Onlayn ictimai-siyasi qəzet
"ABŞ Prezidenti Donald Trampın “Panama kanalı bizim olmalıdır” təşəbbüsünə Senat da qoşulub".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, ABŞ Senatının ticarət, elm və nəqliyyat komitəsində Panama kanalıyla bağlı dinləmələr keçirib. Komtənin sədri, Texas ştatından olan senator Ted Kruz Trampın kanalla bağlı söylədiklərini təkrarlayıb:
"Panama kanalını ABŞ maliyyələşdirib və inşa edib. Buna baxmayaraq, Panamanın ABŞ-a münasibəti ədalətli deyil".
Göründüyü kimi, Kruz da Tramp kimi düşünür. Senator ABŞ-ın ticarət gəmilərinin kanalın istifadəsinə görə yüksək gömrük haqları ödəməməsi qənaətindədir.
Senatın digər üzvləri Çinin Panama kanalından artan rolundan narahatlıqlarını bildiriblər. Respublikçı senatorlar bildibirlər ki, Panama kanalı ABŞ üçün yalnız iqtisadi baxımdan deyil, milli təhlükəsizlik baxımından da əhəmiyyətlidir. Ona görə də senatorlar ABŞ-ın dəniz strategiyasının dəyişməsi vaibliyini vurğulayıblar. Dinləmələrdə çıxış edən ABŞ-ın Federal Dəniz Komissiyasının sədri Luis Sola senatorlarının narahatlıqlarını bölüşdüyünü deyib: “Çin Latın Amerikası ölkələri ilə müqavilələr imzalayanda sazişdə bir bənd kimi çinli işçilərin cəlb edilməsini yazır. Bu Panamaya da aiddir. Çinin Panamada müxtəlif layihələri mövcuddur və bu layihələrdə çinli işçilər çalışırlar və onlar kanal ətrafında tikanlı məftillər salıblar”. Bəzi senatorlar hesab edirlər ki, Çin panamalı məmurları pulla ələ alıb.
Beləliklə, Ağ Ev sahibi Panama kanalına nəzarət uğrunda mübarizədə Senatın simasında müttəfiq qazanıb".
Politoloqun fikrincə, bu o deməkdir ki, Donald Tramp Panama kanalının ələ keçirilməsi üçün daha ciddi tədbirlərə əl atacaq.
"Panama dövləti buna imkan verməsə ABŞ-ın güc yolundan istifadə edəcəyi ssenariləri də gündəmdədir",- deyə Elxan Şahinoğlu vurğulayıb.
Xalidə Gəray
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ