Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana etdiyi səfər ikitərəfli münasibətlərdə mühüm bir dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Onun Prezident İlham Əliyevlə keçirdiyi görüş, Azərbaycan-Aİ əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Bu səfər, təkcə diplomatik səviyyədə deyil, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır. Avropa İttifaqı Azərbaycana münasibətdə əvvəlki dövrlərdə mövcud olmuş bəzi stereotiplərdən və birtərəfli yanaşmalardan uzaqlaşdığını nümayiş etdirdi. Bu, Aİ-nin Azərbaycanın artan regional və qlobal rolunu daha aydın şəkildə qəbul etdiyini göstərir.
Azərbaycanın Xəzər-Qara dəniz regionunda oynadığı strateji rol, habelə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirakının önəmi xüsusi vurğulandı. Bu gün Azərbaycan Avropanın 10 ölkəsinə təbii qaz ixrac edir və qaz təchizatının coğrafi şaxələnməsi baxımından qitədə lider mövqeyindədir.
Səfərin nəticələri göstərir ki, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər yeni, daha dərin və qarşılıqlı maraqlara əsaslanan bir mərhələyə qədəm qoyur. Gözlənilir ki, qarşıdakı dövrdə bu əməkdaşlıq daha da genişlənəcək və yeni sahələri əhatə edəcək.
Politoloq Zeynal Əmrəliyev də Musavat.com-a açıqlamasında Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfərini Aİ-Azərbaycan münasibətləri zəminində çox mühüm əhəmiyyət kəsb etdiyini deyib:
"Çünki uzun müddətdir ki, Aİ-Azərbaycan arasında Kaya Kallasın sələfinin səhvləri ucbatından Aİ-Azərbaycan münasibətlərində gərginlik vardı. Yəni Avropada Azərbaycana qarşı qərəzli kampaniyanın başında duran şəxslərdən biri məhz xanım Kallasın sələfi olan Josep Borrell idi. Bu dövrdə Borrellin Azərbaycana qarşı səhv yanaşma sərgiləməsi, ikili standartlara yol verməsi səbəbindən bu cür anlaşılmaz vəziyyət yaranmışdır.
Həmçinin Avropanın digər institutlarının da Azərbaycana qarşı münasibəti olduqca qərəzlidir. Məsələn, Avropa Şurası Parlament Assambleyası haqsız olaraq Azərbaycan nümayəndə heyətinin mandatını təsdiq etmir və demək olar ki, Azərbaycan nümayəndələrinə məhz həmin platformada çıxış etmək üçün imkan tanımır. Əvəzində anti-Azərbaycan təbliğatı güclü şəkildə aparılır.
Buna baxmayaraq, ölkəmiz yenə də Avropanın enerji tərəfdaşı qismində çıxış edir. Avropanın ondan çox ölkəsinə Azərbaycan qaz ixrac edir və Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Buna görə də Aİ-nin Azərbaycana olan ehtiyacı göz önündədir ki, məhz Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Azərbaycana səfər edərək yüksək səviyyəli görüşlər keçirdi.
Təbii ki, bu görüşlərdə çox mühüm məsələlər müzakirə olundu. Həm Azərbaycan-Aİ münasibətləri, həm də ümumilikdə regional enerji və təhlükəsizlik məsələləri yeni şəkildə ələ alınaraq bu görüş zamanı müzakirə olundu. Çox böyük ehtimalla Bakının Avropa institutlarına narazılığı da xanım Kallasın diqqətinə çatdırılıb.
Ümumilikdə, xanım Kallas həm güclü siyasətçi, həm də güclü diplomatdır. Estoniyanın baş naziri vəzifəsini icra edib və Azərbaycanın Baltikyanı ölkələrlə, xüsusilə də Estoniya ilə münasibətləri yüksək səviyyədədir. Buna görə də düşünürəm ki, Kallasın Azərbaycana səfəri zamanı, yəni bu vəzifəni icra etdiyi dövrdə Azərbaycan-Avropa münasibətlərində əsaslı şəkildə dönüş olacaq".
Onu da əlavə edək ki, Azərbaycan səfərindən sonra Kaya Kallas Ermənistan prezidenti Vaaqn Xaçatryanla Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib. O, bu barədə "X"dəki səhifəsində yazıb:
“Mən Romada prezident Vaaqn Xaçaturyanla Ermənistana gözlənilən səfərimi müzakirə etdim. Biz Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və regionda sülhün əldə edilməsi səyləri barədə fikir mübadiləsi aparmışıq”.
Xalidə Gəray
Musavat.com
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ