz anbarlarında qazın həcmi tarixdə dördüncü ən yüksək həcmdədir və ehtiyatlarla bağlı kritik vəziyyətin müşahidə olunduğu illərin göstəricilərini xeyli üstələyir.
Qeyd edək ki, Avropa İttifaqı üçün ən problemli illər 2018 və 2022-ci illər olub. O zaman yazda istilik mövsümünün sonunda anbarlardakı ehtiyatlar müvafiq olaraq 18 faiz və 26 faizdən aşağı kritik səviyyələrə düşmüşdü.
İndi Avropada anbarlar 69,94 faiz (son beş ildə bu tarix üçün orta göstəricidən 5,83 faiz bəndi aşağı) doludur ki, bu da "problemli" illərin analoji göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir - 2018-ci ildə 62,65 faiz və 2022-ci ildə 53 faiz. 2024-cü ilin yanvar ayında ehtiyatlar 85 faizdən yüksək idi. Ötən il istilik mövsümü bitəndə anbarlar 58 faizə yaxın dolu olub. Bu il indiki temp saxlanılarsa, yaza qədər anbarlarda 30 faiz həcmində qaz qalacağı gözlənilir.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ