Onlayn ictimai-siyasi qəzet
Yunanıstanın Santorini adasında güclü seysmik aktivlik müşahidə edilir. Fevralın 1-dən 10-dək burada 12 800-dən çox yeraltı təkan qeydə alınıb. Onlardan ən güclüsünün maqnitudası 5,3 olub.
Musavat.com xəbər verir ki, bu barədə "The Watchers" nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, Yunanıstanın Qırmızı Xaç Cəmiyyəti zərər çəkmiş bölgənin sakinlərinə yardım göstərmək üçün xilasetmə qrupları, sosial işçilər və psixoloqlar göndərib. Əsas diqqət yaşlı insanlar, xroniki xəstəlikləri olan şəxslər və davamlı yeraltı təkanlardan stress yaşayan uşaqlara psixoloji dəstəyin göstərilməsinə yönəlib.
Yunan seysmoloqu Akis Tselentis bildirir ki, hazırkı seysmik aktivlik bir neçə ay davam edə bilər. Oxşar vəziyyət daha əvvəl Krit adasında da müşahidə edilib. Orada 6,0 maqnitudalı zəlzələdən əvvəl dörd ay ərzində davamlı yeraltı təkanlar qeydə alınıb.
Alimlər hesab edirlər ki, bu zəlzələlər Santorinidən 6,5 km uzaqlıqda yerləşən Kolumbos sualtı vulkanı ilə əlaqəli ola bilər. 1650-ci ildə Kolumbos vulkanının püskürməsi nəticəsində piroklastik axınlar, sunami və qaz tullantıları səbəbindən böyük dağıntılar və insan tələfatı qeydə alınıb.
Son zəlzələlərin Santorini adasında çoxsaylı torpaq sürüşmələrinə səbəb olduğu bildirilir.
Türkiyəli professor Şenol Hakan Kutoğlu xəbərdarlıq edib ki, Egey dənizində 8,0 maqnitudalı zəlzələ Türkiyə sahillərində 3-5 metr hündürlüyündə sunami dalğaları yarada bilər. Bu səbəbdən Türkiyə hökuməti İzmir, Aydın və Muğlada mobil sirenlər quraşdırıb, vətəndaşları mümkün sunami təhlükəsi barədə xəbərdar etmək üçün SMS bildiriş sistemini aktivləşdirib.
Qeyd edə ki, Santorinidə seysmik aktivlik artmaqda davam edir. Potensial təhlükə səbəbindən minlərlə turist və yerli sakin Santorini adasını tərk edib. Təkcə Santorinidə deyil, ətraf adalarda da məktəblər bağlanıb.
Seysmoloqların fikrincə, intensiv yeraltı təkanlar bir neçə həftə ərzində zəifləyə bilər.
Egey dənizindəki zəlzələlər təkcə Türkiyədə deyil, İsraildə də sunami təhlükəsi yarada bilər. İsrailin fövqəladə xidmətlərinə mümkün dalğaya qarşı hazırlıq görmək tapşırılıb.
İqbal,
Musavat.com
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ