İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Bakıya qəribə sülh çağırışı - Vaşinqton 10 noyabr sənədini legitim sayırsa...

“ABŞ Dağlıq Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı ilə bağlı xəbərlərdən dərin narahatdır”.

Bu barədə ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Kortni Ostianın bəyanatında deyilir.

“Biz vəziyyəti diqqətlə izləyirik və gərginliyi azaltmaq və daha böyük eskalasiyanın qarşısını almaq üçün tərəfləri təcili tədbirlər görməyə çağırırıq. ATƏT-in Daimi Şurasında dəfələrlə qeyd etdiyimiz kimi, ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün həll edilməmiş məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinin vacibliyini vurğulayır”, - deyə o qeyd edib.

ABŞ rəsmisi xatırladıb ki, ötən həftə dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla şəxsən əlaqə saxlayıb, gərginliyi azaltmağa, gərginliyi azaltmaq üçün birbaşa təmaslara çağırıb. “Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında dialoqu təşviq etmək və münaqişənin uzunmüddətli siyasi həllinə kömək etmək üçün həm tərəfdaşlarla ikitərəfli əməkdaşlıq şəklində, həm də ATƏT-in Minsk Qrupunun həmsədri olaraq çalışmağa hazırdır”, - bəyanatda deyilir.

Göründüyü kimi, rəsmi Vaşinqton iki qonşu arasında sülhə, barışığa çağırış eləsə də, yenə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsindən əl çəkmir və üzdəniraq Minsk Qrupunu ortaya atır. Bununla da özünün sülh istəyinin səmimiliyini şübhə altına almış olur.

Xanım Kortni Ostianın söylədiyi kimi, ABŞ gerçəkdən bölgədə daimi sülhdə maraqlıdırsa, o zaman nədən Vaşinqton bircə dəfə də olsun, erməni qanunsuz silahlı dəstələrin Azərbaycan ərazisindən çıxmasını (kapitulyasiya sənədinin 4-cü bəndi) tələb eləməyib? Bunsuz hansı sülhdən, barışıqdan, sabitlikdən söhbət gedə bilər? Üstəlik, ABŞ da 10 noyabr kapitulyasiya sənədinin legitimliyini tanıyıbsa...

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli: “Vaşinqton bölgəmizdəki proseslərə təsir etmək gücündə deyil”

Politoloq Elçin Mirzəbəyli ABŞ-ın Cənubi Qafqaza təsir etmək gücündə olmadığını söylədi: “ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Kortni Ostianın nə deməsindən asılı olmayaraq, Azərbaycan ərazisində ”Dağlıq Qarabağ" adlı inzibati ərazi subyekti və Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində də rəsmi Bakının tərəf hesab edə biləcəyi legitim təsisat yoxdur. Bu baxımdan, Kortni Ostianın bəyanatı da elə heç bir işə yaramayıb, ATƏT-in özü qədər əhəmiyyətsiz və mənasızdır. Hazırda Avropanın mərkəzində baş verən müharibəyə, hətta humanitar müstəvidə təsir göstərə bilməyən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının mövcudluğu belə sual doğurur. Kimə və nəyə lazımdır ATƏT? Bu təsisatın əsas funksiyalarından biri Avropada adi silahlar haqqında cinah sazişinin icrasına nəzarət etməkdən ibarət idi.

Məlum olduğu kimi, Rusiya 2007-ci ildən bu sazişdən çıxıb və sözügedən sənəd hazırda heç kağız parçası statusunda da deyil. Birləşmiş Ştatların özünə gəldikdə isə rəsmi Vaşinqton hazırda Cənubi Qafqazda baş verən proseslərə təsir etmək gücündə deyil və çox güman ki, beynəlxalq münasibətlər sistemində fantastik dəyişikliklər baş verməzsə, heç zaman olmayacaq. Belə bəyanatlar isə ABŞ-dakı ermənilərin könlünü almaqdan başqa bir işə yaramır. Danışıb-danışıb susacaqlar. Bölgədə davamlı sülhün əldə edilməsinə gəldikdə isə bunun yeganə yolu Ermənistanın öz öhdəliklərinə əməl etməsidir. Etmək istəməyəcəksə, bunu etdirməyin yolunu, üsulunu bilirik. Ondan sonra nə qədər bəyanat verirlər versinlər".

Akif Nağı: “Orda mənim vəhşi obrazımı yaradıblar” – Müsahibə

Akif Nağı: “Azərbaycan heç nəyə fikir vermədən işlərini davam etdirməlidir”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, ABŞ rəhbərliyinin mövqeyini qərəzli yanaşma və ya məlumatsızlıqdan irəli gələn qeyri-müəyyənlik kimi dəyərləndirə bilərik: “İki il əvvəl Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma yarandı, Ermənistan tam darmadağından 10 noyabr bəyanatı ilə xilas ola bildi. Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri arasında razılaşma əldə olundu. Bu günə qədər proseslər həmin razılaşma əsasında həyata keçirilir. ABŞ bunu görmür, ya da görmək istəmir.

Obyektivlik naminə deməliyik ki, Rusiya bəzi ləngitmə cəhdlərinə baxmayaraq, ümumi prosesin irəliləməsinə mane olmur, ya da ola bilmir. Laçın, Zabux, Sis yaşayış məntəqələrinin boşaldılması, Laçın dəhlizinə alternativ yolun çəkilməsi kimi son hadisələr də göstərir ki, Rusiya öhdəliklərindən geri çəkilməyib. Rəsmi Vaşinqton isə lap əvvəldən qəribə və məntiqsiz mövqe tutub, müxtəlif səviyyələrdə Minsk Qrupu, “münaqişənin nizamlanması”, Qarabağın taleyinin həll olunması" kimi mənasız ifadələr işlədirlər. Onlar olmayan şeyləri gündəmə gətirməyə çalışır, olanlara isə göz yumurlar.

Məsələn, Ermənistan silahlı qüvvələrinin regionda qalması, erməni terror dəstələrinin təxribatlarını görmək, münasibət bildirmək istəmir. Aydındır ki, ABŞ Rusiyanın vasitəçiliyi ilə əldə olunan nəticəni tanımaq istəmir. Məncə, onların bu cür məntiqsiz yanaşmalarının kökündə həm bu amil, həm də erməni-xristian təəssübkeşliyi dayanır. Amma özləri də konkret bir təklif irəli sürmürlər. Ona görə də Azərbaycan heç nəyə fikir vermədən işlərini davam etdirməlidir".

Ağdamda görüşərik- Kənan Novruzov yazır

Kənan Novruzov: “İstənilən üçüncü qüvvənin proseslərə təsir imkanı minimum olmalıdır”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzovun da fikirləri maraqlıdır: “Əvvəldən bu fikirdəyəm ki, proseslər kifayət qədər dərindir. ABŞ çox diqqətli və uzaqgörən addımlar atır. Bu, Ağ Evin uzaq perspektiv üçün planlarından xəbər verir. Vaşinqton əvvəlcə Ukraynanı ”bataqlığa" çevirdi və Rusiyanı bu “bataqlığa” çəkdi. Beləliklə, Kremlin indi başı qarışıqdır. Moskvanın Cənubi Qafqazdakı təsir gücü azalıb. Bu, ABŞ-ın növbəti addımını atması, regionda möhkəmlənməsi üçün şərait yaradır. Bildiyiniz kimi, son vaxtlar Ermənistanda Qərblə Kreml toqquşur. Bu, tərəflərin regional maraqlarının üst-üstə düşməsindən xəbər verir. Rusiyanın başının qarışmasından istifadə edən ABŞ təbii ki, öz “oyununu oynamağa” çalışır. Vaşinqton Bakı və İrəvanın diqqətini cəlb etmək niyyətindədir. Bunun üçün ən yaxşı vasitə hər iki tərəfi onların maraqlarını təmin etməyə inandırmaqdır.

Amma məqsəd heç də “daşların yerinə oturdulması” deyil. Dediyim kimi, ABŞ, sadəcə, bu yolla regionda möhkəmlənmək istəyir. Əgər Vaşinqton həqiqətən “suların durulmasında” maraqlı olsa idi, bunu ötən otuz ildə görərdik. ABŞ-ın Minsk Qrupunu “reanimasiyadan çıxarmağa” çalışması da bu dövlətin bizim maraqlarımızı o qədər də nəzərə almadığını göstərir. Əvvəllər də demişdim ki, ABŞ-la Azərbaycanın mövqeyi bəzi məsələlərdə üst-üstə düşə bilər. Və biz bundan öz xeyrimizə, həmçinin Rusiyanın təsir gücünün neytrallaşdırılması naminə yararlana bilərik. Lakin manevr imkanlarını istənilən halda qorumalıyıq. Elə etmək lazımdır ki, regionda vəziyyəti stabilləşdirmək adı ilə ABŞ bizə təzyiq göstərə bilməsin. Ümumiyyətlə, Türkiyə xaric, istənilən üçüncü qüvvənin proseslərə təsir imkanı minimum olmalıdır. Yalnız bu halda Azərbaycanın maraqları təmsil olunacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR