Onlayn ictimai-siyasi qəzet
-Dünya gender tarixində qadın şəxsiyyətlər var ki, onların həyat və fəaliyyətinə nəzər yetirəndə yaşadığı dövrün ictimai-siyasi hadisələrinin təsirinə də diqqət etmək gərəkdir. İstənilən millətin özünəməxsus tarixləşən Qadın şəxsləri vardır ki, onların xalq qarşısında xidmətləri də unudulmazdır. İstedad, bilik, qabiliyyətləri ilə seçilənlər həm də əməksevər, xeyirxah olurlar. Belə qadın şəxsiyyətlərdən biri də Azərbaycan siyasi dövlətçilik tarixində yeri olan üç böyük Dövlət Xadimini birləşdirən, ictimai xadim, akademik Zərifə Əliyevadır. Zərifə xanımın tale yazısında, həyat fəlsəfəsində üç Dövlət xadiminin adı var.
-Hər bir insanın ailəsinin onun taleyində vacib rolu vardır. Zərifə xanım Azərbaycanın Böyük oğlu, Dövlət və Elm xadimi, alim, professor Əziz Əliyevin həkimlik sənətini özünə Yol seçən övladıdır. Əziz Əliyev Azərbaycan səhiyyəsinin inkişafında xidmətləri olan, Dövlət xadimi, Rəhbər idi. Prezident İlham Əliyev vurğulayır ki: “Əziz Əliyev peşəkar həkim, həm təşkilatçı, həm də Dövlət Xadimi idi. Təvazökar, xeyirxah insan idi”. (4) Şəxsi keyfiyyətləri övladlarına keçən, hər vaxt onlara humanizmi, xeyirxahlığı cəsarəti, mübarizliyi aşılamışdı. Əziz müəllim pedoqoq idi, qətiyyətli, iradəli, tolerant, təmkinli Dövlət rəhbəri idi və hər kəs, eləcə də övladları üçün də örnək idi. Belə ailədə formalaşan Zərifə xanım insanlara qayğısı ilə tanınan zərif Qadın idi. Kübarlıq, ziyalılıq, əməlsevərlik, xalqa, Vətənə sevgi ailədən aşılanan keyfiyyətlər idi.
-Akademik Zərifə Əliyeva müasir Azərbaycan dövlətçilik institutunun qurucusu Dövlət Xadimi – Rəhbər – Lider Heydər Əliyevin həyat sirdaşı, ömür dostu olmuşdur. Prezident İlham Əliyev vurğulayır ki: “Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir. Bir alim kimi Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir, eyni zamanda, Sovet İttifaqının oftalmologiya elmində ən yüksək mükafat olan Averbax mükafatına layiq görülmüşdür”. (2)
Prezident İlham Əliyev tibb sahəsinə - həkimlik peşəsinə də dəyər verərək bildirir ki: “Peşəkar həkim, xeyirxah insan və hər bir həkimdə bu iki amil birləşməlidir. Çünki həkim peşəkar olmalıdır, insanlara xidmət göstərməlidir. Eyni zamanda, həkim xeyirxah insan olmalıdır”. (3) Nəzərə yetirək ki, Zərifə xanımın bu məsələlərə aid fikirləri, çoxlu məqalələri, həkimin etik davranışına aid dəyərli fikirləri vardır.
Prezident İlham Əliyev vurğulayır ki: “Zərifə xanım böyük lider, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. Əlbəttə, 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının əlbəttə ki, müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi”. (2)
Zərifə Əziz qızı Ulu öndərin - Böyük Siyasətçinin dostluğunu, etibarını, məhəbbətini öz həssas ürəyi, musiqili duyğuları, incə qəlbi, yüksək kübar mədəniyyətli, əsilzadə nəcabətli xanımlıq xisləti ilə qazanmışdı.
Ulu öndər Heydər Əliyev deyir ki: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin də çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə, ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. (2) Və ulu öndər zərif duyğularını kövrək səslə elə səmimi qeyd edir ki: “Mən həqiqətən onu çox sevirdim. Onun da mənə olan məhəbbətini hiss edirdim. Düşünürəm ki, bizim bir-birimizə olan məhəbbətimizin köklərinin nə qədər dərində olduğunu sübut etməyə ehtiyac yoxdur”. (2)
Ulu öndərin siyasi həyatının ən çətin, ağır və təhlükəli vaxtlarında Zərifə xanım onu heç zaman tək qoymadı, onun silahdaşı, dostu, dəstəyi oldu. Zərifə xanım ailəsində əvəzolunmaz dəyəri, yeri olan həyat yoldaşı idi. Ulu öndər onun fəaliyyəti haqda deyir ki: “Zərifə xanım şöx böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi” (1.) O, oftalmologiya məktəbində tək elmi-tədqiqatla yox, həm də gənc tibbi kadrların peşə ixtisaslarının yüksəlməsinə özəl diqqət yetirirdi və onun rəhbərliyi ilə çoxsaylı oftalmoloqlar həyata vəsiqə almışdı. Zərifə xanım çoxillik həkimlik yolunda mürəkkəb göz əməliyyatları aparmış, görməsi çox zəif olan, ya da tam görməyənlərin gözünə nur gətirən Oftalmoloqdur.
Ulu öndər Zərifə xanımı anaraq söyləyir ki: “Ailəmin yaşaması, bu günlərə çatması , övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar”. (1)
Prezident İlham Əliyev Zərifə xanım - əziz anası haqda söyləyir ki: “Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi” (2)
Zərifə xanım Böyük Ana, qayğıkeş qadın idi. Alim və həkim kimi cəmiyyətdə aktiv rolu olan Zərifə xanım Analıq, həyat yoldaşı missiyasını heç zaman unutmamışdı. Təmkinli, səbrli, mədəni, kübar, diqqətçil, səmimilik tək xüsusiyyətləri Heydər Əliyev - Zərifə Əliyevanın oğulları Prezident İlham Əliyev və qızları şərqşünas, tarixçi alim Sevil Əliyevanın həyat yolunun örnəyi oldu. Yüksək mədəni, ali keyfiyyətli, Vətənpərvər, humanist ailədə İlham Əliyev kimi vətənsevər oğulun formalaşması, savad, təlim alması, tərbiyəvi mədəni-mənəvi dəyərləri əxz etməsi ailəsindən aşılanan həyat Yolu idi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir.
Zərifə xanım alim, ziyalı, görkəmli Qadın şəxsiyyət, Azərbaycan tibb elminin oftalmologiya sahəsinin inkişafında xidmətləri olan Akademik Qadındır. Onun həkimlik fəaliyyəti, ömür yolu, mədəni dünyası oftalmologiya elminə təsir edirdi. Azərbaycan oftalmologiyasını dünyada tabıdan Zərifə Əliyeva tibbin bu sahəsində məktəb yaradan yenilikçi, həkim Alimdir. Zərifə Əliyeva qeyd edirdi ki: “O şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir” (1).
Akademik A.Nesterovun fikirləri ilə baxsaq: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”.(1) Zərifə Əliyeva Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin , “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü, ictimai xadim idi. Zərifə xanım ədəbiyyatı, musiqini də sevən, özü pianoda çalan, ədəbiyyata önəm verən Alim, ziyalı idi.
Peşəsi həkim olan Xanım Mehriban Əliyeva qeyd edir ki: “İxtisas seçimimə İlhamın anası – həkim oftalmoloq Zərifə xanım təsir göstərmişdir. Təəssüf ki, mənim Zərifə xanımla ünsiyyətim qısa (1983-1985) oldu, həyatdan getdi. Bu istedadlı və gözəl qadınla bağlı xatirələr hələ də mənim qəlbimdə yaşayır” (5)
-Zərifə xanım novator Qadın, alim, Akademik, saf insan olaraq yaşadığı ömrü, örnək həyat Yolu hər azərbaycanlı qadın, hər bir alim, eləcə də həkimlər üçün bir dərs öyrənc məktəbdir.
İnsanlara, Vətənə, insanlığa tükənməz məhəbbəti, incə ürəyə malik olan, gözlərə nur verən azərbaycanlı Qadın təəssübünü üstün bilən, savadı, istedadı ilə elmin ən yüksək statusuna yetən akademik Zərifə Əliyeva müasir gənclərə, eləcə də gələcək nəsillərə örnək bir Şəxsiyyət, Azərbaycan Vətəndaşıdır.
Azərbaycanın müxtəlif dövrlərində Prezident – Ali Baş Komandan olan həm Heydər Əliyev, həm də İlham Əliyev öz həyat Yollarında Zərifə xanıma yüksək dəyər vermişlər. Onun doğum günündə Ulu öndər söyləyirdi: “Bu gün xoşbəxt gündür. Cünki, bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib”. Eləcə də qürurla Prezident İlham Əliyev “Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur” deyə vurğulayır.
Prezident İlham Əliyevin 1995-ci il oktyabrda KİV-ə müsahibəsində “Siz Zərifə xanımı necə xatırlayırsız?” sorğusuna “Ən əziz insan kimi. Onun vəfatından sonra mənim həyatım, bütün ailəmizin həyatı dəyişildi.Yəni indi mən o vaxtlardakı kimi gülə bilmirəm, baxmayaraq ki, onun həyatdan getməsindən on ildən çox vaxt ötür. Mənim həyatımda xoşbəxt hadisə hadisə olanda düşünürəm: o da bunun üçün sevinərdi. O vəfat edəndə mənim böyük qızımın bir yaşı vardı. Yəni mənim qızlarım öz nənələrini görməyib, bu, onların tərbiyəsində böyük itkidir...” (3)
İlham Əliyev akademik Zərifə Əliyevanın 90 illik yubileyində çıxışında söyləmişdir ki: “Zərifə xanım, sözün əsl mənasında, həkim, böyük alim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərmişdir” (2)
Prezident İlham Əliyev Zərifə Xanımın cəmiyyətdən roluna da toxunaraq söyləyir: “Heç vaxt heç bir sözü, addımı ilə göstərmirdi ki, onun cəmiyyətdə hansısa xüsusi statusu vardır və bu da təbiidir, əslində belə də olmalıdır. Ancaq biz bilirik ki, bir çox hallarda belə deyil və müəyyən statusa malik olan insanlar, yaxud da ki, onların yaxınları özləri üçün xüsusi imtiyazlar tələb edirlər. Zərifə xanımın bu sahədəki hərəkətləri, davranışı da nümunə olmalıdır. Zərifə xanım çox yüksək mədəniyyətə malik olan, çox istedadlı, bilikli insan idi. Nəinki öz peşəsində, eyni zamanda, hərtərəfli istedadlı bir insan idi və bəziləri üçün o, necə deyərlər, son ümid yeri, ümid ünvanı idi. Hətta tanımadığı adamlar belə müxtəlif xahişlərlə, müxtəlif şikayətlərlə onun iş yerinə gəlirdilər. O, çalışırdı ki, hər kəsə kömək göstərsin. Tanımadığı adamların xahişlərini gəlib atama çatdırırdı və o məsələlərin böyük əksəriyyəti öz həllini tapırdı. Yəni, daim insanlara xidmət etmək, kömək göstərmək arzuları, amalları ilə yaşayırdı”. (2)
Bir övlad, bir Azərvaycan vətəndaşı olaraq dövlət başçısı İlham Əliyev vurğulayır ki: “Onun unudulmaz obrazı bu gün də mənim üçün çox əzizdir, doğmadır. Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq, eyni zamanda, yüksək mədəniyyət, alicənablıq – bütün bu gözəl amillər onda birləşmişdi. Zərifə xanım əsl ziyalı idi, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi, onları təcəssüm etdirirdi. (3) və anası ilə keçirtdiyi zamanların xatirəsini həssas notlarla anaraq deyir: “Hərtərəfli istedadlı idi, musiqini çox sevirdi, istənilən melodiyanı, istənilən mahnını notlarsız çox böyük məharətlə, ustalıqla pianoda ifa edə bilirdi. Teatrı çox sevirdi və yadımdadır ki, 1970-ci illərdə onunla bərabər dəfələrlə Azərbaycan teatrlarında olmuşam, bütün tamaşalara baxmışam. Elə tamaşalar var idi ki, biz o tamaşalara bir neçə dəfə bir yerdə baxırdıq”. (2)
Prezident İlham Əliyev Anaya böyük önəm verən dəyərləndirən Rəhbərdir və söyləyir ki: “Hər bir insan üçün onun valideynləri, onun anası əzizdir, müqəddəsdir. Bu da təbiidir. Hər bir insan doğmalarını öz qəlbində yaşadır. Əlbəttə ki, onun xatirəsi, onun obrazı onu tanıyanların qəlbində yaşayır. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur. Ancaq əfsuslar olsun ki, biz onu tez itirdik. Vaxtından əvvəl həyatdan getdi, hələ çox iş görə bilərdi. Ancaq həyat belədir ki, heç kim deyə bilməz nə vaxt nə baş verəcəkdir”. (2) Prezident İlham Əliyev söylədiyi kimi: “Valideynləri hər övlada dogma, əziz, unudulmazdır” və bir də nəzərə yetirək ki:Prezident İlham Əliyev Akademik Zərifə Əliyevaya dəyər verərək qeyd edir ki: “Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. Onu tanıyanlar və tanımayanlar, haqqında kitablarda, məqalələrdə oxuyanlar da hesab edirəm ki, onun nurlu obrazını daim öz ürəyində saxlayır. Zərifə xanım böyük həkim, böyük alim, böyük insan idi. Onun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır”. (3) Bəli, öz mənəvi-mədəni ucalığı ilə Zərifə Əliyeva Akademik, İctimai Xadim olan Azərbaycanın Böyük Qadını unudulmur.
Azərbaycanın Birinci vitse-prezidentiti Mehriban Əliyeva Zərifə xanımdan əxz etdiyi ənənələrini yaşadır, milli-mənəvi dəyərlərin hamısı olmaqla ölkədə təhsilin, tibb sahəsi, mədəniyyət, mənəviyyat və s. sahələrin tərəqqisinə müstəsna diqqət göstərir. Müasir Azərbaycanı beynəlxalq aləmdə - dünyada tanıdır, Azərbaycan Qadınının – Anasının yüksək mənəvi-mədəni keyfiyyətlərini ümumbəşəri dəyərlərlə ehtivasını əks etdirir.
Akademik Zərifə Əliyeva Alim Qadın, Böyük Ana – örnək məktəbdir.
Ədəbiyyat Siyahısı
Rəna Mirzəzadə
Professor, AMEA Qadınlar Şurasının Sədri
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ