İnsanlara hürriyət, millətlərə istiqlal!

15 ay əvvəl qıfıllanan səfirlik müəmması - Bakı tələsmir

Azərbaycan Tehrandakı səfirliyi açmaq  üçün İrandan hansı suallara cavab gözləyir?

Azərbaycanın İranda diplomatik fəaliyyətinin bərpası üçün hazırlıqlar görülüb. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib. O qeyd edib ki, sözügedən məsələ barədə hər iki tərəfin prezidentləri səviyyəsində danışıqlar aparılıb.

“Ümumi konsensus var ki, əməkdaşlığın digər sahələri, o cümlədən iki ölkə arasında iqtisadi, siyasi və diplomatik əməkdaşlıqlar da inkişaf edəcək və biz Azərbaycanın İran diplomatiyasının yeni fəallığının şahidi olacağıq”, - diplomat vurğulayıb.

Kənanın sözlərinə görə, Azərbaycanın diplomatik nümayəndə heyəti bir müddət əvvəl, ötən ilin sonlarında səfirliyin yenidən açılmasına hazırlıq üçün Tehrana səfər edib. O, İranın Azərbaycandakı səfirinin missiyasının başa çatması ilə bağlı suala cavab olaraq bildirib ki, hazırkı prosesə uyğun olaraq səfir seçimi inzibati qaydada həyata keçiriləcək.

Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.

Belə görünür ki, Tehran bu məsələdə tələssə də, Bakı son qərarı vermir. Bunun ən ümdə səbəbləri nə ola bilər?

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm)

Oqtay Qasımov 

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, 2020-ci ildə Ermənistanla Azərbaycan arasında 44 günlük müharibədən sonra Azərbaycan-İran münasibətləri heç də hamar olmadı. Bunun əsas günahkarı İrandır: "Çünki İran məhz 44 günlük müharibədən sonra Azərbaycan sərhədlərində dəfələrlə hərbi təlimlər keçirərək Azərbaycanı təhdid etdi, hədələdi, eyni zamanda Qarabağda qalan separatçı quldur rejimə bu və ya digər formada dəstək verdi, o cümlədən onları yanacaq, ərzaq və digər bu kimi məhsullarla təmin etməklə yanaşı özünün hərbi təlimçilərini də separatçıların nəzarətində olan əraziyə göndərdi. Həmçinin İran bu müddətdə Ermənistana bütün formatlarda dəstəyini əsirgəmədi. Azərbaycanla münasibətlərin kəskinliyinin dozası da, təbii, zaman-zaman artdı və kulminasiya nöqtəsi Azərbaycanın Tehrandakı səfirliyinə terror aktı, bunun ardınca Azərbaycan Milli Məclisinin üzvü Fazil Mustafaya sui-qəsd cəhdi oldu ki, bu da Azərbaycan-İran münasibətlərinə çox ağır zərbə vurdu. Keçən ilin yayından isə münasibətlər nisbətən normallaşmağa başladı və İran rəsmilərinin Azərbaycana səfəri, o cümlədən İran baş prokurorluğunun nümayəndə heyətinin Azərbaycana səfər edərək səfirliyimizə qarşı törədilən terror aktının istintaq araşdırmaları haqqında bilgilər verməsi pozitiv addımlar sayıldı. Baxmayaraq ki, Azərbaycan ilk gündən səfirliyə qarşı törədilən terrorun sifarişçi və təşkilatçılarının aşkara çıxarılması və onların haqq etdiyi cəza ilə cəzalandırılmasını istəyirdi. İran tərəfindən verilən məlumatlara görə, terroru həyata keçirən şəxs haqqında məhkəmənin edam hökmü var. Bunların nə qədər həqiqətə uyğun olduğunu söyləmək çətindir. Bütün hallarda İranla Azərbaycan arasında bir çox məsələlər hələ də həll edilməmiş qalır. Xüsusilə də nəzərə alsaq ki, İranın Ermənistanla artan və genişlənən əməkdaşlığı, bunun hərbi və təhlükəsizlik sahələrini əhatə etməsi, İranın Zəngəzurda konsulluq açması və Azərbaycanın maraqlarına zidd fəaliyyət göstərməsi ciddi suallar yaradır. Bu sualların cavabı verilməyənə qədər təbii ki, Azərbaycan-İran münasibətlərinin tam şəkildə qaydaya düşdüyünü söyləmək çətin olar. İran istəyir ki, Azərbaycan bu sualları ona ünvanlamasın və olanlar unudulsun. Lakin gələcəkdə əlavə problemlərin meydana gəlməməsi üçün Azərbaycanın mövqeyi daha düzgündür”.

Politoloq xatırlatdı ki, Azərbaycanla İran arasında Zəngəzur dəhlizinə paralel İran ərazisindən alternativ kommunikasiya xəttinin çəkilməsi ilə bağlı razılaşma oldu və bu layihə icra edilməkdədir: “Bu müsbət bir tendensiyadır. Amma bütün hallarda İran Zəngəzur dəhlizinin açılmasında və Azərbaycanla Ermənistan arasında münasibətlərin tam şəkildə həll olunmasında maraqlı deyil. Zəngəzur dəhlizinin açılmasına əsas əngəl törədən dövlət rolunda İran çıxış etməkdədir. İranın bir tərəfdən bu cür davranmağa davam etməsi, o biri tərəfdən səfirliyinin fəaliyyətinin bərpa olunmasını istəməsi də ziddiyyət təşkil edir. Tehran bu ziddiyyətli vəziyyəti də aradan qaldıran addımlar atmalıdır ki, məsələ müsbət həllini tapsın. İndiki vəziyyətdə isə Bakının Tehrandakı səfirliyimizi açmaqda tələsməməsi və səbirli davranması tamamilə doğrudur”.

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - Turkic World

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov da bildirdi ki, Azərbaycanla İran arasında münasibətlərin soyuqlaşmasının əsas səbəbkarı Tehrandır və səfirliyimizə edilən qanlı terror hücumundan sonra Azərbaycan öz diplomatik nümayəndəliyinin Tehranda fəaliyyətini haqlı olaraq dayandırdı: “Çünki biz diplomatlarımızın və onların ailə üzvlərinin təhlükəsizliyini qorumalıydıq. Eyni zamanda terror aktının təşkilatçıları, icraçıları məsuliyyətə cəlb olunmalı idi. Baxmayaraq ki, terrorçu Yasin Hüseynzadəyə edam hökmü çıxarılıb, lakin hökmün həyata keçirilməsi hələ baş verməyib. Bütün bunlar onu deməyə əsas verir ki, münasibətlərin yaxşılaşması üçün İranın atmalı olduğu addımlar var. Səfirliyimizin bərpa olunacağına dair informasiyalar mövcuddur. Bu münasibətlərin daha da normallaşmasına, ən azından əvvəlki səviyyəyə qaytarılmasına dair cəhd ola bilər. Amma bunun üçün rəsmi Bakının haqlı tələblərinin yerinə yetirilməsinə ehtiyac var. 1961-ci il Vyana Konvensiyasının tələbləri yerinə yetirilməli və səfirliyin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunmalıdır. Bu konvensiyanın bütün tələbləri icra olunmayana qədər Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası müəyyən suallara səbəb ola bilər. Biz heç istəmirik ki, bir daha səfirliyimizə qarşı təhlükə yaradan qanunsuz hallar, terror aktları baş versin. Ona görə də düşünürəm ki, səfirliyimizin fəaliyyətinin bərpa olunması və Azərbaycana İranın yeni səfirinin təyin olunması münasibətlərin yaxşılaşdırılması üçün əlverişli zəmin formalaşdıra bilər”.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR