Onlayn ictimai-siyasi qəzet
Moskva vilayətinin Vidnovskaya Klinik Xəstəxanasının qastroenteroloqu Lyudmila Suxorukova bəzi insanları kəsmikdən imtina etməyə çağırıb.
Musavat.com bildirir ki, bu barədə həkim "RİA Novosti"yə bildirib.
Onun sözlərinə görə, süd zülalına allergiyası olan insanlar, böyrək və mədə xəstəliklərindən əziyyət çəkənlər kəsmik yeməkdən çəkinməlidirlər. Bundan əlavə, artıq çəkidən əziyyət çəkən insanlara da bu məhsulu yemək tövsiyə edilmir.
Qastroenteroloq həmçinin bildirib ki, yetkinlik yaşında olanlar gündə 200 qramdan çox olmayaraq, uşaqlar isə 100 qramdan çox olmamaqla kəsmik yeyə bilərlər.
Bundan əlavə kəsmik kalsium, dəmir, fosfor, maqnezium, mis, natrium, sink və s. vitaminləri ilə də zəngindir. Bu məhsul orqanizmin güclü toksinlərin və ya müəyyən dərmanların təsirinə məruz qaldığı zaman qaraciyərdə yağlanmanın da qarşısını alır.
Bəs rus diyetoloqun kəsmiklə bağlı iddiası nə qədər doğrudur?
Tanınmış həkim-diyetoloq Ləman Süleymanova mövzu ilə bağlı Musavat.com-a danışıb:
“Daxilə qəbul edilən hər bir qida məhsulu insan orqanizmi üçün çox önəmlidir. Yəni qidaların tərkibində bədənimizin ehtiyac duyduğu maddələr, elementlər var. Bəzən olur ki, orqanizmimizdə qida elementlərinin hamısı mövcud olmur. Səbəb isə düzgün olmayan həyat tərzi və yaxud yaxşı qidalanmamaq və sairə olur. Nəticədə orqanizmimizdə yetərincə maddələr toplanmır. Bura aiddir, vitaminlər, mikro elementlər insan orqanizmi, onun fəaliyyəti üçün, həmçinin ətraf mühitin infeksiyasından qorunmaq, sümüklərin inkişafı, qan dövranının aktiv olması, beynimizin, dayaq hərəkət aparatının aktiv olması, fiziki qabiliyyətimiz, düşüncəmiz üçün və sairə, bunlar üçün vacib olan bütün maddələr orqanizmimizdə toplanmalıdır ki, biz onu sərf edək.
İnsan orqanizmi üçün vacib olan qidalardan biri süd və süd məhsullarıdır. Bu məhsulların tərkibində B12 vitamini, kalsium və digər vacib maddələr var ki, bunlar orqanizm tərəfindən asanlıqla mənimsənilir və sağlamlıq üçün çox önəmlidir. Məsələn, uşaqların inkişafı üçün süd və süd məhsullarının müntəzəm istehlakı vacibdir. Bir qida mütəxəssisi olaraq, hamilə qadınlara və uşaqlarına süd məhsullarının gündəlik rasionlarına daxil edilməsi barədə tövsiyə verirəm. Çünki bu məhsullar uşaqların inkişafında lazımlı olan kalsium, vitaminlər və digər mikroelementləri təmin edir, bu da onların sağlam inkişafına kömək edir.
Təbii ki, süd məhsulları haqqında danışarkən, bəzi insanlarda laktosa dözümsüzlük meydana gələ bilər. Laktosa, süddə təbii olaraq mövcud olan şəkər növüdür. Bu vəziyyət həm irsi olaraq, həm də hamiləlik dövründə inkişaf edə bilər. Laktosa qarşı dözümsüzlük, bədənin lazımi fermenti olan laktazı kifayət qədər istehsal etməməsi səbəbindən yaranır. Nəticədə, bu şəkər bağırsaqlarda tam mənimsənilmir və qarın ağrıları, şişkinlik kimi həzm problemləri yarana bilər. Bu səbəbdən, laktosa qarşı dözümsüzlüyü olanlar üçün laktozasız süd və digər alternativlər mövcuddur.
Süd məhsullarında olan laktosa qarşı dözümsüzlük bəzi insanlarda genetik və ya hamiləlik dövründə yaranan vəziyyət olaraq müşahidə edilir. Laktosa dözümsüzlük, süd məhsullarında olan şəkərin, yəni laktosanın orqanizm tərəfindən düzgün mənimsənilməməsidir. Bu hal anadangəlmə olaraq meydana çıxa bilər və genetik faktorlar ilə əlaqəlidir. Bəzi hallarda, vaxtından əvvəl doğulmuş uşaqlarda bağırsaqların tam inkişaf etməməsi səbəbindən laktosaya qarşı dözümsüzlük yaranır. Əksər hallarda, 12 yaşından sonra bu problem düzəlir, çünki bu dövrdə hormonların aktivliyi artır. Laktosaya qarşı dözümsüzlüyü olan uşaqların süd məhsullarından uzaq durmaları tövsiyə olunur. Bəzi hallarda, bu vəziyyət bir müddət sonra davam edə bilər və ya düzəlməyə başlayar.
Bəzən laktaza dözümsüzlüyü ikinci dərəcəli olaraq, müəyyən sağlamlıq problemlərinin nəticəsi kimi də meydana çıxa bilər. Məsələn, uzun müddət antibiotiklərdən istifadə edildikdə və ya bağırsaq infeksiyaları zamanı bu vəziyyət inkişaf edə bilər. Həmçinin, mədə-bağırsaq infeksiyaları və ya antibiotiklərin uzun müddət istifadəsi də bağırsaqda laktazanın əmələ gəlməməsinə səbəb ola bilər. Bu səbəbdən bəzi hallarda, müvəqqəti olaraq, süd və süd məhsulları dietadan çıxarılır. Laktaza dözümsüzlüyü müvəqqəti və ya daimi ola bilər, bu da müalicə və ya vaxtla düzələn bir vəziyyətə səbəb ola bilər.
Suxorukova deyir ki, yetkinlik yaşında olanlar gündə 200 qramdan çox olmayaraq, uşaqlar isə 100 qramdan çox olmamaqla kəsmik yeyə bilərlər. O, bu açıqlamasında bəzi yanlışlıqlara yol verilib. Birinci qeyd etmək istəyirəm ki, hər bir qida orqanizm tərəfindən mənimsənilə bilər, amma bu, yalnız sağlam orqanizm üçün keçərlidir. Mən sağlam insanlardan danışıram, xəstəlikləri olan şəxslər haqqında deyil. Gün ərzində yediyimiz qidalar orqanizmimizə müxtəlif reaksiyalar verə bilər. Məsələn, bəzi qidalar günün müəyyən saatlarında orqanizmdə mənfi təsirlər yarada bilər. Laktosa qarşı dözümsüzlük bu zaman daha da artaraq zəhərli maddəyə çevrilə bilər. Məsələn, səhər saatlarında düzgün qida qəbul edərkən, axşam saat 3-dən sonra kəsmik kimi bəzi qidaların tərkibi orqanizm üçün zərərli ola bilər. Buna görə də, bu cür qidaları axşam saatlarında qəbul etmək qətiyyən məsləhət deyil.
Məsələn, dəniz məhsulları istehlak edildikdən sonra, günün ortasında iki-üç saat sonra ağartı məhsullarını qəbul etmək ümumiyyətlə doğru deyil. Əgər siz bu gün ağartı məhsulları istifadə edirsinizsə, bu qidaların tərkibindəki maddələrin düzgün şəkildə mənimsənilməsi vacibdir. Bəzi hallarda, nə qədər vitaminlə zəngin və orqanik qidalar olsa da, insan onları düzgün vaxtda qəbul etmədikdə, həmin qidaların tərkibindəki maddələr zəhərli hala gələ bilər və ya ümumiyyətlə orqanizm tərəfindən qəbul edilməz. Buna görə də bu məqamlara diqqət yetirmək lazımdır. Ağartı məhsulları faydalıdır, amma düzgün vaxtda qəbul edilməlidir. Məsələn, mənim fikrimcə, Lüdmila Suxorukovanın dediyi kimi, ağartı məhsullarını səhər saatlarında istehlak etmək daha yaxşıdır. Xüsusilə, kəsmik səhər saatlarında istehlak edildikdə daha faydalı olur”.
Xalidə Gəray,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ