Onlayn ictimai-siyasi qəzet
Arıqlamaq üçün pəhriz saxlayıb idman etmək kimi sağlam üsullar olsa da, bir çox insan reklamlarda az qala möcüzəli təsir vasitəsi kimi təqdim edilən dərmanlara, xüsusi çaylara, qəhvələrə, bioloji aktiv maddələrə üz tutur. Belə vasitələrin sağlamlığa təsirləri isə şübhəlidir.
Bəs həkim məsləhəti olmadan qəbul edilən arıqlama çay və dərmanlarının insan orqanizminə hansı zərərləri var?
Mövzu ilə bağlı həkim diyetoloq Leyla Zülfüqarlı Bizim.media-ya açıqlamasında bildirib ki, həkim məsləhəti olmadan qəbul edilən arıqlama vasitələri müxtəlif xəstəliklərə səbəb ola, hətta ölümlə də nəticələnə bilər.
"Arıqlamaq üçün həkim məsləhəti olmadan qəbul edilən hər hansı vasitənin orqanizmə faydası yoxdur. Əksinə, çox ciddi ziyanları ola bilər. Bəzi hallarda bunun bioloji ölümlə nəticələndiyini də görmüşük. Bir çoxu bu cür vasitələrin satışını yaxşı apara bilmək üçün arıqlamaq sözündən istifadə edir. Çünki bilir ki, arıqlamaq sözünü görənlər maraqlanıb alacaqlar.
Bu vasitələrin tərkibləri qeyri-müəyyəndir. Arıqlama çayları, dərmanları və ya iynələri - bunlar heç biri arıqlamağa kömək etmir. Çünki arıqlamaq fizioloji baş verən bir prosesdir. Biz bir günün içində kökəlmirik. İllərlə yığdığımız hormonlar dəyişir, kökəlmənin səbəbləri çoxalır və insan çəki alır. Arıqlama dərmanları, çay, qəhvə və ya iynələri - bunlar sadəcə iştaha mərkəzinə təsir edir və ora siqnal ötürərək bu mərkəzi müvəqqəti olaraq susdurur. Nəticədə insanın iştahası küsür və yemək yemir".
Yemək yemədən arıqlamaq doğrudurmu?
"Yemədən arıqlamaq heç bir halda doğru deyil. İnsan orqanizminin vacib resursu ilk olaraq mayedir. Bədənin hüceyrəarası və hüceyrədaxili mayesi var. Bu vasitələr həmin mayeni itirir. Hüceyrəarası maye itdikdən sonra əzələ tonusu da itməyə başlayır. Halbuki əzələmiz elə hüceyrələrimizdir. Hüceyrələrimizin tərkibi amin turşularıdır.
İnsan yaşlanır və orqanizmdə daha ciddi mərhələlər gedəndə vacib əzələ hüceyrələri itərsə, insanın bioloji ölümü tezləşir. Daha çox ürək əzələlərinin itirilməsi zamanı isə qəfil ölüm halları yaşanır. Bu səbəblə də insanları həmişə bu cür vasitələrə inanmamağa çağırmışam", - deyə müsahibimiz bildirib.
İnsanlar niyə belə vasitələrə meyillidirlər?
"İdman, pəhriz saxlamaq və ya həkim məsləhəti ilə sağlam bir şəkildə arıqlamaq mümkün olsa da, tənbəllik edən bir çox xanım daha asan üsullara əl atır. Televiziya kanallarında, küçədə reklam lövhələrində belə vasitələrin təbliği az getmir. Bu vasitələrin sürətlə yayılma səbəbi insanların daim axtarışda olmasıdır. Bu vasitələri istehsal edənlər insanlara edəcəkləri köməyi yox, nə qədər qazanacaqlarnı düşünürlər.
İnsanlara düzgün həkim məsləhəti ilə, sağlam bir şəkildə arıqlamağı tövsiyə edirəm. Bir həkimi həkim edən onun vicdanı olmalıdır. Vicdanlı həkim üçün biznes marağı qətiyyən əhəmiyyət kəsb etməməlidir. Yalnız insanlara fayda vermək lazımdır", - deyə L.Zülfüqarlı əlavə edib.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ