Onlayn ictimai-siyasi qəzet
Ötən əsrin 30-cu illəri bütün SSRİ məkanı üçün faciəvi dövr olub, buna söz yox. Biz gürcülərə və ermənilərə nisbətən o dövrdə daha çox itki vermişik.
Hərçənd təfərrüata varanda onlar da, qazaxlar da, özbəklər də belə deyə bilərlər. Hətta ruslar özləri də stalinizmin millətin intellektual potensialına sarsıdıcı zərbə vurduğunu deyəndə haqlıdırlar.
Zaqafqaziya SSR-nin rəhbəri vəzifəsində işləyəndə Lavrenti Beriya Ermənistana və Gürcüstana münasibətdə daha rüsvayçı hərəkətlər edib. O, 1936-cı idə Ermənistan KP MK-nın 35 yaşlı birinci katibi Ağasi Xanciyanı öz kabinetində güllələyib. Ancaq bunu intihar kimi sənədləşdiriblər, Xanciyanı isə ölümündən sonra “ifşa ediblər”.
Həmin vəzifədə işləyərkən Beriya gürcü rəhbərlərin, nazirlərin, demək olar ki, hamısının namusuna sataşıb, onların həyat yoldaşları ilə yaxınlıq edib.
30-cu illər belə bir axmaq, amansız, bolşevik hədsizliyini tüğyan etdiyi dövr olub.
Həmin illərdə bizim ölkəmizdə də xeyli partiya kadrları, ziyalılar, günahsız adamlar güdaza gedib.
Partiya kadrlarının günahı o olub ki, lazımi cərgədə, Stalinin yanında yer almayıblar. Bir xeylisi özünü “Lenin qvardiyası”nın üzvü sayıb, bəziləri gerçəkdən də Trotskinin komandasında olub. 1934-cü ildəki qurultayda Sergey Kirova səs verən azərbaycanlı kommunistlərin də aqibəti pis olub. Stalin onları bağışlamayıb.
Ancaq xalqımız üçün daha ağır zərbə ziyalılarımızın məhv edilməsi olub. Həmin vaxt ölkəmizdə ali təhsili olan şəxslərin sayı onsuz da az olub – bir neçə yüz nəfər. Onların da çoxu 1919-cu ildə Bakıda universitet açılandan sonra təhsil alanlar olub. Təhsilli kadrların çatışmadığı bir vaxtda olan-qalan oxumuş adamlar da qırğına verilib.
Onların arasında Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşviq, Bəkir Çobanzadə, Tağı Şahbazi, Vəli Xuluflu, Yusif Vəzir Çəmənzəminli, Ülvi Rəcəb, Abbasmirzə Şərifzadə kimi böyük ziyalılarımız da vardı.
Belə bir dövrdə canını repressiya maşınının qanlı gavahınından qurtaranlar da olub – kimisi sovet dövlətini və rəhbərini mədh edərək, kimisi dostlarının, həmkarlarının əleyhinə yalançı ifadələr verərək, kimisi suyu üfürə-üfürə içə-içə cəza orqanlarına bəhanə verməyərək və s.
Elə adamlar da olub ki, onları yalnız Stalinlə tanışlıqları xilas edib. Üzeyir Hacıbəyov və Səməd Vurğun bu cür adamlardandır. Stalinin 1938-ci ildə Moskvada keçirilən “Azərbaycan dekadası” günlərində Üzeyir Hacıbəyovu hələ 1914-cü ildən tanıdığını deməsi və onunla bağlı xatirəsini danışması böyük bəstəkarımızı toxunulmaz edib. Həmin görüş zamanı Stalin ətrafındakılara danışıb ki, Bayılda inqilabi iş apararkən jandarmlar onu təqib edib və o, özünü Qubernator bağına salaraq filarmoniyanın binasına daxil olub. Həmin gün filarmoniyada “Leyli və Məcnun” tamaşası gedirmiş. Stalin anlamadığı dildə və stildə oxunan şərq musiqisinin sədaları altında yuxuya gedib, ayılanda görüb ki, opera bitib, jandarmlar isə onu tapmayaraq çəkilib gediblər. O, bu əhvalatı danışaraq Üzeyir bəyə minnətdarlıq edib, onu “xilaskar” adlandırıb.
Səməd Vurğunun isə Stalin tərəfindən qorunmasına dair Mircəfər Bağırovun yazılı ifadəsi var. Bağırov həmin izahat-ifadədə yazıb: “Səməd Vurğunun Bakı konfransında çıxışını mən onunla izah edirəm ki, o, necə vardısa, qatı millətçi kimi elə də qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır. …
1935-1939-cu illərdə xalq düşmənlərinin kütləvi ifşa edilməsi dövründə Səməd Vurğunun əleyhinə çoxlu ifadələr var idi. Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, istedadlı şair olduğuna görə yoldaş Stalinin sanksiyası onu cəza orqanlarının həbsindən xilas etdi”.
İndi Səməd Vurğunun Hüseyn Cavidin əleyhinə yazdığı şeiri təkrar çap edirlər, amma gerçək budur ki, Mircəfət Bağırovun yazdığına görə, Səməd Vurğun Hüseyn Cavidin və Abbas Mirzə Şərifzadənin həbsdən azad olunması xahişi onun yanına gəlib. O və digər rəhbər kommunistlər isə şairi möhkəm tənqid edib hədələyiblər.
O ağır dövrün sınağından çox az adam ləyaqətlə çıxıb. Bir az o yan-bu yan olsaydı və şansları gətirməsəydi, onlar da məhv olacaqdılar.
Kimsə deyə bilər ki, kaş elə olaydı. Ancaq bu yaxşı olardımı? Nəticədə o qədər gözəl şeirlər, bəstələr, digər əsərlər yaranmayacaqdı, ədəbiyyatımız, incəsənətimiz daha da kasad olacaqdı.
Ancaq mayası haramla, alçaqlıqla, mərdiməzarlıqla yoğrulmuş adamlar da olub ki, onlardan tələb edilməsə də, şər-böhtan dolu donos yazıblar, rəqib saydıqlarının başını yeməyə çalışıblar, üzə durublar, mənsəb və dolanışıq naminə hər cür yaramazlıq ediblər. Bir sözlə, dövrün konyukturasından öz mənafeləri üçün istifadə edən pis adamlar olublar. Elələrinə heç zaman bəraət yoxdur. Adları üstlərindədir – pis adam. Onlar yüz il əvvəl də eləydilər, yüz il sonra da elə olacaqlar.
Ancaq necə olsa da, “keçənə güzəşt” deməkdən başqa çarə yoxdur. 90-100 il əvvəl olanlar olub, tarixə qovuşub, onları yüz dəfə mühakimə etsək də, heç nə dəyişməyəcək. Tarixdən yalnız ibrət dərsi götürmək olar, başqa heç nə. Mənasız polemikalar vaxt və enerji itkisidir.
Bir də müasir dövrdə bir-birini həzm etməyən, əllərinə düşən fürsətdə bir-birini yerlə bir edənlərə tamaşa edir, düşünürsən ki, indinin özündə şərləmə donoslarla adamı məhv etmək mümkün olsaydı, onlar nələr yazardılar, nələr…
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ