Onlayn ictimai-siyasi qəzet
Uca millətimizi Novruz bayramı münasibətilə təbrik edirəm. Son 35 ildə ilk dəfədir Azərbaycan torpaqlarının demək olar hamısı azad şəkildədir. Uzun çəkən işğal dövründə bizim dilimizdə belə şablon formalaşmışdı: “Gün o gün olsun növbəti Novruz bayramını Şuşada qeyd edək”. Həvəs olanda “Şuşada” sözündən sonra başqa yer adlarımızı da səsləndirərdik. Bu söhbət o qədər uzanmışdı ki, artıq qara yumor şəklini almışdı və etiraf edək, çoxlarımız bir daha o yerləri görəcəyimizə inanmırdıq.
“Demək olar” ifadəsi yazdım, bunun səbəbi hələ də bəzi sərhədboyu kəndlərimizin Ermənistanın əlində qalmağıdır. Əsasən Qazax-Tovuz istiqamətindəki bu kəndlərin anklav, “ada” şəklinə düşməyində sovet hökumətinin günahı vardı. 1980-ci illərdə o bölgədə xeyli torpağı zorla alıb Ermənistan SSR-ə bağışlamışdılar. Həmin biabırçı əməliyyatda Azərbaycan Nazirlər Soveti sədrinin müavini Şamil Rasizadə başda durmuşdu - gələcək baş nazirimiz Artur müəllimin qahımı.
Bugünlərdə həmin bölgədəki torpaqların qaytarılması mövzusu intensivləşib. Danışıqlar münasibətilə təzəlikcə erməni baş nazirin maraqlı açıqlaması verilmişdi. Paşinyan deyir ki, Azərbaycan bizdən Sofulu və Bərxudarlı kəndlərini tələb edir, lakin xəritədə belə kəndlər yoxdur.
Əlbəttə, olmaz. Siz o kəndləri yer üzündən elə silməmisiniz ki, nəsə nişanəsi qalsın... Ermənistanın işğalı dövründə bizim yaşayış məntəqələrində daş daş üstündə qalmayıb. Qəbiristanlıqlarımızı sökən bu vandallar hərdən görürsən idiot etirazlar edirlər. Məsələn, bugünlərdə bir etirazlarını görüb xeyli güldüm. Ermənistanlı əsgər varmış, “Duşman” ləqəbiylə (SSRİ-nin Əfqanıstan kontingentində qulluq etdiyi üçün bu ayamanı qoşublar). Qarabağın quldur dəstələriylə, silahlı banditlərlə məskunlaşmasında həmin bu Duşman nəsə mühüm rol oynayıbmış. 1992-ci ilin yayında əsgərlərimiz onu cəhənnəmə vasil ediblər. Sonra isə işğalçılar Şuşada bu axmağa nəsə muzey qayırıbmış. Təsəvvür elə. Həyasızlığın zirvəsidir. Nəinki şuşalı, heç qarabağlı deyil, ancaq Şuşada ev muzeyi açıblar. Təbii ki, Şuşa azad ediləndən sonra Duşmanın xatirəsi şəhərdən haqlı olaraq silinib. İndi isə ermənilər hay-küy qoparır, deyirlər azərbaycanlılar vandallıq edir, abidələri sökür, muzeyimizi dağıdırlar. Sanki Bakıda Njde və Andronikə də heykəl qoymalıyıq. Məntiq yox, ağıl yox, mərifət yox... Əməllicə işə düşmüşük.
Ancaq Paşinyan müəyyən dərəcədə səhv edir, ya da özünü elə aparır: Sofulu və Bərxudarlı kəndlərinin xarabalıqlarını, evlərin bünövrə qalıqlarını hazırda da Google peyk xəritələrindən görmək mümkündür. Bəziləri bu kəndləri Əskipara dərəsindəki dağıdılan yurdlarımızla qarışdırır, ancaq bunlar bir az fərqli istiqamətdədir. Başqa kəndlərdir. Hökumətin bu kəndlər üzərində israr etməsi bəlkə kimlərəsə xırdaçılıq görünər, ancaq özünüzü o yerlərin sakinlərinin yerinə qoyun. “Torpaqdan pay olmaz” - bu da Meydan hərəkatı və 90-cı illərin əvvəllərində çox dəbdə olan şüar idi, altında böyük hikmət yatır.
Əlbəttə, vaxt gələcək Qafqazda dostluq, sülh elə şəraitə yetişəcək ki, belə torpaq davalarına ehtiyac olmayacaq. Mən şəxsən buna inanıram. Necə ki, indi Avropada elə yerlər var, dövlət sərhədi hansısa kafenin səkisindən keçir.
Lakin ona da inanıram ki, bizim o günləri canlı görməyimiz çətindir, bəlkə mümkünsüzdür. Mentalitet, xalqların səviyyəsi, sülhə hazırlığı başqadır. Əraziyə deyil, insanlara, torpağa yox, onun üzərindəkilərə dəyər verən toplumlar, insanlar yetişməlidir. Gec olacaq, ancaq olacaq.
Barxudarlı kəndinin adı da elə o mənanı verir: bərxudar - arzusuna yetişən, xoşbəxt deməkdir.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ