İnsanlara hürriyət, millətlərə istiqlal!

2024 sülh ili olacaqmı... - mübahisə müharibədən yaxşıdır

COP29 ərəfəsində Ermənistanla Azərbaycanın ən azı çərçivə sənəd imzalaması gözlənilir; lakin kənar müdaxilələr və etiraz aksiyaları danışıqları ertələyə bilər

Azərbaycan və Ermənistan arasında ortaq sülh sənədi üzərində danışıqlar fasilələrlə də olsa, davam edir. Son olaraq iki ölkənin XİN başçısı - Ceyhun Bayramov və Ararat Mirzoyan Almatıda bir araya gələrək, konkret sənəd mətnini razılaşdırmağa çalışıblar. 

Həm Bakı, həm də İrəvan Almatı müzakirələrini konstruktiv adlandırıb. Bununla belə, sülh sənədinin nə vaxt imzalanacağı bəlli deyil. Ötən həftə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib ki, Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsi ilə bağlı müəyyən fikir ayrılıqları qalır, lakin sülh sənədinin mətninin razılaşdırılması istiqamətində işlər davam edir. Onun sözlərinə görə, Ermənistan münasibətlərin nizamlanması və sülh haqqında saziş imzalamağa və həyata keçirməyə hazırdır: “Azərbaycanın mövqeyinə gəlincə, əvvəllər dediyimiz kimi, hələ də bəzi fikir ayrılıqları var. Ümidvarıq ki, vahid mətnə nail ola biləcəyik, bu istiqamətdə işlər davam etdirilir. Hər görüşdə biz iki tərəfin mövqelərini bir-birinə yaxınlaşdırmağa çalışırıq”, - o bildirib.

Baş nazir Nikol Paşinyan isə bir daha bəyan edib ki, ölkənin yeni konstitusiyaya ehtiyacı var. Nikol öz xalqına müraciətində onu “real Ermənistan qurmağa” çağırıb. “Bizim qeyri-dövlət xalqından dövlət xalqına çevrilməli olduğumuz məqam konstitusiya referendumudur”, - Paşinyan qeyd edib. Nəhayət, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan keçən həftəsonu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellə telefon danışığı zamanı bildirib ki, Bakı ilə sülh sazişinin yekun layihəsində əldə olunmuş razılaşmaları birləşdirməklə Azərbaycanla yekun razılığa gəlmək mümkün olacaq.

Söhbət hansı razılaşmalardan gedir? İkinci yandan, Azərbaycan və Türkiyəyə ərazi iddialarının əks olunmayacağı yeni konstitusiyanı (referendumu) tezləşdirməyə Paşinyana nə mane olur? Baş nazir nədən ehtiyat edir? Yeni konstitusiya qəbul edilmədən Bakı hansısa sülh sənədinin imzalanmasına razı olarmı? Əlbəttə, daha 4 kəndimizin dinc yolla qaytarılması pozitiv hadisədir. Fikir ayrılıqları, mübahisə də, hər halda, müharibədən yaxşıdır. Ancaq müəyyən müddətdə. Ondan sonra gec ola bilər. Əsas hədəf - sülh sənədinin imzalanması olmalıdır. 

Onu da demək lazımdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda keçiriləcək COP29 konfransında iştirak edə bilər. Amma bu səfərə qədər həllini tapmalı məsələlər var. Ən azından Bakı ilə İrəvan çərçivə sazişi imzalamalıdır. Biz xatırlayırıq ki, hələ qış aylarında Böyük Britaniyanın baş naziri Ruşi Sunak sülh sənədi anonsu vermişdi. İlk dəfə bu fikir Sunakdan gəlmişdi - noyabradək sülh müqaviləsi imzalana bilər. Prezident İlham Əliyev COP29-la bağlı ADA-da keçirilən beynəlxalq forumda bildirmişdi ki, COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır. Daha sonra Ermənistanın baş nazirindən oxşar sözlər səslənmişdi. Tarixin məhz noyabr göstərilməsi isə BMT-nin İqlim Dəyişikliyi konfransı ilə əlaqələndirilir. Yəni Bakıda olacaq nəhəng tədbirə kimi iki dövlət sülh sazişi bağlamaqla dünyanın rəğbətini qazana bilər. Ardınca deputat Zahid Oruc parlamentin iclasında Paşinyanın Azərbaycana dəvət olunmasına çağırış etmişdi. Paşinyan Türkiyəyə də səfər edərək Ərdoğanın inaqurasiya mərasimində iştirak edib. İndi isə etimad mühiti yaranmaqdadır, ikitərəfli danışıqlarla sülh sazişinin mətni razılaşdırılır, Almatı, Tiflis, dövlət sərhədlərində görüşlər keçirilir, o zaman liderlərin də həm dövlət sərhədində görüşü mümkündür, həm də Paşinyanın Azərbaycana gəlişi...

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, çərçivə sənədinin imzalanması istisna deyil: “Qazağın kəndlərinin qaytarılması göstərdi ki, bu prosesi sürətləndirmək lazımdır. Lakin kənarda müdaxilələr var və istəkləri danışıqları dalana dirəməkdir. Biz izləməliyik ki, Paşinyan bu aksiyaları necə sabitləşdirəcək. Orada etiraz edənlər revanşist güclərdir və Azərbaycanla sülhün əleyhinə olan qüvvələrdir”, - deyə A.Əlizadə vurğuladı. Partiya sədrinin fikrincə, hadisələrin gedişatı yaxın zamanlarda bu formatda danışıqların aparılmasını və sülhə nail olunmasını ertələyə bilər: “Əgər Paşinyan prosesi yönləndirəcəksə, danışıqlarda irəliləyiş mümkündür. Amma deməzdim ki, belə tezliklə sülh müqaviləsi olacaq. Çünki fikir müxtəlifliyi mövcuddur, sadəcə, çərçivə sənədi mümkündür”. 

Almaniya, Fransa və Brüssel arasında geniş mübarizə gedir" - Aqşin Kərimov  News 365

Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimova görə, COP29 Bakı-İrəvan sülh proqramına alternativ yol göstərən istiqamət kimi simvolizə edilə bilər: “Düşünürəm ki, Azərbaycanla Ermənistan mötəbər beynəlxalq tədbirdə rəsmi İrəvanın da iştirakını təmin etmək üçün danışıqlar aparmaqda maraqlıdır. Çünki bu, qarşılıqlı etimad mühitini və sülh üzrə anlaşmanın narrativlərini asanlaşdıran platforma ola bilər. Qısası, COP29 sülh müqaviləsi layihəsini təşviq edir, amma ümumilikdə Azərbaycanla Ermənistanın bu il yekun sülh sazişi imzalayacağını proqnozlaşdıra bilmirəm”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR