Onlayn ictimai-siyasi qəzet
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq vəzifəli şəxsləri hakim qarşısına çıxarılır.
Musavat.com xəbər verir ki, idarənin sabiq rəisi Raqif Abbasov və maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən sonuncu iclasda təqsirləndirilən şəxslərin büdcədən ayrılan vəsaiti necə mənimsədikləri məlum olub.
Prosesdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi çıxış edərkən bildirib ki, cinayət 2006–2023-cü illəri əhatə edir.
871 min manatlıq dəymiş ziyandan cəmi 100 min manatı Raqif Abbasov tərəfindən ödənilib. Qalan məbləğ ödənilmədiyi üçün nazirlik məhkəməyə mülki iddia təqdim edib.
Məlum olub ki, idmançılara ayrılan mükafatlar da mənimsənilib. Belə ki, müxtəlif yarışlarda qalib gələn idmançılara dövlət vəsaiti hesabına pul mükafatları ayrılıb. Amma həmin pullar bankdan çıxarılaraq təqsirləndirilən şəxslər tərəfindən ələ keçirilib.
Xatırladaq ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilib. Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
Bildirək ki, Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə – xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunan R. Abbasov və E. Qulamov həbsdə deyillər.
Əldə etdiyimiz məlumata görə, təqsirləndirilən şəxslər dövlətə vurduqları ziyanı ödəyiblər. Məhz buna görə onlar barəsində həbslə bağlı olmayan qərar seçilib.
İlkin Muradov
Musavat.com
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ