Onlayn ictimai-siyasi qəzet
Ekspertlərə görə, Rusiyaya elə bir şəxs səfir göndərilməlidir ki, Kremllə sıx əlaqələr qura bilsin; bəs o diplomat kim olacaq?
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputat seçilməsi onun sələfinin kim olacağı ilə bağlı mövzunu yenidən aktuallaşdırıb. P.Bülbüloğlu diplomatik səlahiyyətlərdən nə vaxt istefa verəcəyi ilə bağlı dəqiq müddət açıqlamayıb, ilk növbədə seçkilərin rəsmi nəticələrini gözləməli olduğunu qeyd edib.
“Yeni Müsavat” qeyd edir ki, Seçki Məcəlləsinin 53.3 maddəsinə görə, namizəd müvafiq bildirişlə birlikdə seçkili dövlət və ya bələdiyyə orqanında vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizə göndərir.
1945-ci ildə anadan olan P.Bülbüloğlu 1995-ci ildə 45 saylı Şuşa-Cəbrayıl-Xocavənd seçki dairəsindən deputat olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir.
Bir müddət əvvəl bu strateji posta YAP-ın seçki siyahısında olmayan deputat Elnur Allahverdiyevin adı hallanıb. Bundan başqa, Prezidentin köməkçilərindən birinin də Rusiyaya səfir göndəriləcəyi haqda iddialar dolaşmaqdadır. Etibarlı mənbə “Yeni Müsavat”a Rusiyaya göndərilə biləcək şəxslər arasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun da adının hallandığını deyib. Rusiyadakı konsullardan birinin də bu posta gətiriləcəyi haqda iddialar var.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun adının da səfir postunda hallanmasına özü münasibət bildirib və onunla belə söhbət aparılmadığını deyib. Bildirilir ki, sabiq nazirin qardaşı Ayaz Məmmədyarov tibb elmləri doktoru, Rusiya Tibb Elmləri Akademiyasının Pediatriya İnstitutunda şöbə müdiridir. E.Məmmədyarovun əmisi isə Rusiyada da geniş tanınan və geniş tanışlıq dairəsinə malik kinodramaturq Rüstəm İbrahimbəyovdur. Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş rəhbərinin özü isə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla çox isti şəxsi münasibətlər qurub. Belə ki, Rusiya tərəfi E.Məmmədyarovun Azərbaycanın Moskvaya səfiri təyin olunmasında maraqlı ola bilər.
Ekspertlərə görə, Moskvaya elə bir şəxs səfir göndərilməlidir ki, Rusiya hakimiyyəti ilə sıx əlaqələr qura bilsin. Rusiya kimi ölkəyə təcrübəli, peşəkar birisi səfir göndərilməlidir. Nəzərə almaq lazımdır ki, erməni lobbisinin də güclü olduğu ölkələrdən biri Rusiyadır və Azərbaycan əleyhinə təbliğatlarını heç zaman dayandırmırlar. Bu istiqamətdə Rusiyadakı səfirimiz ölkəmizə qarşı təbliğatın qarşısını almağı bacarmalıdır.
Məlumat üçün deyək ki, səfir göndərmək qərarına gəlmiş hökumət bundan öncə qəbul edən tərəfdən razılıq (aqreman) alır. Aqreman məxfi şəkildə alınmalıdır. Aqrement (fr.) latın sözündən əmələ gəlib və qəbul edən ölkənin hökumətinin müəyyən şəxsin diplomatik nümayəndəliyin başçısı qismində təyinatına razılıq mənasını daşıyır. Aqreman sorğusunun edilməsi faktının açıqlanmasına yol verilmir, çünki sorğuya rədd cavabının aşkarlığı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər.
Vyana konvensiyası dövlətin aqremandan izahat vermədən imtina etmək hüququnu saxlayır. Adətən aqreman sorğusuna mənfi cavab verilmir, cavabda gecikdirmə artıq onu vermək istəməmə haqqında xəbər verir. Aqreman sorğusunun incə xarakterini nəzərə alaraq, sorğu ilə müraciət edilən hökumət bir qayda olaraq, cavabı gecikdirməməyə çalışır. Burada qarşılıqlıq prinsipi, yəni bu hökumətin öz səfirinə aqremanı hansı müddətə alması nəzərə alınır. Aqreman sorğusu zamanı tərcümeyi-hal arayışı gerbsiz, imzasız, tarixsiz və möhürsüz təmiz vərəqdə çap edilir. Bütün məlumatlar mütləq dürüst olmalıdır, çünki hər hansı qeyri-dəqiqliklər aşkar edildiyi halda arayışda söhbət gedən diplomat üçün arzuolunmaz və qarşısıalınmaz fəsadlar yarana bilər.
Onu da deyək ki, gələcək diplomatik nümayəndə haqqında dəqiqləşdirici məlumatlar məcburi deyil. Onun tərcümeyi-halı haqqında ümumi təsəvvür yaradan qısa məlumatları göstərmək kifayətdir. Aqreman sorğusu haqqında xatırlatmaq və xarici işlər nazirliyini cavab verməklə bağlı tələsdirmək məqbul sayılmır. Aqremanın verilməsi ilə bağlı cavab onun sorğu edildiyi yolla verilir. Xarici İşlər Nazirliyi aqreman istəmiş diplomatik nümayəndəni dəvət edərək, şifahi şəkildə ona hökumətinin müsbət cavabını çatdırır. Bu zaman heç bir sənəd verilmir. Əgər sorğu yazılı formada edilmişdirsə, cavab eyni formada verilməlidir.
Başqa bir mənbə deyib ki, Bakı COP29 üçün qonaqları qəbul etməyə fəal şəkildə hazırlaşır və böyük ehtimalla Azərbaycanın Rusiyaya yeni səfirinin təyin edilməsində tələskənlik etməyə də bilər.
Qabil Hüseynli
“Yeni Müsavat”a danışan professor Qabil Hüseynli hesab edir ki, Rusiya ilə münasibətlər spesifik xarakterə malikdir: “Ona görə də bu əlaqələrin dərinliklərini bilən, peşəkar diplomat səfir təyin olunmalıdır. Məhz bu göstəricilər və keyfiyyətlər nəzərə alınaraq, səfir göndəriləcək. Xüsusən də Rusiya siyasi kluarlarında qəbul ediləcək biri olmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyində, Prezident Administrasiyasının Xarici siyasət şöbəsində kifayət qədər təcrübəli, yetişmiş kadrlar var. Elə bir şəxs təyin oluna bilər ki, gözləmədiyimiz, yaxud tanımadığımız adam olar. Bu gün Rusiya-Azərbaycan münasibətləri inkişafdadır. Yeni səfir bu əlaqələrin inkişafına töhfə verməlidir. Onun üzərinə daha çox iş düşəcək. Çünki aktiv fəaliyyət göstərməlidir. O baxımdan gənc bir diplomatın təyin olunması da istisna deyil. Amma adlarını çəkdiyiniz şəxslərin səfir təyin olunacağına bir o qədər inanmıram. Təbii ki, səlahiyyət Prezidentdədir və qərarı özü verir, lakin bu məsələ Bakı-Moskva arasında aparılan məsləhətləşmə fonunda həllini tapacaq. Səfirlər təyin olunanda gedəcəyi ölkənin siyasi rəhbərliyi də ondan razı qalmalıdır”.
Fuad Əliyev
Siyasi ekspert Fuad Əliyev Rusiya-Azərbaycan strateji müttəfiqliyinin ruhuna uyğun olaraq qərar veriləcəyini gözləyir. Onun fikrincə, Polad Bülbüloğlunu Rusiya lideri Putin şəxsən tanıyırdı və hörmət edirdi, yeni səfir də nüfuzlu biri olmalıdır: “Əslində münasibətlərin inkişafını ali rəhbərlər müəyyən edirlər. Səfirlər isə təmsilçilərdir və rəsmi mövqeni ifadə edirlər. Bu mənada Rusiyadakı səfirimiz həlledici şəxs deyil. Amma Rusiyada təbliğatımızı gücləndirməliyik, diaspor təşkilatlarımızı aktivləşdirmək lazımdır, Qarabağdakı hadisələrdən sonra indi Moskvada daha çox işləmək lazımdır, erməni diasporunun səsini kəsməliyik. Hazırda bunun üçün daha yaxşı imkanlar var, çünki Rusiya-Azərbaycan əlaqələri inkişafdadır”. Siyasi şərhçiyə görə səfir məsələsinin təyinatı yubana da bilər: “Əsas məsələ odur ki, bütün ölkələrdə səfirlərimiz yatmamalıdırlar, işləməlidirlər, hansısa qəzetdə Xocalı qətliamı haqda yazı çap etdirməklə işlərini bitmiş saymamalıdırlar. Bu gün xüsusən də Qərb ölkələri siyasi hücumları gücləndiriblər, Avropa dövlətlərində olan səfirlərimiz ikiqat resursla, enerji ilə fəaliyyət göstərməlidirlər. Çünki diplomatik müharibə hələ indi alovlanıb”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ