İnsanlara hürriyət, millətlərə istiqlal!

Alagöz 250 min qarşılığında Azərbaycana nə gətirəcəkdi? – İrandakı sövdələşmə

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirmək istəyərkən saxlanılan Türkiyə vətəndaşının cinayət işinin təfərrüatı məlum olub. Saxlanılan şəxs borcu olduğu üçün psixotrop tərkibli dərmanları Azərbaycana gətirməyə razılaşdığını deyib.

Musavat.com xəbər verir ki, 44 yaşlı Serkan Alagöz sürücü olub. O, özünə məxsus yük maşını ilə ölkələrarası daşınma edirmiş. Serkan Alagöz Türkiyədən İrana yük aparıb. Geri qayıdan zaman ona Azərbaycana gətirməsi üçün xüsusi ilə külli miqdarda narkotik vasitə verilib. O, maşınının müxtəlif yerlərində gizlətdiyi narkotiki ölkə ərazisinə keçirmək istəyərkən Naxçıvanda, Culfa gömrüyündə saxlanılıb.

Gömrük əməkdaşları S.Alagözün avtomobilinə baxış zamanı üzərlərində Namadol-225 yazılmış 28605 ədəd güclü təsiredən maddə, tramadol dərman preparatları aşkar edilib. Təmiz çəki isə 6.5 kiloqram olub. Serkan Alagöz narkotiki nəqliyyat vasitəsinin dartıcı hissəsində alt yatağın altında və arxasındakı boşluqda, üst yatağın içərisində və havalandırma boşluğunda gizlədib.

S.Alagöz dindirilən zaman 250 min türk lirəsi borcunun olduğunu və bunun qarşılığında dərmanları Azərbaycana gətirməyə razılaşdığını deyib. O, Əli adlı İran vətəndaşı ilə Bəzirgan şəhərində tanış olduğunu, mal alış-verişi etdiklərini deyib. Bildirib ki, Əli əvvəlcə ona Azərbaycana xalça göndərəcəyini deyib. Lakin sonra zəng edərək dərman verəcəyini bildirib. Borcunun olduğunu deyən Serkan Alagöz bu təkliflə razılaşdığını, ona verilən 3 sellofanda narkotik tərkibli dərmanların olmasından xəbərsiz olduğunu qeyd edib.

Məhkəmə Serkan Alagözün əməlinin şahid ifadələri və təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə sübuta yetirildiyi qənaətinə gəlib.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Alagöz 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR