İnsanlara hürriyət, millətlərə istiqlal!

Ardıclıların deportasiyaya məruz qaldığı gün, 15 dekabr...  

 

15 dekabr Qərbi Azərbaycanın tarixi Pəmbək Mahalının Arçut (mənası- Ardıc çayı, yaxud da Ardıc ağaclarının məskəni, deməkdir) kəndinin sakinlərinin  öz doğma yurdlarından-o zamankı Ermənistan SSR-nin Quqark (tarixi adı Yaqublu) rayonundan-ellilikcə köçdüyü, doğma yurddan  deportasiya olunduğu və qaçqına çevrildiyi gündür.

Siyasətşünas alim, yazıçı-publisist, əslən Arçut (Ardıc) kəndindən olan “ARDIC” Hərəkatının təsisçisi, Qərbi Azərbaycan İcmasının üzvü Elşən Nəsibov Musavat.com-a kənd sakinlərinin yaşadıqlarını nəql edib:

"1988-ci ilin 7 dekabr tarixli  məlum Hamamlı (Spitak) zəlzələsindən sonra yaranmış şəraitdən irəli gələrək Arçut kəndinin sakinləri  11-15 dekabr aralığında tamamilə kəndi boşaldıblar. Daha doğrusu,  boşaltmağa məcbur ediliblər. Kəndin təxminən bir il davam edən gərgin, depressiya həyatına son qoyulub.  Kənd sakinləri o zamankı Sovet ordusunun hərbçilərinin, hərbi eşelonun  müşayiəti ilə Qazax rayonundan göndərilmiş  yük maşınlarının karvanı ilə kəndi tərk edib Azərbaycanın Qazax rayonunun Musaköy kəndinə  pənah gətirdi. Bununla da kənd camaatı üçün qaçqınlığın, didərgin həyatın əsası qoyuldu.

15 dekabr Arçut kəndinin həyatında əlamətdar tarixi bir gündür. Belə ki, həmin gün özündə xilaskarlığın, qurtuluşun ehtiva etdiyi sevinc hissi ilə ayrılığın, intizarın yaratdığı kədər hissini  birləşdirərək, əhəmiyyətli, vacib mədəni və sosial bir təqvimə çevrilib. Bu təqvim rəqəmi kəndin əbədi yaddaşında silinməz bir iz buraxıb. 

1988-ci ilin 11-15 dekabr aralığından bu yana kənd sakinləri bir anlıq da olsa belə kəndlərini unutmur və öz mədəniyyətlərini, adət-ənənələrini  qoruyub saxlayırlar. Şənlik və yas mərasimlərində görüşür, dərdləşir və öz birliklərini ellilikcə qoruyub saxlayırlar. Bununla da həsrətdə qalan, intizar duyğusunu yaşadan kənd ilə öz qiyabi təmaslarını saxlayırlar". 

E.Nəsibov qeyd edib ki, 2020-ci ilin dekabr ayından, Ermənistan işğalından qurtardıqdan sonra yaranmış gerçəkliklərdən irəli gələrək  formalaşan “ARDIC” Hərəkatı 15 dekabr təqvimini “Arçut günü” kimi kəndin tarixinə həkk olunması ideyası ilə çıxış edib və ideya kənd camaatı tərəfindən qəbul edilib:

"2023-cü ilin dekabr ayının 17-də Bakıda Qərbi Azərbaycan İcmasının dəstəyi ilə, Arçut İcmasının və “ARDIC” Hərəkatının birgə təşkilatçılığı ilə  mühüm tədbir keçirilib və bununla da  kənd sakinləri kəndi tərk etməklərinin 35 illiyini qeyd ediblər. Onlar tədbirdə kəndi ürək yanğısı ilə  xatırlayıb, ulu yurdu  bir daha yada salıb və erməni zülmündən  xilas olmaqlarını şənliklə qeyd ediblər. Həmin günün xoşbəxtliyini də unutmayıblar. Belə hər ilin 15 dekabr günü Ardıc günü-Arçut elinin həmrəyliyi günü kimi tarixə həkk olunması qərara alınıb.

Nigar HƏSƏNLİ,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR