Onlayn ictimai-siyasi qəzet
Bir qrup ABŞ konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. Hədəfə götürülən 41 nəfər arasında Müdafiə Nazirliyi, Baş Prokurorluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, DİN, DTX, Penitensiar Xidmət, Dövlət Sərhəd Xidməti və Prezident Administrasiyasının nümayəndələri də var.
Siyahıda xüsusən diqqət çəkən məqamlardan biri də Müdafiə nazirinin müavini general-leytenant Hikmət Mirzəyevin adının olmasıdır. Üzdəniraq siyahıda Hikmət Mirzəyev “Tərtər işi”nin iştirakçılarından biri kimi təqdim olunub. Lakin istər məhkəmə, istərsə də istintaq prosesi zamanı Hikmət Mirzəyevin bu hadisədə iştirakı ilə bağlı heç bir sübut qeydə alınmayıb.
Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan məsələ ilə bağlı müxtəlif fikirlər dolaşır. Bəzi istifadəçilər “Tərtər işi” ilə bağlı tez-tez adı çəkilən, keçmiş korpus komandiri, general-mayor Hikmət Həsənovla Hikmət Mirzəyevin arasında olan ad oxşarlığı səbəbindən texniki xəta olduğunu qeyd edirlər. Bir sıra istifadəçilər isə Hikmət Həsənovun da bu məsələdə iştirakının olmadığını bildirir.
Rahib Qərib
Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan mayor və hərbi jurnalist Rahib Qərib bildirib ki, bu, Hikmət Mirzəyevə atılan iftiradır:
“Hikmət Mirzəyevin daşı böyük olub ABŞ-ın başına düşüb. O, ABŞ silahlı qüvvələrinə nümunə olacaq bir komandandır. Belə bir komandir hər vaxt yetişmir. ABŞ-ın bununla bağlı sanksiya təklifi sadəcə qarayaxmadan ibarətdir. Mən tam vicdanla deyə bilərəm ki, Hikmət Mirzəyevin “Tərtər işi”ndə heç bir iştirakı və rolu yoxdur”.
Rahib Qərib Hikmət Həsənovla bağlı səsləndirilən iddialara da aydınlıq gətirib:
“Hikmət Həsənovla bağlı məsələyə gəlincə, qeyd edim ki, mən onu Bakıda bölük təlim mərkəzinin komandiri olan vaxtlardan tanımışam. Vətən müharibəsində rəhbərlik etdiyi korpusla birlikdə bir çox əraziləri uğurla geri aldı. Çox vicdanlı və namuslu zabitdir. Belə iddialar sadəcə zabitlərimizə atılan böhtanlardır. Məni tanıyanlar bilir ki, hərbi jurnalist fəaliyyətim boyunca orduda gördüyüm, müşahidə elədiyim problemləri dəfələrlə məruzə etmişəm. Hər iki zabitlə bağlı sadəcə müsbət təəssüratlarım olub”.
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ