İnsanlara hürriyət, millətlərə istiqlal!

2024-ün ən dəyərli investisiyaları: qızıl və gümüş - proqnoz

Eldəniz Əmirov: “Bu, qiymətin enişinə səbəb olacaq, çünki...”

Məşhur “Varlı ata, kasıb ata” kitabının müəllifi Robert Kiyosaki deyib ki, 2024-cü ildə ən dəyərli investisiyalardan biri qızıl və gümüş olacaq. “Yeni Müsavat” xəbər verir ki, o, bu barədə “Rich Dad Radio” podkastının son buraxılışında bildirib.

Kiyosakinin fikrincə, qlobal iqtisadiyyatdakı qeyri-sabit vəziyyət qızıl və gümüşü həmişə yanınızda olacaq etibarlı əmanətə çevirir. “Qiymətli metallar - alıcıya ehtiyac duymayan sabit sərvətdir. Tarix bu aktivin etibarlılığını hər an göstərib”, - deyə podkastın qonağı Endi Şektman söyləyib. Kiyosaki əvvəllər dəfələrlə gümüşü “ən böyük sövdələşmə” adlandırıb və investorları onu almaq fürsətindən istifadə etməyə çağırıb. Mütəxəssislər həmçinin artan sənaye tələbi sayəsində gümüş üçün 2024-cü ilin güclü olacağını proqnozlaşdırırlar. 

Yeri gəlmişkən, qlobal bazarlarda ötən həftə 1 unsiya qızıl daha da bahalaşaraq 2150 dollara çatıb və rekord qırıb. Qızıl sonuncu dəfə 2023-cü il dekabrın 4-də 2135,39 dollar səviyyəsində rekord qırmışdı. FED-in faiz dərəcəsinin azaldacağı gözləntiləri, pərakəndə investorlar və qlobal mərkəzi banklar tərəfindən aktiv qızıl alışları, eləcə də yüksək geosiyasi gərginlik qızılın qiymətinin artmasına təkan verir. Qızılın bir unsiyasının spot qiyməti 2 155.71 ABŞ dollarıdır. Dünya birjalarında qızılın bahalaşması Azərbaycana da təsirsiz ötüşməyib. Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən, bir neçə gün əvvəl qızılın bir troy unsiyası 3 666.9 manat təşkil edib. Martın əvvəlindən bəri dünya birjalarında qızılın qiyməti artmağa başlayıb. Qızılın bahalaşaraq dünya birjalarında tarixi maksimuma yüksəlməsinin arxasında dayanan əsas faktor indiyə qədər antiinflyasiya tədbiri olaraq əsas mərkəzi bankların indiyə qədər yüksəltdiyi faizləri növbəti aylardan yavaş-yavaş endirəcəyi ilə bağlı ehtimallardır. Belə olan halda qızıl investorlar üçün cari durumda ehtiyat limanı kimi daha cəlbedici görünür və dollarla ölçülən qızılın məzənnəsi yüksəlmiş olur.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,51% azalaraq 2 150,50 ABŞ dollarına bərabər olub. Martın 18-nin birja məlumatlarına əsasən, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0.67% azalaraq 25,21 ABŞ dollarına bərabər olub. 

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

Eldəniz Əmirov

İqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, təbii olaraq qiymətli metallar böhran vəziyyətlərdə iqtisadi cəhətdən gələcəyin proqnozlaşdırılması mümkün olmayan hallarda qiymətli metalların dəyərində kəskin artımlar baş verəcək: “Hazırda o dövr yaşanır. Çünki gələcəklə bağlı qeyri-müəyyənlik ehtiyat kimi ən etibarlı saxlanc vasitəsi kimi məhz qızıla üstünlük verilir, o cümlədən də digər qiymətli metallara. Hazırkı dönəmdə gümüş ehtiyatlarını və mövcud bazarın tələblərini nəzərə alsaq, qiymətin artacağını gözləmirəm. Amma qızılda müəyyən artımlar ola bilər. Lakin qızıl belə deyildiyi qədər o qədər yüksək qiymətlərə qalxmayacaq. Əksinə, bir müddət sonra onların qiymətində müəyyən qədər enişlər olacaq. Çünki qızılın qiymətinin hazırkı artım dinamikası sabahla bağlı olan qeyri-müəyyənlikdir. Amma sabah olduğu zaman həmin böhranın deyildiyi kimi olmaması nəticədə həm qızılı təşkil edənlərin sayını artıracaq, həm də qızılın özünə də tələbatı artıracaq. Bu da qiymətin enişinə gətirib çıxaracaq”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR