Azərbaycanda məhbus vəfat etdi
Hadisə Bakıda Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Məlumata əsasən, məhbus İqor Avşarov xəstəlik səbəbindən dünyasını dəyişib. O, anasını qətlə yetirdiyi üçün həbsdə idi. Cinayət 2016-cı ildə Bakının Suraxanı rayonunun Qovsan qəsəbəsində baş verib.
Belə ki, 78 yaşlı Lidiya Avşarovanın zorakılıq izləri olan meyiti aşkar edilib. Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin münaqişə zəminində törədildiyi müəyyən edilib və 56 yaşlı İqor Avşarov saxlanılıb.
İstintaq müəyyən edib ki, uzun müddət yataq xəstəsi olan Lidiya Avşarova tez-tez oğlunu çağırır, saatı soruşur, yemək və su istəyirdi. 25 aprel tarixində İ.Avşarov sərxoş vəziyyətdə olarkən anasının növbəti istəyinə əsəbiləşərək ona hücum edib və baş nahiyəsinə təpiklə zərbələr endirib. Ağır xəsarətlər alan qadın hadisə yerində keçinib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında İqor Avşarov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu, 2025-ci ildə Bakının həbsxanalarında qeydə alınan 11-ci məhbus ölümü hadisəsidir.
ŞƏRHLƏRŞƏRH YAZ