İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ təəccüblənmədi, Avropa yola verdi, Çin ABŞ-a hiddətləndi - “Aviaqəza”ya reaksiyalar

Dünyanın elə bir ölkəsi olmadı ki, onun mediası Yevgeni Priqojinin və “Vaqner” özəl hərbi şirkətin komandiri Dmitri Utkinin “Embraer” markalı təyyarədə Tver vilayətində qəzaya uğraması barədə yazmasın. Həmin gün axşam və dünən bu hadisə dünya mediasının baş xəbəriydi.

Qəzanın əks-sədası bu gün də davam edir.

“Qəza” deyərkən, bu, rus versiyasına görə qəzadır, başqa ölkələrin mediasında isə sui-qəsd və ya terror aktıdır.

qazetlproq.JPG (84 KB)

Fəqət baş vermiş hadisəni heç də hamı birbaşa, öz adı ilə adlandırmır. Əksər siyasətçilər və diplomatlar diplomatik cümləpərdazlığa yol verirlər, “hadisənin araşdırılmalı olduğunu”, “indidən qəti söz deməyin mümkün olmadığı”nı bildirirlər.

Bir tərəfdən onları qınamalı deyil. Siyasətçilərin işi ağırdır. Dövləti təmsil edən şəxs bir ehtiyatsız ifadəsi ilə rəhbərlik etdiyi ölkəni naqolay durumda qoya bilər, ondan dilə gətirdiyi ittihamı sübut etməsini tələb edə bilərlər və onun da əlində dəlil-sübut olmadığı üçün çətin vəziyyətdə qalar.

Bu hadisənin dəlil-sübutu bu tezlikdə ortaya çıxmayacaq. Böyük ehtimalla təyyarənin qırmızı rəngli “qara qutusu” tapılacaq, amma cihaz “ciddi şəkildə zədələndiyinə görə” içindəki səs yazılarını “oxumaq” olmayacaq. Bu baxımdan Priqojinin qəza anında “Oy blaa, çto proizoşlo” və ya “qadı, dobralis nas” deyib-demədiyi ictimaiyyət üçün qaranlıq qalacaq.

news_20210922080802.jpg (24 KB)

ABŞ prezidenti Cozef Baydenin hadisəyə reaksiyası ikibaşlıydı. O xəbəri alan kimi demişdi ki, Priqojinin başına gələnləri bilir və təəccüblənmir.

Bu fikri həm “Putinin bu adamı qətlə yetirəcəyinə əmin idim, ona görə təəccüblənmirəm” kimi də yozmaq olar, həm də bu cür: “Priqojin iki ay əvvəl törətdiyi qiyama görə öldürülməyi haqq edirdi, ona görə də təəccüblənmirəm”.

ABŞ prezidentləri, prinsipcə, dövlətə, onun ən adi məmuruna silah qaldırmış şəxslərin yerindəcə zərərsizləşdirilməsinə qarşı deyillər. Amma Baydenin Putindən zəhləsi getdiyini bilən hər kəs əmindir ki, o, Rusiya rəhbərinin qisas aldığını nəzərdə tutub.

Avropa İttifaqı nümayəndələrinin verdiyi rəsmi şərhlərdə bir motiv üstünlük təşkil edir: baş verənlər və təyyarə qəzasının nəticələrinin necə olacağı barədə nəticə çıxarmaq hələ tezdir. (Guya ki, nə vaxtsa qəti rəy söyləyə biləcəklər. Onda da deyəcəklər ki, Rusiya rəhbəəbərliyinin bu işdə əli olub-olmadığı barədə mötəbər məlumat, hüquqi verdikt yoxdur).

4354843f-a479-32c2-ab19-bb986bd18ce2_850.jpg (51 KB)

Avropa Komissiyasının sözçüsü Peter Stano keçirdiyi brifinqdə aviqəza ilə bağlı ona ünvanlanan suala cavab olaraq deyib: “Biz Yevgeni Priqojin və onu müşayiət edən şəxslərin öldüyü iddia edilən təyyarə qəzası ilə bağlı xəbərləri görmüşük. Ancaq Rusiyadakı bir çox başqa şeylər kimi, bunu yoxlamaq çətindir və buna görə də bunu şərh etmək bizim üçün deyil. Həmçinin, bu mərhələdə nəticələr haqqında danışmaq sırf spekulyasiya olacaq”.

Eyni zamanda o, açıq şəkildə bildirib ki, bundan sonra “Vaqner”in hərəkətlərinin dünyada mənfi təsirinin azalacağına ümid edir.

Polşanın baş naziri Mateuş Moravetski deyib ki, indi “Vaqner” ən azı onun ölkəsi üçün daha böyük problem yaradacaq.

people_watson-adrian_01-1410x818.jpg (85 KB)

Ancaq Ağ Evdən gələn sonrakı şərhlər də Baydenin abzasdan, təzə sətirdən başladığı imlanın davamı kimi olub. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrian Vatson öz prezidentini hərfən təkrar edərək deyib ki, əgər Priqojinin ölüm xəbəri təsdiqlənərsə, heç kim təəccüblənməməlidir.

Vatsonun bilavasitə rəhbəri, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan isə ABŞ-da “Vaqner”in fəaliyyəti barədə ən məlumatlı şəxsdir. Wall Street Journal-ın yazdığına görə, məhz o, iki ay əvvəl Rusiya Federasiyasına zəng edərək Rusiya hakimiyyətini ABŞ-ın Priqojinin Moskvaya qarşı qiyamçı yürüşündə əli olmadığına inandırıb.

Təyyarə qəzasından bir gün əvvəl Ağ Ev “Vaqner”lə əlaqədə şübhəli bilinən insanlara qarşı yeni sanksiyalar tətbiq edib. “Qara siyahı” Mərkəzi Afrika Respublikasının, Birləşmiş Ərəb Əmirliklərinin və Rusiya vətəndaşlarının adları ilə doldurulub.

Fransa və Almaniya hökumətlərinin nümayəndələri də qəza ilə bağlı birmənalı nəticələr çıxarmaq üçün əsasların olmamasından danışıblar. Mediada Putini hədəf alan fərziyyələr yalnız təqaüddə olan məmurlar və ya dövlət qulluğu ilə əlaqəsi olmayan ictimai xadimlər tərəfindən səslənib.

ilon.jpg (37 KB)

Milyarder İlon Mask dilə gətirdiyi ifadə ilə nə demək istədiyini deşifrə etmədən “psixoloji əməliyyatın baş vermə ehtimalı azdır” deyib. Milyarder güman ki, bir şəxsin “öldü” adıyla aradan çıxarılmasını, xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutur.

Qərb mətbuatı təyyarə qəzası ilə bağlı müəyyən hallara vurğu edirlər. “Qardian”ın köşə yazarı Samanta de Bendern yazıb: “Maraqlısı odur ki, Priqojin, Utkin və digər yüksək rütbəli “Vaqner” komandirləri Rusiyada öz təhlükəsizliklərinə o qədər arxayın olublar ki, eyni təyyarədə uçmamaq kimi hər hansı bir mühüm təşkilatın rəhbərlərinin qızıl qaydasına məhəl qoymayıblar”.

Priqojinin həqiqətən də öldüyünə inanan Qərb mediasında indi üstünlük təşkil edən fikir onun ölümünün 24 iyun hadisələri ilə bağlı olmasıdır. Bununla belə, Böyük Britaniya kəşfiyyatının keçmiş agenti, Donald Trampa dair qalmaqallı dosyenin müəllifi Kristofer Stil gözlənilmədən elan edib ki, onun məlumatına görə, Priqojinin ölümünü “Rusiya biznes ictimaiyyətinin müəyyən yüksək vəzifəli şəxsləri” sifariş edib. Əldə heç bir dəlil-sübut olmadan ortaya belə bir fərziyyə atmaq “versiya kirliliyi” yaratmaq və kiminsə əl-üzünü yumaq cəhdindən başqa bir şey deyil. Görünür, kəşfiyyatçı ser yenə də kəşfiyyat işinə cəlb olunub.

 000022211lll.JPG (58 KB)

“Vaşinqton Post” qəzeti isə aprel ayında Pentaqonun sənədlərinin sızmasını xatırladıb. Qəzet yazır: “Həmin sənədlərə görə, son bir ildə Vaşinqton, göründüyü kimi, həyata keçirməsə də, “Vaqner” komandirlərini öldürməkdə Ukrayna və onun Afrikadakı müttəfiqlərinə kömək etmək yollarını nəzərdən keçirib”.

ABŞ-ın öz əsas qəzetlərdən birinin bu mövqeyinə izah vermək çətindir. Görünür, ya qəzet sensasiya arxasınca qaçır, öz rəhbərliyinə yalandan da olsa, opponentlik edir (asanlıqla sübut olunacaq ki, bu teraktda ABŞ-ın rolu yoxdur), ya da Ağ Evdən verilən direktiv əsasında nəsə bir çoxgedişli kombinasuya düşünüb.

Çin dövləti isə həmişəki kimi Qərbdən fərqli mövqe tutub. Hökumətin və hakim partiyanın əsas tribunası “Jenmin Jibao” qəzeti hərbi ekspert Sonq Çjonqinə istinadən yazıb ki, istintaq tamamlanana qədər nəticə çıxarmaq tezdir. O, Qərbi təyyarə qəzası hadisəsindən Rusiya Federasiyasına qarşı informasiya müharibəsinin elementi kimi istifadə etməkdə ittiham edib.

Göründüyü kimi, çox “prinsipial” mövqedir, “daima həqiqətin ortaya çıxmasına çalışmaq”dır.

Bax, dünya belə riyakar, hər yola əl atan, hər zaman öz maraqlarından çıxış edərək, başqalarının haqqını tapdayan rejimlərin üzündən bu gündədir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR