Onlayn ictimai-siyasi qəzet
“Gələcək üçün dayanıqlı nəqliyyat” mövzusunda keçirilən tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin ətraf mühit, sosial və idarəçilik sahəsində dayanıqlı nailiyyətlərinə dair hesabatı” təqdim edilib.
Musavat.com xəbər verir ki, tədbirin əsas mövzusu Azərbaycanda dayanıqlı nəqliyyatın, xüsusilə dəmir yollarının yaşıl innovasiyalar və qabaqcıl rəqəmsal həllərin tətbiqi ilə dekarbonizasiya hədəflərinə çatmaq üçün görülən işlər, bu istiqamətdə atılacaq addımlar olub.
Tədbirdə çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov rəqəmsal innovasiya sahəsində beynəlxalq əməkdaşlıq və dayanıqlı nəqliyyatın inkişafı üçün Azərbaycanın strateji baxışının əsas məqamlarını diqqətə çatdırıb.
“COP29”un baş icraçı direktoru Elnur Soltanov və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov öz çıxışlarında qlobal iqlim məqsədləri və dekarbonizasiya hədəflərinin yerinə yetirilməsində nəqliyyatın önəmi, bu sahədə əsas qlobal təcrübələr və 2030-cu ilədək Milli Prioritetlər, həmçinin Azərbaycanın yaşıl innovasiya sektorunda artan rolu haqqında iştirakçılara ətraflı məlumat veriblər.
Tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov dayanıqlı nəqliyyatın qurulmasında dəmir yollarının roluna toxunaraq bildirib ki, dəmir yolu dayanıqlığının birinci və ən mühüm aspekti emissiyaların azaldılması və enerji səmərəliliyidir. Dəmir yolu nəqliyyatı qlobal karbon qazı emissiyasının sadəcə 1%-ni təşkil edir və buna görə də digər nəqliyyat növləri ilə müqayisədə daha effektivdir.
ADY tərəfindən bu istiqamətdə görülən işlər, əldə edilmiş nəticələr və gələcək planlar barədə danışan R.Rüstəmov bildirib ki, Azərbaycanda ümumi enerji istehlakının 1,12%-i dəmir yolu nəqliyyatının payına düşür və bu sahədə istilik effekti yaradan qazların emissiyası 0,5%-dən az təşkil edir: “Məqsədimiz karbon emissiyalarından tam azad, yəni karbon neytral dəmir yolu nəqliyyat sistemini qurmaqdır. 2023-cü ildə sərnişinlərin 100 faizinin, yüklərin isə 80 faizinin daşınması elektrik enerjisi hesabına həyata keçirilib.
Daha sonra tədbirdə iştirak edən Asiya İnkişaf Bankının nəqliyyat direktoru Ceyms Leder çıxışı zamanı qlobal miqyasda dəmir yolu sistemlərinin dekarbonizasiyası istiqamətində görülən təşəbbüslərdən danışıb, ADY-də onun reallaşdırılmasının gətirəcəyi faydaları qeyd edib.
Çıxışların ardınca ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı baş tutub.
Daha sonra ADY sədri Rövşən Rüstəmov və Asiya İnkişaf Bankının nəqliyyat direktoru Ceyms Lederin iştirakı ilə iki qurum arasında dəmir yollarında dekarbonizasiya sahəsində əməkdaşlığa dair missiya sənədi imzalanıb.
Afaq Mirayiq,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ