İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Bakının əsəblərini tarıma çəkən növbəti addım

ABŞ Ermənistana 60 milyon ayırır, Dağlıq Qarabağın minalardan təmizlənməsi adı ilə də “artsax”a 2 milyon nəzərdə tutulur; Donbas separatçılarının məhvinə “HİMARS” raketləri, Xankəndi terrorçularının dirçəlməsinə isə pul göndərilir

ABŞ Təxsisatlar Komitəsi Dövlət Departamentinin 2023-cü il büdcəsi ilə bağlı hesabatını təqdim edib. “Yeni Müsavat” bildirir ki, hesabata əsasən, Ermənistana yardım iqtisadi inkişafa, özəl sektorun məhsuldarlığına, enerji müstəqilliyinə, demokratiyaya və qanunun aliliyinə yönələcək. Sözügedən məqsədlə ən azı 60 milyon dollar vəsaitin ayrılması planlaşdırılır. Dağlıq Qarabağın minalardan təmizlənməsi üçün də 2 milyon dollar nəzərdə tutulub. Komissiya Qarabağ münaqişəsinin humanitar məsələlərə təsirindən və nəticədə mənzil, ərzaq, təhlükəsizlik, su təchizatı, kanalizasiya, səhiyyə və digər sahələrdə yaranan çətinliklərdən narahatdır. Şuşadakı beynəlxalq konfransa qatılmamaqla erməni separatçılarını sevindirən Birləşmiş Ştatlar bu qərarla bir daha onlara sevgisini ortaya qoydu. Əraziləri işğala məruz qalan, şəhər və kəndləri viran qoyulan Azərbaycan olsa da, göründüyü kimi, ABŞ-dan milyonlarla dollar maliyyə yardımını alan Ermənistandır. Ancaq ABŞ-ı xaraba qoyulan Azərbaycan torpaqları maraqlandırmır. Onlar yalnız Ermənistana yardım etməyi düşünürlər.

2022-ci il büdcəsində Qarabağa maliyyə yardımı ayrılsa da, 2023-cü il dövlət büdcəsində bunun olmayacağı gözlənilirdi. Amerika Erməni Konqresi bununla kampaniya aparacaqlarını açıqlamışdı. Görünür, erməni diasporu istəyinə nail olub. İstisna deyil ki, son günlər Minsk Qrupunu yenidən gündəmə gətirən Vaşinqton Bakıya qarşı maliyyə dəstəyi kartından istifadə etmək istəyir. Qarabağa maliyyə ayrılması, ümumiyyətlə, bununla bağlı istənilən qərar isə separatçı-terrorçu rejimin de-fakto qəbul edilməsi deməkdir. ABŞ Rusiya ilə qobal səviyyədə guya separtizmə qarşı müharibə aparsa da, Qarabağda eyni ilə separatçılığın müdafiəsində oynadığı rol aydın görünür.

Vaşinqtonun bu addımının arxasında duran səbəblər nədir? Bakının Minsk Qrupu israrına qarşı niyə ABŞ İrəvana və separatçılara maliyyə yardımı ayırmaqla cavab verir? Donbas separatçılarını Xankəndidəki rejimdən fərqləndirən nədir ki, Amerika birinin məhvi üçün “HİMARS” raketləri, o birinin dirçəlməsi üçün pul göndərir? Bakının reaksiyası nə olmalıdır? Bundan başqa, separatçıların qondarma “xarici işlər naziri” David Babayan ABŞ Konqresində çıxış edəcək. Sentyabrın 19-da Vaşinqtona gedəcək separatçı çıxışında “status” və qondarma “artsax”ın təhlükəsizliyindən bəhs edəcək. Səfərin təşkilatçısı Amerika Ermənilərinin Milli Komitəsidir. ABŞ-ın “Minsk Qrupu” mövqeyindən sonra separatçının Konqresdə çıxışının təşkil edilməsi təsadüfi deyil. Görünür, erməni diasporu/lobbisi Vaşinqtonun Cənubi Qafqaz siyasətinə ciddi şəkildə təsir edə bilib və ABŞ bölgəyə dair siyasətini “status” kimi perspektivi olmayan məsələlər üzərindən həyata keçirmək xəttini genişləndirir. ABŞ səfirinin Şuşaya niyə getmək istəməməsinin səbəbi bir daha məlum olur. Bakı separatçı Babayanın Konqresdə çıxışı məsələsini Vaşinqtonun qarşısında qaldırılmalıdır. Bəs Amerika niyə son vaxtlar əsəblərimizi tarıma çəkən addımlar atır?

Qabil Hüseynli: “Paşinyan vahimə içindədir”

Qabil Hüseynli 

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, baş verənlər ürəkbulandırıcı və biabırçı faktlardır: “Amerika demokratiyasını, dəyərlərini örnək götürən hazırkı siyasi elita yeri gələndə onları tapdalamağa üstünlük verir. Axı Minsk Qrupunun dirçəldilməsi heç bir halda siyasi və mənəvi dəyərlər sisteminə uyuşmur. 28 il regiona turist kimi gedib-gəlməklə, eyş-işrət məclisləri qurmaqla beləcə sıradan çıxmış bir təşkilat üçün bu gün göstərilən səylərin mənası nədir? Üstəlik, Rusiya həmsədrini geri çağırıb və bu institutun olmadığını Lavrovun dili ilə ifadə edib”.

Q.Hüseynli sual edir ki, nə üçün separatçı bölgəyə 2 milyon dollar ayrılmasını minatəmizləmə ilə əlaqələndirirlər: “Məgər orada mina var? Mina azad edilən ərazilərdədir ki, Amerikanın heç yadına da düşmür. Beynəlxalq hüquq normalarından dəm vururlar, amma Azərbaycana çatanda yersiz iradlar tuturlar. Biz bölgədə dayanıqlı sülh əldə etmək üçün əlimizdən gələni edirik, Avropa Birliyi bu istiqamətdə dəstək verir, həmçinin Bakı Avropanın enerji təhlükəsizliyi və logistikasında önəmli rola malikdir. O zaman bütün bunların müqabilində Azərbaycanın layiq olmadığı münasibətlə niyə qarşılaşır?”

Politoloq hesab edir ki, səfirlərin Şuşa səfərindən imtinası, “sülh imzalanmayıb” kimi boşboğaz bəhanələr heç zaman regionda sabitliyə xidmət edə bilməz: “Amerikanın mövqeyi ilə Ermənistandakı revanşistlərin düşüncəsi arasında prinsipial fərq görülmür. Bəli, Ukraynada Rusiyanın təcavüzünə, separatçı meyllərə qarşı mübarizədə təqdir edilən fəallıq göstərirlər, ancaq Qarabağdakı separatçılara münasibət 360 dərəcə dəyişir. Bu siyasət dünyanın bir nömrəli dövləti üçün başucalığı gətirmir”.

Azad MƏSİYEV - TEZADLAR

Azad Məsiyev

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, unutmaq olmaz ki, 10 noyabr sənədinin imzalanmasının təşəbbüskarı Rusiya lideridir və bir sıra problemlərin həlli üçün indiyə qədər addımlar da atılıb: “Buna Amerika qısqanclıqla yanaşır. Çünki kim sülh sazişinin imzalanmasında rol oynayacaqsa, onun bölgədə nüfuzu və təsiri güclənəcək. Buna görə ABŞ hərəkətə keçib. Nəzərə almaq lazımdır ki, Paşinyanı hakimiyyətə gətirən də amerikalılardır. Əslində o zaman Vaşinqton Nikol üzərindən Cənubi Qafqaza nəzarəti gücləndirməyi hədəfləmişdi, amma 44 günlük müharibənin nəticələri Ağ Evin planlarını pozdu. Odur ki, bu gün həm Ermənistana, həm separatizmə dəstəyi davam etdirir”. Siyasi ekspertin sözlərinə görə, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma Xankəndidə yuva salmış separatçılara maliyyə dəstəyinin ayrılmasını Bakı ilə razılaşdırmır: “Bununla ölkəmizin ərazi bütövlüyünə şübhə salmış olur. Separatçılara mina təmizləmə adı ilə 2 milyon ayrılacaq, məgər Xankəndidə mina basdırılıb ki? Üstəgəl, ABŞ səfirinin Şuşaya getməməsini də bura əlavə etmək olar. Sadəcə, Vaşinqton bölgədə sülhün bərqərar olmasını deyil, regionda proseslərin qızışmasına çalışır. Onun bu addımları beynəlxalq hüquq normalarına və ikitərəfli əlaqələrə kölgə salmaqdadır”.

Fuad Əliyev: Yaxşılığı reklam etmək üçün etməzlər

 Fuad Əliyevi

ALDP sədri Fuad Əliyevin fikrincə, Amerikanın son addımları bütün əndazəni aşmaqdadır. Partiya sədri hesab edir ki, Bayden administrasiyasının ermənipərəst olacağı ilk gündən bəlli idi: “Amerikada seçkilər ərəfəsində biz deyirdik ki, Co Bayden ”907-ci" düzəlişin müəlliflərindən biridir, onun prezidentliyi dövründə Vaşinqtondan xoş münasibət gözləməyə dəyməz. Amma müharibədə qələbə qazandıqdan sonra ABŞ reallıqları qəbul etməli və sülhə töhfə verməlidir. Biz əksini müşahidə edirik, sülhə töhfə vermək əvəzinə gah ölmüş Minsk Qrupu xortladılır, gah separatçıya Konqresdə qucaq açılır, gah İrəvan və Xankəndidə Araik administrasiyasına maliyyə ayrılır... Bunların bir adı var - Qarabağda müharibəni yenidən alovlandırmaq, Rusiyanı bu işə qarışdırmaq, Ukrayna ilə paralel Moskva üçün ikinci cəbhə açmaq, Putinin 10 noyabrda imzaladığı sənədi qüvvədən salmaq. Xarici İşlər Nazirliyimiz Amerikanın Bakıdakı səfirini çağırmalıdır, nota verməlidir, Şuşaya getməməsinə görə ona diplomatik ritorika ilə irad bildirilməklə yanaşı, Vaşinqtonun son addımları ilə bağlı izahat istənilməlidir".

Partiya sədri tələb edir ki, Amerika səfirindən soruşulmalıdır -  hansı əsasla terrorçuya Konqresdə çıxış icazəsi verilir: “Hansı beynəlxalq hüquqa söykənərək İnterpola axtarışa verilmiş Araik üçün 2 milyon ayırırsız? Axı Xankəndi və ətraf bölgədə ermənilər yaşayırsa, öz olduqları yerləri necə minalaya bilərlər? Bu ərazilər Azərbaycanın suveren torpaqlarıdır, Amerika isə şübhə toxumu səpir və çox təəssüf ki, dünyaya azadlıq, vicdan, ədalət vəd edən ABŞ cığal addımlar atır. Görünür ki, bölgədə problemlərin köklü həllini istəmirlər, separatizmin mövcud olmasında maraqlıdırlar, eyni zamanda Rusiyanın acığına belə hərəkətlərə yol verirlər. İş o yerə çatıb ki, hətta aşkar ermənipərəst olan Fransa da son aylar Amerika qədər bizi narazı salacaq addımlara yol vermir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR