İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ 4000 əsgərinin qisasını belə aldı - Bu ölkəni qan gölündən kim çıxaracaq?

"İraq hökuməti hazırda böhran yaşayır. 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra bu ölkədə vəziyyət stabilləşə bilmir. 2005-ci ildən başlayaraq isə seçkilər keçirilsə də, hökuməti formalaşdırmaq hələ ki, alınmır. ABŞ-ın İraqı işğal etməsi bölgənin geosiyasi, geostrateji vəziyyətini tamamilə dəyişdi".

Bunu Musavat.com-a politoloq Samir Hümbətov deyib.

66818-1643785767 (1).jpg (199 KB)

Politoloq İraqda gərginliyin uzun müddət davam edəcəyini proqnozlaşdırır:

"Amerika 2007-ci ildə İraqdan çəkilmə prosesinə başlayaraq bu məsələni 2011-ci ildə bitirdi. ABŞ həmin dövrdə İraqda 4000 əsgər itirdi. Eyni zamanda İraqı demək olar ki, tamamilə qarışdırdı. Bu ölkənin şimalında kürd muxtariyyəti quruldu. Üstəlik, İraqda sünni-şiə qarşıdurmasını gücləndirməyə başladı. ABŞ İraqda yeni hökumət sistemi formalaşdırdı. Hansı ki, həmin sistemdə baş nazir şiə əqidəsinə, prezident isə sünni əqidəsinə mənsub olan şəxs olmalıdır. Cəlal Tələbani sünni ərəb olaraq, həm də kürd əsilli şəxs kimi prezident seçildi. Beləliklə də ABŞ İraqda yeni proseslərin başlanğıcını qoydu. Səddam Hüseynin dövründə olan təhlükəsizlik məsələsi artıq yenidən aktuallaşmağa başladı. Onun dövründə hakimiyyətdə yalnız sünnilər idi. Bu, prosesləri bir əldən idarə etməyə imkan verirdi.

630cc688ae138630cc688ae1391661781640630cc688ae134630cc688ae136.jpg (149 KB)

İraqda baş verən hadisələrin arxasında İranın dayandığını deyənlər də var. Əslində, burada 3 cəbhə formalaşıb: İran, ABŞ-Britaniya, Səudiyyə Ərəbistanı-BƏƏ. Müqtəda əs-Sədrin başçılıq etdiyi İran meylli qüvvələr bir tərəfdə, digər tərəfdə isə ayətullah Əli Sistaninin rəhbərlik etdiyi qüvvələr dayanıb. Müqtəda əs-Sədrin zorla, yaxud da proseslərdən asılı olaraq siyasətdən çəkilməsi qərarını verməsi onu göstərir ki, deməli, artıq bölgədə İranın daha çox nüfuz etməsini istəməyən qüvvələr var. Onlar düşünürlər ki, İran yavaş-yavaş proseslərdən çəkilərək İraqdakı daxili-siyasi məsələlərə nüfuz etməməlidir. Hazırkı hadisələr onu göstərir ki, ən çox qarşıdurma məhz şiə qrupları arasındadır. Bu ondan xəbər verir ki, ölkədə qeyri-stabillik uzun müddət davam edəcək və hökumət böhranı artacaq. Çünki əs-Sədr tərəfdarları parlamentdə çoxluq təşkil edirdi və onların müəyyən mənada qərarlara təsir etmə imkanları var idi. İraqın indiki vəziyyəti ona imkan vermir ki, hökumət ölkədə stabillik yarada bilsin. Çünki iqtisadi böhran, təhlükəsizlik problemi mövcuddur. Digər tərəfdən, ölkədə artıq bir dini qarşıdurma formalaşdırılıb. Bu, uzunmüddətli hesablanmış siyasi strategiyanın nəticəsi olaraq ortaya çıxıb. Ona görə də düşünürəm, İraqda necə ki, gərginlik artıq 19 ildir davam etdirilir, bundan sonra da davam edəcəyi gözləniləndir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR