Onlayn ictimai-siyasi qəzet
Argentina prokurorluğu 1994-cü ildə Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzində törədilən terror aktı ilə bağlı aparılan istintaqla əlaqədar İranın ali lideri Ayətullah Əli Xamneinin həbsi prosesinə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
"Prokuror Sebastian Basso federal hakim Daniel Rafekasdan İranın ali lideri Əli Xamneinin həbsinə milli və beynəlxalq order verilməsini istəyib", – deyə nəşrdə bildirilir.
Xüsusilə, Basso İran liderinin bu hadisəyə mümkün əlaqəsini araşdırmaq istəyir. Lakin məqalə müəlliflərinin vurğuladığına görə, belə bir addım Buenos-Ayreslə Tehran arasındakı münasibətləri ciddi şəkildə pisləşdirə bilər.
Qeyd edək ki, Argentina Yəhudi Mədəniyyət Mərkəzində partlayış 1994-cü il iyulun 18-də Buenos-Ayresdə baş verib. Ölkə tarixində ən irimiqyaslı terror aktı 85 nəfərin ölümü, 200-dən çox insanın yaralanması ilə nəticələnib. Terror aktının məsuliyyətini Livanlı "Hizbullah" hərəkatı üzərinə götürüb. Ötən il aprelin 24-də Argentina beynəlxalq order verib və İranın daxili işlər naziri Əhməd Vahidinin hadisədə əli olmaqda şübhəli bilinərək həbsini tələb edib.
Musavat.com
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ