İnsanlara hürriyət, millətlərə istiqlal!

40 manat ödə, ətir qabı doldur - "Tik Tok" dələduzlarının QURBANI DANIŞDI

Bakı şəhər sakini Turanə İsmayılova "Tik Tok"da dələduzların fırıldağının qurbanı olub.

Bununla bağlı Musavat.com-a müraciət edən şikayətçi xanım deyir ki, platformada ətir qablarının doldurulması ilə bağlı iş elanına rast gəlib.

Elanda bildirilib ki, müraciət edənlər bir ay ərzində əməkdaşlıq üçün 25, daima çalışmaq üçün isə 40 manat ödəməlidirlər. Onlara vəd edilib ki, bir aylıq çalışanlara bir ətir qabının parfüm suyu ilə doldurulmasına görə 70, daimi işləmək istəyənlərə isə 90 qəpik ödəniləcək.

“Düşündüm ki, hər gün xeyli ətir qabını doldursam, aya 700 manata yaxın pul qazanaram. Mənə bildirdilər ki, Bakı və Sumqayıt filialları var. Onlar bizə bu şəhərlərdə müxtəlif küçələrdə ünvanlarının olduqlarını deyirdilər. Bildirdilər ki, ətir qablarını özləri evə gətirib verəcək, doldurduqdan sonra isə geri götürəcəklər. Beləliklə, razılaşdıq. Mən 40 manat ödədim, onlar isə 24 saat ərzində qabları bizə gətirməli idilər. Mən onlarla "TikTok"da qoyduqları nömrənin votsapı vasitəsi ilə danışırdım. 24 saatdan sonra məlum oldu ki, onlar məni bloka atıb və mən aldanmışam. Səndemə, bu yolla fırıldaqçılar xeyi insanı aldadırmış. Mən də onların qurbanlarından biri oldum.

Sonradan onların həmin "TikTok" səhifələrini də axtardım, amma tapa bilmədim. “Ətir qablar” adlanan həmin səhifə də bağlanmışdı. Dələduzlar izi itirmək üçün tez-tez səhifələri, adlarını dəyişirlər. Sizə müraciət etməkdə məqsədim odur ki, digər vətəndaşlar da bu cür fırıldaqçıların qurbanı olmasınlar, ayıq davransınlar”.

Qeyd edək ki, sonuncu dəfə dələduzlar Turanə xanımla bu nömrə ilə əlaqə saxlayıblar :

WhatsApp Image 2025-01-19 at 19.15.07.jpeg (87 KB)

Dələduzlar kart nömrəsi kimi 4127214124995959 (Beynəxalq Bank) istifadə ediblər.

Daxili İşlər Nazirliyindən Musavat.com-a bildirilib ki, internet resurslarında işə düzəltmək adı ilə yalan vədlər verərək vətəndaşların pul vəsaitini mənimsəyən şəxslər barəsində polisə məlumatlar daxil olur. Edilən müraciətlər əsasında araşdırma aparılır və araşdırma nəticəsində qanunamüvafiq tədbirlər görülür.

“Bir daha vətəndaşlara internet üzərindən edilən təkliflərə və şirnikləndirici vədlərə qarşı diqqətli olmağı, tanımadıqları şəxslərə və etibar etmədikləri onlayn ödəniş tələb edən səhifələrə inanmamağı, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik.

Belə hallarla rastlaşdıqda isə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər”.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR