Onlayn ictimai-siyasi qəzet
“Şəxsi istehlak üçün rüsum ödəmədən xaricdən aylıq 300 dollaradək sifariş məbləğinin 2 dəfə azaldılacağı ilə bağlı son günlər ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirmək istərdik ki, bu limitlər Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Sonuncu dəfə, 2020-ci ilin avqustunda gömrük limitinin məbləği 1000 dollardan 300 dollara endirildi. Bu limitin dəyişdirilməsi ilə bağlı bir sıra sahibkarlıq subyektləri tərəfindən müraciətlərin olmasına baxmayaraq, onun aşağı salınması məqsədəuyğun deyil”.
Musavat.com xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov məlumat verib.
O qeyd edib ki, vətəndaşların aylıq 300 dollaradək sifariş etdikləri məhsullar şəxsi istehlak üçündür:
“Bu baxımdan o məbləğin azaldılması və ya vergiyə cəlb edilməsi heç bir halda məqsədəuyğun hesab olunmur. Digər tərəfdən, qlobal olaraq indi elektron sifarişlərin həcmində artımlar var. Yerli sahibkarlarımız da bu çağırışlara hazır olmalıdırlar. Sahibkarların rentabelliyi vətəndaşlar üçün müəyyənləşdirilən gömrük limitinin azaldılması hesabına deyil, öz xərclərini minimumlaşdırmaq və xalis rəqabətə hazır olmaq yolu ilə gücləndirilməlidir. Bu baxımdan vətəndaşlar üçün rüsumsuz aylıq 300 dolların gömrük limitinin dəyişdirilməsinə ehtiyac duyulmur. Sahibkarların rəqabət qabiliyyətini artırmaq üçün digər və daha innovativ mexanizmlərdən istifadə imkanları hər zaman mümkündür”.
Nigar HƏSƏNLİ,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ