İnsanlara hürriyət, millətlərə istiqlal!

8 kənd nağılı: göydən 3 PUA düşsə, kimdir günahkar, Nikol?

Nikol Paşinyan danışdıqca özünü və ölkəsini daha da dərinə batırır. Budur, yenə başlayıb ki, Ermənistanın nəzarətində Azərbaycan kəndləri olduğu kimi, guya Ermənistan kəndləri də Azərbaycanın nəzarəti altındadır. Özü də Qazaxın 7 və Sədərəyin 1 – Kərki kəndinin – ümumilikdə 8 yaşayış məntəqəmizin 30 ildən artıqdır işğal altında saxlanmasının qarşılığında Azərbaycanı 8 erməni kəndini (?!) nəzarətdə saxlamaqda ittiham edir.

Adam dəlidir, ya xəstədir… Adlar da çəkir Ayqehovit (tarixi adı: Uzuntala), Vazaşen (Lələkənd), Berkaber (Bibiş)… “Yalançının yaddaşı olmaz” deyirlər. Heç sayıb 5-ə çatdıra bilmir “nəzarətdə olan” kəndləri. Sadəcə dünyanı çaşdırmaqdan ötrü Azərbaycanın haqlı, beynəlxalq hüquqa əsaslanan tələbinin qarşısına “8 qoymaq” istəyir uğursuzcasına… Öz aləmində Azərbaycan Prezidentinin Şarl Mişelə 8 kənd xatırlatmasına “cavab verməyə” cəhd göstərib...

MİSEL.jpg (62 KB)

Adam canlı efirdə yalan püskürəndə kimsə onu çimdikləməyib ki, ay evi dağılan, elə özün keçən həftə Qranadada Azərbaycan ərazisinin 86,6 min kv.km olduğunu bir daha təsdiqlədin və bununla bağlı sənəd imzaladın. Yəni Azərbaycanın erməni işğalında olan 8 kəndi də 86,6 min kv.km-ə daxildir, o zaman əvvəlcə kəndləri azad elə, sonra “tanıyırıq” bəyanatı ver! Kimsə demir, xatırlatmır, bu da başlayıb ki, “bizim də 8 kənd problemimiz var”.

Ermənilərin içərisində də ağıllı adamların olduğuna şübhə etmirik. Amma onlar da Paşinyana demirlər ki, sənin saydığın kəndlərdə erməni əhali yaşayır, yaxud da dolanışacağın ağırlığından, həmçinin elə Ermənistanın təxribatları nəticəsində son illərdə baş vermiş toqquşmalardan qaçıb canlarını qurtarmaq üçün təmas xəttindən köçüblər. Bu o demək deyil ki, həmin ərazilər Azərbaycanın nəzarətindədir. Bu məntiqlə sabah Paşinyan Azərbaycanın Qafan, İstisu… şəhərlərinə, Göyçə gölünə də nəzarət etdiyi və onların azad olunmasının vacibliyini iddia edə bilər, çünki əsgərlərimiz görürlər…

PASİK SON.jpg (144 KB)

Kim bilir, bəlkə də Paşinyan 44 günlük müharibədə aldığı travmaların əziyyətini çəkir, getdiyi yerlərdə gözünə Azərbaycan Xüsusi Təyinatlıları görünür. Amma bunun günahını özündə axtarsın, dilini dinc qoyardı, “Qarabağ Ermənistandır. Nöqtə” deməzdi. Ermənistanın baş naziri vaxtaşırı reallıq hissini itirir. Dərk edə bilmir ki, 8 kənd iddiası, yaxud elə tarixi Azərbaycan ərazisi olan Başkəndlə bağlı xəyal qurmağa çalışması onu Ermənistansız qoya bilər. Ermənistan 30 illik müharibə cinayətlərinə görə Azərbaycana təzminat ödəməlidir, bu gün Fransa, Almaniya, Kanada, Avropa İttifaqından milyonlar dilənən ölkə yüz milyardları Azərbaycana ödəyə biləcəkmi? Təbii ki, yox! Deməli, borcunu torpaqla ödəməlidir, bu mənada Başkənd, yaxud başqa kənd söhbəti Paşinyana baha başa gələ bilər! Özü də Ermənistan bu günədək işğalda saxladığı Azərbaycan kəndlərinin əhalisini gül-çiçəklə yola salmayıb e, güllə-qurşunla “yola salıb”, dinc əhaliyə qarşı soyqırımı törədib.

Hələ zaman göstərəcək ki, Paşinyanın sayıb axırına çıxa bilmədiyi 8 kənd kimə məxsusdur, Azərbaycana, yoxsa Ermənistana? Hələ Ermənistanın Azərbaycan torpaqlarında qurulmuş “bic dövlət” olmasını bir kənara qoyuram. Faktiki olaraq Ermənistan və Azərbaycan arasında sərhədlər dəqiqləşməyib, delimitasiya və demarkasiya prosesini də Paşinyan maksimum uzatmağa çalışır. Sərhədlər dəqiqləşəndən sonra Uzuntala, Lələkənd, ya Bibiş kəndləri Azərbaycan tərəfdə qalsa, onda necə? Ermənicə Bibiş olub, bəlkə Uzuntala, Lələkənd var imiş?..

Bu gün Ermənistanda şivən qoparıblar ki, Qazaxın anklav kəndləri Azərbaycana qaytarılsa, Ermənistan-Gürcüstan magistralına, yaxud kəmərlərə nəzarət əldən gedəcək. Onu da iddia edirlər ki, Kərki kəndinin 33 il davam edən işğalına son qoysalar, o halda da İran-Ermənistan magistralına nəzarət Azərbaycanın əlinə keçəcək. Heç dəxli var? Bu davanı biz başlamamışıq, bu qanı biz salmamışıq, siz başlamısınız, indi cəzanızdır, çəkin! Digər tərəfdən, Azərbaycanın Kərki kəndi, yaxud Qazaxın məlum kəndləri sapanda qoyulub, Ermənistanın içərilərinə atılmayıb e, bu kəndlərin ətrafları Azərbaycandan qoparılıb, rabitə kəsilib, məkrli siyasət nəticəsində, nəticədə anklava çevrilib, gələcəkdə erməniləşdirilməkdən ötrü. Bu qədər güzəştlərə rəğmən, Ermənistanın etdiyi naxələfliklərin cavabında Azərbaycanın tam hüququ var ki, həm Kərkiyə, həm də Qazaxın 7 kəndinə gedən yollara təhlükəsiz dəhliz statusu tələb etsin. Bəli, biz bu qədər qanlar tökən, dinc əhaliyə qarşı terror aktları törədənlərin içərisindən keçib kəndlərimizə necə gedib-gələ bilərik? Bu mənada müzakirə mövzusu təkcə Zəngəzur dəhlizi deyil, həm də işğaldan dərhal azad olunmalı olan 8 kəndimizin ətrafında təhlükəsizlik zolağının yaradılmasıdır!

ANKLAVLAR.jpg (368 KB)

Yəqin Paşinyan da xatırlayar, Ermənistanın keçmiş rəhbərləri 7 ətraf rayonun işğalına bəraət qazandırmaqdan ötrü “bu rayonlara nəzarətimiz Dağlıq Qarabağın təhlükəsizliyi üçün lazımdır” - iddiası irəli sürürdülər. Hansı ki, həmin rayonlar ordumuzun gücü ilə azad edildi, amma Qarabağda bir mülki erməninin burnu qanamadı, bu gün də vətəndaşlığımızı qəbul edənlər sakit yaşamaqdadır. Nikol Paşinyan kimi qeyri-ciddi birinin rəhbərlik etdiyi Ermənistandan isə təhlükəsizlik təminatı gözləməyə dəyməz. Bu adam ərazi bütövlüyünü guya tanıdığı ölkəyə qarşı ərazi iddiası irəli sürürsə, əlavə şərhə nə ehtiyac? Belə olduğu halda, Rusiyanın Qarabağdakı hərbi kontingentinin köçürülməsi zəruri olan ünvan… Azərbaycanın 8 kəndi olmalıdır. 2020-ci ilin 10 noyabrından Qarabağ ermənilərinə keşik çəkdilər, indi buyursunlar, Kərki və Qazaxın 7 kəndinə azərbaycanlıların qayıdışını təmin etsinlər…

Paşinyan beləcə 8 kənd nağılını uydurmaqdadır. Soruşan gərək, bu nağılın sonunda... göydən 3 PUA düşsə, kim günahkar olacaq, Nikol? 2019-da Qarabağla bağlı da qatıb-qarışdırmışdın: təkcə araqla çaxırı yox...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR