İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdən dünyaya qara gün vədi - Tramp ümidləri puç edəcək, pis gözləntiləri doğruldacaq

Rusiya mediasında Trampa qarşı ritorika 180 dərəcə dəyişib. Buna səbəb ABŞ-nin köhnə, eyni zamanda yeni prezidentinin Rusiyaya, şəxsən Putinə qarşı səsləndirdiyi iradlardır.

ABŞ-dəki prezident seçkisindən xeyli əvvəl, seçki ərəfəsində, eləcə də seçkidən sonrakı 2 ay yarımda, yəni dünənə qədər Trampı öyən rusiyalı təbliğatçılar indi onu söyürlər.

Rusiyada tüğyan edən “Tramp gələcək, Ukrayna bitəcək” eyforiyasından əsər-əlamət qalmayıb.

Bu ovqatı ruslarda Tramp özü yaratmışdı, hər fürsətdə Rusiyaya güzəştlərdən danışır, Ukraynanın müqavimət müharibəsinin ABŞ üçün ballast olduğunu deyir, hakimiyyətə gələcəyi təqdirdə müharibəni tezliklə bitirəcəyini bəyan edirdi.

Kremldə və onun ətəklərindəki dairələrdə Ukrayna müharibəsini bitirməyin yeganə yolunun Qərbin bu ölkəyə dəstəyinin kəsilməsində, Kiyevin təklənməsində görürdülər və hesab edirdilər ki, Tramp prezident olan kimi Ukraynanı Moskvanın ağuşuna atacaq, “parçala” deyəcək.

İndi Kreml umsuqdur. Trampın yeni ovqat və danışığından ağılları bir şey kəsmir. Ancaq bu Trampdır, sağı-solu bəlli deyil, gündə 3 dəfə fikir dəyişə, yeni və impulsiv qərarlar verə bilər.

İndilikdə ABŞ-ni idarə edən institutlar (“dərin dövlət” deməyək, o ifadənin çürüyü çıxıb) yeni prezidentə nəyi necə etməyi məsləhət görürlərsə, adam ona qulaq asır. (Qulaq demişkən, bəlkə də o vaxt Pensilvaniyada qulağını yalayıb, yaralayıb keçən güllə Trampı başa salıb, kim bilir).

Beləliklə, Trampdan mədəd uman digər ölkələr də gərək çox ümidlənməsinlər. O, onları da məyus edəcək potensialdadır. Adam andiçmə mərasimində açıq mətnlə dedi ki, əsas qayğısı Amerikanı hamıdan böyük, dünya ağası etməkdir.

ABŞ dünya ağası olandan sonra digər ölkələrin hansı statusda olacağı barədə uzun-uzadı mülahizələr yürütməyə ehtiyac qalmır.

Ancaq hansı ölkələr və insan qrupları ki, ABŞ-dən pislik gözləyirlər, onlar xatircəm olsunlar: Tramp dediyini edəcək.

Yəni bu şəxsdən yaxşılıq gözləyənlərin gözləntisi doğrulmasa da, pislik gözləyənlər qara günlərini qablamalıdırlar.

Danimarka və Panama əbəs yerə əndişələnmirlər. Tramp Panama kanalına nəzarəti və Qrenlandiyaya sahib olmağı qafaya qoyub. Bu dövlətlər bu şəxsə az-çox bələddirlər, bilirlər ki, o, qarşısına qoyduğu planlari həyata keçirmək üçün maniakal istəyə malikdir.

Elə İran, Kuba və Venesuela da narahat olmaqda haqlıdırlar. Onlar çoxdan Trampın (eləcə də ABŞ-nin) “qara siyahısı”ndadırlar. İndi bu siyahıya Kanada və Meksika da əlavə olunub. Kanada ilə bağlı məsələ elə də ciddi deyil, sonda iki qardaş dövlət necəsə anlaşacaqlar, ancaq Tramp Meksikaya ciddi problem yaradacaq.

Milyonlarla miqrantın Meksikaya geri göndərilməsi, bir o qədərinin də ABŞ-yə keçişinin qarşısının alınması prosesi artıq başlayıb. Bir azdan onların qanuni və ya qanunsuz olması da fərq etməyəcək. Məsələn, ABŞ-də doğulmuş miqrant övladlarına ABŞ vətəndaşlığı verilməsi haqqında qanunun ləğv edilməsi avtomatik olaraq yüz minlərlə balaca miqrantı qanunsuz miqranta çevirir.

Miqrantların kütləvi axını istənilən ölkədə ciddi problemlər yaratmağa qadir olduğundan bu məsələdəki sərt mövqeyinə görə Trampı o qədər də qınamaq olmaz. Çünki ABŞ-yə axışan miqrantlar bu ölkəni dünyanın ən təhlükəli ölkələrindən birinə çevirməkdədirlər. Təkcə narkotik maddələr dövriyyəsinin və toplu qətllərin artması göstərir ki, dövlət bu sahəyə əl qoymalıdır.

Bəlkə də dünyada yeganə ölkə Çin oldu ki, Trampın yenidən seçilməsinə görə nə hansısa ümidlərə qapıldı, nə də qorxuya düşdü. Çin hakimiyyəti özünü mənzil başına ağır-ağır, amma kursundan sapmadan üzən okean layneri kimi apardı. Bu ölkə hər varianta hazırdır, ABŞ-də kimin prezident seçilməsinin Pekin üçün əhəmiyyəti yoxdur. Ona görə ki, əl altından və yavaş-yavaş dünya liderliyinə can atan Çində bilirlər ki, ABŞ-də, Rusiyada, Böyük Britaniyada hakimiyyətə kim gəlirsə, gəlsin, mütləq Çinlə rəqabət aparacaq, onun iqtisadi və hərbi inkişafını xor görəcək.

Trampın əsas dərdi Rusiya olmayacaq, o, Çinlə əlləşəcək. Çin isə totalitarizm yuvası olsa da, bir partiyanın diktaturası altında yaşasa da, ağıllı, tədbirli adamlar tərəfindən, həm də institusional qaydada, kollegial şəkildə idarə olunur. Bu dövləti idarə edənlər impulsiv qərarlar vermir, tez-tez fikir və ovqat dəyişdirmirlər, qarşılarına qoyduqları uzaqmənzilli məqsədə doğru aram-aram irəliləyirlər.

Hakimiyyətə hay-küy və eyforiya ilə gəlmiş Trampa məhz Çinlə mübarizə çətin olacaq.

Bir sözlə, dünyada yeni bir dövr başlayıb və bu, haradasa ötən əsrin 30-cu illərini, Hitlerin Almaniyada, Stalinin SSRİ-də, Mussolininin İtaliyada, Frankonun İspaniyada, Salazarın Portuqaliyada (və s.) hakimiyyətdə olduğu dönəmi xatırladır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR