Onlayn ictimai-siyasi qəzet
İrandan 9 kiloqram narkotik vasitəni Bolqarıstana aparmaq istəyən şəxs gömrükdə saxlanılıb. Ona qarşı ağır ittiham irəli sürülüb.
Musavat.com xəbər verir ki, İran vətəndaşı olan 51 yaşlı Ebarhımı Sadegh Naxçıvanda "Şahtaxtı" gömrük postunda saxlanılıb.
Onun idarə etdiyi SCANİA markalı yük maşınına baxış keçirilən zaman 9 kiloqram narkotik vasitə aşkar edilib.
E.Sadegh yük maşını ilə Bolqarıstana gedəcəkmiş.
Ona qarşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq, narkotik vasitədən istifadə və külli miqdarda narkotik vasitə əldə etmə, satma maddələri ilə ittiham irəli sürülüb.
E.Sadegh narkotik vasitə istifadəçisi olduğunu etiraf etsə də, maşından çıxan narkotikin ona məxsus olmadığını deyib.
“28 il müəllim işləmişəm. İşdən çıxandan sonra sürücü kimi işləməyə başladım. Əsasən öz maşınımı sürürdüm. Bir gün tanıdığım sürücülərdən Malik Qənbərli mənə zəng edərək sürücü lazım olduğunu dedi. Onun dediyi maşınla səfərə çıxacaqdım. Maşında narkotik olduğunu bilmirdim. Gömrükdə yoxlanış zamanı aşkar edildi”, - deyə təqsirləndirilən şəxs bildirib.
Gömrük əməkdaşları narkotik vasitəni yük maşınının salonunda, sürücünün oturacağının altında xüsusi hazırlanmış hissədə aşkar edib.
Məkəmə E.Sadeghi törətdiyi əməldə təqsirli bilib. Narkotikin özünə məxsus olmaması ilə bağlı dediyi fikirlər isə özünü müdafiə kimi qəbul edilib.
Məhkəmə E.Sadeghi 6 il azadlıqdan məhrum etməklə yanaşı, narkotik vasitədən məcburi müalicəyə göndərilməsinə də qərar verib.
İ.Muradov
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ