Onlayn ictimai-siyasi qəzet
Astana İrəvanlı Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır və xoşməramlılıq missiyasını üzərinə götürərək danışıqlar üçün platforma təqdim etməyə hazırdır.
Bunu aprelin 15-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə keçirdiyi brifinqdə deyib.
"Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, regionda sülh və davamlı sabitlik üçün yollar açmaqdır", - o bildirib.
Tərəflər iqtisadi və investisiya əməkdaşlığı məsələlərini də müzakirə edərək ixrac-idxal məhsullarının siyahısının artırılmasının vacibliyini vurğulayıblar.
"Qazaxıstan Ermənistana mal ixracını 350 milyon dollara çatdırmağa hazırdır, onların da fəallığına ümid edir", - deyən Tokayev İrəvanı Cənubi Qafqazda "etibarlı tərəfdaş" adlandırıb.
Onun sözlərinə görə, Ermənistan və Qazaxıstan üçün nəqliyyat, logistika zəncirlərinin inkişafı vacibdir.
Qazaxıstan lideri Ermənistanın Cənubi Qafqazda nəqliyyat əlaqələrini gücləndirmək istəyini yüksək qiymətləndirdiyini bildirib. "Astana Paşinyanın regionda "Sülh yolayrıcı" təşəbbüsünü alqışlayır. Həmçinin iki ölkə arasında hava nəqliyyatını stimullaşdırmaq lazımdır", - o əlavə edib.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistana ilk rəsmi səfəri kimi aprelin 15-də İrəvana gəlib.
2023-cü il oktyabrın 26-da Tbilisidə keçirilən "İpək Yolu" forumuna qatılan N.Paşinyan "Sülh yolayrıcı" layihəsi vasitəsilə regiona baxışını bölüşüb. Onun deməsinə görə, ölkəsi Qara, Xəzər və Aralıq dənizlərinə, habelə Fars körfəzinə çıxışlar əldə edəcək: "Bir şərtlə: yeni transmilli və beynəlxalq logistika marşrutlarının Ermənistan ərazisindən keçəcək hissələrinə bilavasitə rəsmi Yerevanın müvafiq qurumları nəzarət etməlidir".
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ