İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ali Baş Komandan ideal vaxtda qərar verdi...”

Ekspert: “Hazırda beynəlxalq nizam pozulub, siyasi xaosdur, Azərbaycan isə suverenliyini elə şəraitdə bərpa etdi ki...”

Beynəlxalq nizam pozulub. Dünya siyasi xaosun içərisindədir. Bütün bu baş verənlərə soyuq məntiqlə nəzər yetirəndə məlum olur ki, Azərbaycan Qarabağ problemini vaxtında ən ideal nəticə ilə həll edib. Hazırda beynəxalq münasibətlər darmadağındır, “soyuq müharibə” kəskinləşir. Azərbaycan isə belə amansız siyasi proseslərin nəticəsində ciddi maneələrlə qarşılaşmaqla işğal problemini həll edə bilməyəcəkdi.

Bu səbəbdən, Ali Baş Komandan İlham Əliyevin 2020-ci ildə beynəlxalq siyasi şəraiti dəyərləndirməsi xüsusi vurğulanmalıdır. Məhz bu qiymətləndirmənin nəticəsi idi ki, torpaqları işğalçılardan təmizləmək mümkün olmuşdu. Yəni ordu öz işini, diplomatiya da öz missiyasını cəbhədə yerinə yetirdi. Çünki diplomatiya nəticə əldə edə bilməyəndə, ordunun addımlarına təsir edir. Azərbaycan rəhbərliyi bu reallığı görür və analiz edirdi. Bu gün Ukrayna liderinin, işğala məruz qalan dövlətin prezidentinin üzləşdiyi vəziyyəti görəndə bunu bir daha təhlil etmək lazım gəlir. Axı işğaldan biz də əziyyət çəkmişik.

Lakin biz dünya güclərinin etibarsız olduğunu, beynəlxalq hüquqa məhəl qoymadığını nəzərə alsaq belə mürəkkəb dönəmdə ağır bir yükün öhdəsindən gələ bildiyimizi deməliyik. Yəni Vətən müharibəsində qələbəmizi təmin etməklə bərabər, diplomatiyada da qalibiyyət əldə etdik. Bu da Prezident İlham Əliyevin yüksək erudusiyalı siyasətçi olmağından irəli gəlirdi. Azərbaycan lideri o dönəmdə siyasi təzyiqləri neytrallaşdırmağı bacarmışdı və Fransa kimi ölkələrdən olan basqılara baxmayaraq, qətiyyətli mövqeyindən çəkinməmişdi. Bu gün də eyni siyasət davam edir və Azərbaycan dövləti Qərb ölkələrinin, bəzi beynəlxalq təşkilatların qərəzli addımlarına rəğmən öz haqlı mövqeyində qalmaqdadır. İndisə Ukraynanın başına gələnləri gördükdə, ən böyük müttəfiqi olan ABŞ-ın dönüklüyünü təhlil edəndə bir daha o nəticəyə gəlinir ki, işğala qarşı mübarizədə öz gücünə, potensialına güvənməlisən, kiməsə arxayın olmamalısan və ən əsası, soyuq ağılla siyasət yürütməlisən. Prezident Əliyev bunu bacardı və beynəlxalq münasibətlər sisteminin qarışıq vəziyyətində siyasi məharətlə suverenliyin bərpasına nail ola bildi.

“Yeni Müsavat”a danışan hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Azərbaycan 2025-i suverenlik ili elan edib, dünyanın müxtəlif yerlərində isə münaqişə ocaqları qalmaqdadır: “Biz dünyada böyük siyasi oyunların getdiyi, güc mərkəzlərinin bir-birinə savaş açdığı dönəmdə, müttəfiqlər arasında qarşıdurmalar başladığı illərdə ərazi bütövlüyümüzü təmin edə bildik. Bəlkə də Vətən müharibəsi indi başlasaydı, nəticələri fərqli olardı, yaxud daha ağır təzyiqlərə məruz qalardıq. Azərbaycan həm də ən əlverişli geosiyasi şəraitdə əks-hücum əməliyyatlarına start verərək torpaqları işğaldan azad etdi. Bu, Azərbaycan rəhbərliyinin uzaqgörənliyindən xəbər verir. Biz zamanı düzgün qiymətləndirə bilmişdik. Hazırda dünya qarışıb, ABŞ və Britaniya kimi müttəfiqlər üz-üzə qalıblar, Avropa İttifaqı Vaşinqtonun yeni administrasiyasına cəbhə açıb, belə bir siyasi xaosun içərisində işğala son qoymaqda müəyyən problemlər meydana gələ bilərdi. Baxın, müttəfiqlərdən London Zelenskini müdafiə edir, Tramp isə onunla az qala düşmən səviyyəsindədir. İndi Ukrayna işğala qarşı mübarizədə ciddi çətinliklə üzləşib. Azərbaycan isə dostlarının siyasi-mənəvi dəstəyini bütövləşdirdi, düşmənlərini və ya ən azı bizdən yana olmayanları bu prosesdə neytrallaşdıra bildi. Nəticə isə unikaldır - suverenliyimiz bərpa olunub, Xankəndidə bayrağımız dalğalanır”.

R.Məmmədli hesab edir ki, Azərbaycan yeni hədəflərə çatmağa çalışır: “Qarabağ zəfəri və işğala son qoyulması bizim sonuncu istəyimiz deyildi. Biz Ermənistanla yekun sülh sənədini imzalamaq istəyirik. Bu gün diplomatik cəbhədə mübarizə gedir və ümid edirik ki, sülh müqaviləsinin imzalanması da bizim şərtlərimiz çərçivəsində reallaşacaq. Ermənistan da anlamalıdır ki, Qarabağ onun deyil, heç vaxt da olmayacaq, ona görə sülh sazişinə imza atmalıdırlar. Bu, erməni xalqının yeganə xilas yoludur. Əgər İrəvan boyunduruqdan, iqtisadi blokadadan azad olmaq istəyirsə, revanş arzularını boğmalı, sülh üçün lazım olan addımları atmalıdır. Çünki beynəlxalq şərait də Ermənistana bunu diqtə edir”.

Hazırladı: Emil Salamoğlu

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR