İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadan gələn məktublar - Azərbaycanın Qərb üçün əhəmiyyəti böyükdür

Böyük Britaniyanın Baş naziri Rişi Sunak fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda ötən 30 ildən artıq müddətdə London və Bakı arasında münasibətlərin daha da gücləndiyi yazılıb.

R.Sunak son 12 ayda Azərbaycanla Britaniyanın Ukraynaya dəstək vermək üçün birgə fəaliyyət göstərdiklərinə diqqət çəkib: “Londonda strateji dialoqumuzu aparmışıq, minalardan təmizlənmə üzrə təcrübəmizi bölüşmüşük və ticarət əlaqələrimizi qurmağa davam etmişik”.

Hökumət başçısı bununla Azərbaycanın qlobal əhəmiyyətli məsələlərdə dünya gücləri ilə birlikdə fəaliyyət göstərdiyinə işarə edib. Rəsmi Bakının Ukrayna məsələsində tutduğu mövqeyə diqqət yetirdiklərini bildirib.

O, Londonun Azərbaycan torpaqlarının minalardan təmizlənməsinə dəstək verdiyini, bu sahədə əməkdaşlığın davam edəcəyini vurğulayıb. Yeri gəlmişkən, ötən il Böyük Britaniya hökuməti Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq çərçivəsində BMT-nin İnkişaf Proqramına 500 min funt sterlinq ayıracağını açıqlamışdı. Krallıq 2020-ci ildən başlayaraq 2023-cü ilədək Azərbaycanda minalarla mübarizəyə təqribən 1,5 milyon funt sterlinq yardım göstərib. Britaniyanın dəstəyi ilə reallaşdırılan layihələr çərçivəsində Tərtər, Füzuli, Ağdam və Goranboy rayonları ərazisində minatəmizləmə işləri görülüb.

GORUY.jpg (229 KB)

Baş nazir 2024-cü ilin Azərbaycan üçün daha çox əhəmiyyət kəsb etdiyini vurğulayaraq bildirib: “Çünki siz noyabrda COP29-a ev sahibliyi etməyə hazırlaşırsınız”. O, bununla Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə xüsusi diqqət yetirdiklərini qeyd edib. Baş nazir COP26-nın ev sahibi kimi rəsmi Bakı ilə təcrübələrini bölüşməyi, başqa sözlə bu sahədə də əməkdaşlıq təklif edib. Azərbaycanı bu istiqamətdə də dəstəkləyəcəklərini vurğulayan R.Sunak bildirib: “COP29-un uğurla keçirilməsi üçün sizə dəstək verəcəyimizə əmin ola bilərsiniz”.

O, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyi sahəsində tutduğu rola önəm verdiklərindən bəhs edərək vurğulayıb: “Enerji keçidlərini irəliyə aparmaq və qlobal emissiyaları azaltmaq baxımından bu, həyati əhəmiyyətli bir məqamdır”.

Baş nazir Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq qeyd edib ki, tərəflər arasında münaqişəyə son qoymaq üçün tarixi bir şans var: “Davamlı sülhə nail olunmasında hər iki ölkəyə Böyük Britaniyanın davamlı dəstəyini bir daha vurğulayıram”.

VİRGUM.jpg (199 KB)

Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, sabitlik və əməkdaşlıq tərəfdarıdır. Bu istiqamətdə rəsmi İrəvana təkliflər paketi təqdim edib. R.Sunak Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətdə görülən işlərə diqqət çəkərək bildirib: “Mən davamlı müqavilənin hər iki ölkənin və ümumilikdə bütün regionun rifahı və sabitliyi üçün gətirəcəyi böyük faydaları yüksək qiymətləndirirəm”.

Yeri gəlmişkən, 2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra İlham Əliyev Londonda Britaniyanın o zamankı hökumət başçısı Tereza Meylə görüşmüşdü. T.Mey İ.Əliyevi qələbə münasibətilə təbrik edərək səfərə belə qiymət vermişdi: “Bu səfər iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq”.

O, Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına və verdiyi dəstəyə görə minnətdarlığını bildirmişdi.

R.Sunak və T.Meyin təbriklərindən də göründüyü kimi Britaniya Azərbaycanla əməkdaşlığa, münasibətlərin inkişafına böyük əhəmiyyət verir.

Hər iki məktubda rəsmi Bakının qlobal əhəmiyyətli məsələlərdə iştirakı, rolu müsbət qiymətləndirilir. R.Sunak Azərbaycanın Ukrayna ilə bağlı tutduğu mövqeyi xüsusi olaraq qeyd edibsə, T.Mey o vaxt üçün aktual sayılan Əfqanıstanla bağlı məsələni vurğulamışdı. Krallığın indiki Baş naziri enerji sahəsindən söz açmaqla rəsmi Bakının bu istiqamətdə yürütdüyü siyasəti təqdir etdiyini bildirib.

Almaniya kansleri Olaf Şolts da İlham Əliyevi Prezident seçilməsi münasibətilə təbrik edib. O da Azərbaycanla əməkdaşlığa hazır olduqlarını vurğulayıb: “Almaniya bundan sonra da Azərbaycana modernləşmə kursunda və hüquqi dövlətçilik strukturlarının möhkəmləndirilməsi yolunda dəstək verməyə hazırdır”.

Ötən gün ABŞ-nin Bakıdakı səfiri Mark Libbi jurnalistlərə açıqlamasında Azərbaycanın həyata keçirdiyi layihələrin Avropanın enerji təhlükəsizliyini artırdığını deyib. Onun sözlərinə görə, ABŞ və Azərbaycan əsas diqqəti bərpa olunan enerji mənbələrinə yönəldərək enerji sektorunda əməkdaşlığı davam etdirəcək: “Mən bir amerikalı kimi Cənub Qaz Dəhlizi (SGC), Bakı-Tbilisi-Ceyhan kimi layihələr vasitəsilə Azərbaycanla birlikdə gördüyümüz işlərlə fəxr edirəm. Bunlar Avropanın enerji təhlükəsizliyini artıran, Azərbaycanda rifahın və təhlükəsizliyin artmasına töhfə verən layihələrdir”. Diplomat əlavə edib ki, Bakı və Vaşinqtonun enerji sektorunda yaxşı əməkdaşlıq tarixi var.

TARİXİ.jpg (36 KB)

Dünyanın əsas aparıcı güclərindən biri olan Britaniya Baş nazirinin təbrik məktubu Prezident İlham Əliyevin ötən dövrdə gördüyü işlərə verilən beynəlxalq səviyyəli qiymətdir, əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir.

Birləşmiş Ştatlar səfiri Mark Libbi də Azərbaycanın iştirakçısı olduğu layihələrin uğurlarını vurğulamaqla rəsmi Vaşinqton və Bakı arasında bu istiqamətdə əməkdaşlığın davam edəcəyini təsdiqləyib.

Avropa İttifaqının üzvü olan İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloni, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Jelko Komşiç, Litvanın Prezidenti Gitanas Nausedaya, Malta Prezidenti Corc Vella, Slovakiyanın Baş naziri Robert Fitso, Polşa Prezidenti Andjey Duda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və başqaları da Prezident İlham Əliyevi qələbə münasibəti ilə təbrik ediblər.

R.Sunak, O.Şoltsun, Avropanın başqa liderlərinin məktubları, zəngləri, M.Libbinin açıqlamaları bir daha Azərbaycanın Qərb ailəsinin üzvü olduğunu təsdiqləyir. Rəsmi Bakı Avropanın təhlükəsizliyi, enerji təminatı, qlobal miqyaslı münaqişələrin həllində mühüm rol oynayır və bu sahədə Avropa liderləri ilə eyni mövqedədir.

Sədrəddin İsmayılov
Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR