Onlayn ictimai-siyasi qəzet
Ağ Evin Bakıdakı elçisinin etimadnaməsinin qəbul olunmaması ətrafında da hay-küy davam edir; Vaşinqtondan Azərbaycana qarşı əsassız iddialar münasibətlərə təsirini göstərib; ekspertlərdən ilginc açıqlamalar
Azərbaycan-Ermənistan münasibətlərində hakim olmaq istəyən paytaxtlar və mərkəzlər hələ ki, bu missiyanın öhdəsindən gələ bilmirlər. Əsas səbəb, heç şübhəsiz, iddiaçıların tərəfsiz ola bilməmələridir.
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Cənubi Qafqaz səfəri yarımçıq bitib. Məlum odluğu kimi, amerikalı diplomat bir neçə gün öncə İrəvanda olub. Mətbuatın verdiyi məlumata görə, diplomat orada xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və hətta Ankara ilə danışıqlarda xüsusi nümayəndə - parlament sədrinin müavini Ruben Rubinyan da daxil olmaqla, Ermənistan rəsmiləri ilə bir sıra görüşlər keçirib. Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri nədənsə Qafqaz turnesi çərçivəsində Bakıya gəlməyib. Halbuki bir qayda olaraq, o, hər iki paytaxta baş çəkirdi. Bunu da təbii olaraq onun vəzifəsi diktə edir.
ABŞ-ın ölkəmizdəki səfirliyi dünən məsələ ilə bağlı çox diplomatik, əslində isə mətləbdən yayındırıcı xarakterli bir açıqlama verib: “Qafqaz danışıqları üzrə baş müşavir Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini, davamlı və ədalətli sülhə nail olmağın yollarını müzakirə etmək üçün tez-tez regiona səfər edir və cənab Bono müntəzəm olaraq sülh prosesini dəstəkləmək üçün Ermənistan və Azərbaycanda əsas maraqlı tərəflərlə danışıqlar aparır. Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirəcək istənilən prosesə kömək etməyə hazırıq”.
Göründüyü kimi, Bononun İrəvandan sonra Bakı səfəri haqda heç bir anons yoxdur. Səbəb? Minval.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, diplomatın paytaxtımızda görünməməsinin konkret səbəbləri var. Onlardan biri odur ki, ABŞ regionda sırf öz siyasi ssenarisini təbliğ etməyə çalışır. Lakin Bono da daxil, Vaşinqton emissarları İrəvanda öz “dəyərli təlimat”larını paylaya bilərlər, Bakıya münasibətdə isə bu keçməz. Çünki Azərbaycan müstəqil və özünə hörmət edən dövlətdir, Ermənistan kimi köhnə və yeni ağalar arasında vurnuxan forpost yox. Ən əsası, mənbənin sözlərinə görə, məhz rəsmi Bakı L.Bononu qəbul etməkdən imtina edib. Səbəbi də çox aydın: “ABŞ-ın bölgədəki siyasəti qeyri-müəyyən və ən yumşaq tərzdə desək, birtərəflidir. Xüsusən də söhbət təzədən bərpa olunan bədnam ”907-ci düzəliş"indən gedir. Həmçinin din azadlığı ilə bağlı son hesabat, onun Azərbaycan bölməsinin erməni lobbisi ilə yaxından əlaqəsi olan bir xanım tərəfindən hazırlanması ciddi suallar doğurur. Daha mühümü odur ki, Amerika diplomatiyasının son vaxtlar etdiyi demarşlar fonunda Azərbaycan ABŞ-ı daha ədalətli və qərəzsiz vasitəçi qismində görmür". Qısası, futbol termini ilə desək, Amerikalı emissarın timsalında ABŞ-a faktiki “qırmızı vərəqə” göstərilib.
Yeri gəlmişkən, Ağ Evin Bakıya göndərdiyi yeni səfirin də etimadnaməsi hələlik dövlət başçımız tərəfindən qəbul edilməyib. Bu faktı əsas gətirən erməni təbliğat maşını Bakı ilə Vaşinqton arasında gərginliyin olduğunu iddia edir. Bu günlərdə ABŞ-ın Azərbaycandakı səfirliyi Ermənistan mətbuatında Bakı ilə Vaşinqton arasında münasibətlərə dair əsassız və yalan məlumatları ifşa edib. Belə ki, bununla bağlı səfirlik “Facebook” sosial şəbəkə hesabında açıqlama yayıb: “Yanvarın 4-də ABŞ dövlət katibinin köməkçisi Cülyetta Noyesin iştirak etdiyi mərasimdə yeni təyin olunmuş səfir Libbi and içib. Tədbirdə onun həyat yoldaşı Danusia və oğlu Endryu da olub. O, Bakıya qayıtmağı və ABŞ-ın Azərbaycandakı on birinci səfiri kimi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməyi səbirsizliklə gözləyir”.
Ermənistan KİV iddia edir ki, səfir Mark Libbi bir aydır Bakıdadır, lakin o, etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməsi üçün dəvət olunmayıb. Diplomat isə hazırda ABŞ-dadır.
Bakı ilə Vaşinqton arasındakı mövcud münasibətləri necə şərh etmək olar? ABŞ-ın mövcud siyasəti region üçün və Azərbaycanla münasibətlər baxımından nə vəd edir?
Qafar Çaxmaqlı
Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Bononun İrəvandan sonra Bakıya gəlməməsi elə bir siyasi olay hesab olunmamalıdır: “Bakıya diplomatın gəlməməsini Ermənistanda bununla bağlayırlar ki, Azərbaycan ABŞ hakimiyyətinin vasitəçiliyini istəmir. Bu, belə qiymətləndirilə bilər. Çünki Azərbaycan son zamanlarda Amerikanın tərəfsizliyini görmədi, bu ölkənin Senatında və Konqresdə anti-Azərbaycan ovqatı sərgiləndi. Amma Azərbaycana qarşı ciddi bir hərəkətin olmadığını gördük. Sülh prosesi məsələsində Ermənistanın özü ikili danışıqlar variantına etiraz etmirsə, ABŞ-ın və ya Avropa Birliyinin, o cümlədən Rusiyanın vasitəçiliyinə ehtiyac duymursa, Azərbaycanın bu varianta üstünlük verəcəyi, zənnimcə, anlayışla qarşılandı. Bononun gəlişinə həqiqətən Azərbaycan qadağa qoymuşsa, o zaman nədən Amerikanın rəsmi mövqeyi açıqlanmır? Məncə belə bir şey yoxdur və Bononun Bakıya gəlməməsi bununla əlaqəli deyil”. Q.Çaxmaqlı əlavə etdi ki, Azərbaycan ABŞ -ı ədalətli hakim kimi görmürsə, bunun günahını başqa bir yerdə axtarmaq lazım deyil: “Hesab etmirəm ki, Amerikanın Cənubi Qafqazla bağlı siyasətində Azərbaycanla əlaqədar belə xırda məsələlər rol oynasın. Ermənilərinsə bu faktı qabartması qorxudandır. Onlar ondan qorxurlar ki, müəyyən zaman içərisində ABŞ Azərbaycanın bölgədə əsas müttəfiqinə çevrilə bilər. Çünki ABŞ Ermənistanda Rusiya ilə bağlı siyasətində qərarlılıq görmədi. Amerika Paşinyanın faktiki ikili oyun oynadığının fərqinə vardı və Bononun Ermənistandakı təmaslarda əsas məsələnin Azərbaycanla sülh müqaviləsinin müzakirəsi olmadığını da ehtimal etmək olar. Amerikada seçkilərlə bağlı gəlişmələrin hansı siyasi gəlişmələrə səbəb olacağını indidən söyləmək bir qədər çətindir”.
Sahib Məmmədov
Hüquq müdafiəçisi, ekspert Sahib Məmmədov isə bildirdi ki, amerikalı diplomatın Bakıdan “yan keçməsi”nin bir neçə səbəbi ola bilər: “Əlbəttə, ilk növbədə ABŞ Konqresinin, Dövlət Departamentinin və Departamentə bağlı olan bəzi qurumların, o cümlədən ”Freedom House" kimi QHT-lərin Azərbaycan yumşaq desək, qeyri-dost münasibəti fonunda münasibətlərimizdə gərginlik davam edir. Ötən ilin 27 noyabrında ABŞ dövlət katibinin Prezident İlham Əliyevə zəngi, telefon danışığından sonra dövlət katibinin köməkçisi Ceyms O’Braynın regiona, o cümlədən Azərbaycana səfəri münasibətlərdə gərginliyi bir qədər azaltsa da, bunun ardınca ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı üzrə Komissiyası (USCİRF) 2023-cü ilin dekabr ayının 5-də açıqladığı Azərbaycanla bağlı növbəti qərəzli hesabatı və bu hesabatda dövlət katibinə Azərbaycanı “Xüsusi Nəzarət Siyahısına” (Special Watch List -SWL) daxil etməsinə dair tövsiyə verməsi və hesabatda “Ermənistanla münaqişə kontekstində Azərbaycan Dağlıq Qarabağ ərazisində hərbi cinayətlər və digər sui-istifadə hallarına yol verməkdə davam edir” kimi sərsəm, heç bir əsası olmayan fikirlər daxil etməsi, guya Qarabağda erməni xalqına məxsus dini obyektlərin dağıdılması ilə bağlı heç bir sübutu olmayan müddəalar münasibətlərimizi yenidən soyuq fazaya keçirdi. Bununla belə, ümid var idi ki, dövlət katibi komissiyanın bu bədnam tövsiyəsini nəzərə almayacaq, xüsusən də öz təşəbbüsü ilə Prezident İlham Əliyevlə telefon danışığından və danışıq zamanı verdiyi vədlərdən sonra... Amma ABŞ heç ABŞ olmazdı, əgər ikiüzlü siyasət yürütməsəydi. Dövlət katibi gözlədiyimizin əksi olaraq 4 yanvar 2024-cü il tarixində Azərbaycanın adını daha 4 ölkənin də olduğu “Xüsusi nəzarət siyahısı”na daxil etdiyinə dair açıqlama verdi. Əlbəttə, bundan sonra ABŞ rəsmi nümayəndələrinin rəsmi Bakı ilə danışıqlar yüngül olmayacaq. Görünür səbəblərdən biri budur". S.Məmmədov əlavə etdi ki, ABŞ rəsmisi Bakıda “gül-çiçəklə” qarşılanmayacaqdı: “Digər səbəb Bononun səfərinin həm də xüsusi məqsəd daşıması ola bilər. ABŞ və digər Qərb dövlətləri hələ də Ermənistanı Rusiyanın təsirindən çıxara biləcəklərinə ümid edir. Ümid edirlər ki, Ermənistanı Rusiyanın təsirindən çıxarıb onu Rusiyaya qarşı bir neçə istiqamətdə plasdarma çevirə biləcəklər. Azərbaycanla bağlı isə belə planları yoxdur. Çünki əvvəla heç bir dövlətin təsiri altında deyil, ikincisi Azərbaycan heç zaman hər hansı dövlətə qarşı üçüncü dövlətlərin plasdarmı olmayıb və olmayacaq. Ona görə bu istiqamətdə Azərbaycanla hər hansı danışıqların əvvəlcədən uğursuz olacağı məlumdur”. Ekspert xatırlatdı ki, bu arada ABŞ-n Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsi hələ də Prezident tərəfindən qəbul olunmayıb: “ABŞ isə belə məsələlərdə növbə gözləməyi çox da sevmir. Görünür, Amerika bunu da rəsmi Bakının ABŞ-a qarşı demarşı kimi qəbul edir. Halbuki, bu diplomatik tədbir də Prezidentin qrafikinə uyğunlaşdırılır. ABŞ səfirindən əvvəl etimadnaməsini Prezidentə təqdim etməyi gözləyən dövlətlər var idi. ABŞ-da 2024-cü il prezident seçkiləri ilidir. Namizədliyini irəli sürən bir neçə şəxs, xüsusən də kiçik Kennedi anti-Azərbaycan ritorikasını genişləndirməkdədir. Həmçinin ”Azadlığa dəstək" aktına edilən 907-ci düzəlişin bərpası məsələsi var. Məhz bu səbəbdəndir ki, Azərbaycan ABŞ-a sülh danışıqlarında neytral vasitəçi kimi baxmır. Bütün bunlar da planlaşdırılan və planladırılmayan görüşlərin səmərəsiz olacağını əvvəlcədən müəyyən edir".
E.PAŞASOY,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ